Yuxarı

Laçın postunu İrəvan Bakıya “ötürdü” – Məqsəd…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton görüşü ABŞ-ın Bakı-İrəvan xəttində sülh sazişi təşəbbüsünü ələ aldığını göstərir və diplomatik mənbələrə istinadən yayılan məlumatlar tərəflərin “yol xəritəsi” üzərində müzakirələr apardığı, razılaşmalar olarsa, yaxın dövrdə liderlər səviyyəsində müqavilənin imzalanacağı yönündədir.

Nə baş verir, sülh sazişi yaxın dövrdə mümkündürmü?

Vaşinqton görüşü də daxil olmaqla, baş verənlərə Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması, xüsusilə Bakının bu gedişinin arxa planı fonunda baxmaq lazımdır.

Azərbaycan Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulmasını daim gündəmdə saxlayırdı, lakin rusların qarşı çıxması Bakını eyni nəticəyə hesablanmış taktiki dəyişikliyə vadar etdi: “Laçın yolunda nəzarət-keçid məntəqəsi” yox, “Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin başlanğıcında nəzarət-keçid məntəqəsinin” qurulması;

Bunun iki hədəfi var idi: Qarabağdan Ermənistana gedən əsas və əlavə yolların hamısının birləşdiyi nöqtəni bağlamaq; yolun sülhməramlıların dayandığı nöqtəsində yox, sərhəddə nəzarətə götürülməsi ilə rus maneəsini aşmaq.

Lakin bunun üçün Rusiyanı fakt qarşısında qoyacaq şərtlər yetişməli idi. Proseslər göstərirdi ki, Qarabağda separatçıların qanunsuz fəaliyyəti bu şərtlər üçün yetərli deyil və məhz bu məqamda İrəvanın Laçın yolunun Ermənistan sərhədinin başlanğıcında sərhəd-keçid məntəqəsi qurması məsələsi ortaya çıxdı, Azərbaycan dərhal adekvat addım atdı.

Ermənistan Qarabağ iddiasında nəfəslik kimi gördüyü “Laçın dəhlizi”nin girişinə niyə post qurdu?

Əslində prosesləri anlamaqda bu məqam xüsusilə önəmlidir, belə demək mümkünsə, İrəvan Bakıya “pas ötürdü” və bu “pas”ın təşəbbüskarı da ABŞ-dır.

Ermənistan Zəngəzur dəhlizinə, ABŞ regiona oynayır: sülh sazişi məsələsində Qərb və Ermənistanın birləşdiyi əsas nöqtə Zəngəzur dəhlizidir; İrəvan Ermənistan ərazisində “maneəsiz keçid” verməkdən imtina edir və “suveren hüquq” prinsipindən yanaşır; ABŞ Laçın yoluna nəzarət edən Rusiyanın Zəngəzur dəhlizinə də nəzarətinə qarşıdır.

Bu kontekstdə Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması İrəvana da, Vaşinqtona da sərfəli görünür: kommunkasiyanın açılması prosesində Ermənistan Zəngəzur dəhlizində eyni rejimi tətbiq etməsi imkanı əldə edir; ABŞ Rusiyanın hər iki yolda – Laçın və Zəngəzurda nəzarəti itirməsi, ümumilikdə bölgədə təsir rıçaqlarının azalmasına nail olur.

Laçın yolu ilə bağlı İrəvandan Bakıya ötürülən “pas” buna hesablanmışdı. Və beləliklə, Qərb masasında müzakirə edilən sülh sazişinin önündəki ciddi maneənin aradan qaldırıldığını, yaxın dövrdə mümkün sazişin imzalanması ehtimalının önə çıxdığını hesab etmək olar.

Hərçənd, iki əngəlin proseslərin inkişafına təsir etməsi gözləntisi də var.

Birincisi, Bakı və İrəvanın müəyyən məsələlərə yanaşmasıdır:

- Ermənistan Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyi” üzərindən iddialarını davam etdirməsi;

ABŞ Bakı və erməni əhalisi arasında təmasların qurulmasından yanadır, amma erməni əhalisinin “təmsilçilərinin” kimin olacağı – separatçılar, yoxsa mülki ermənilər – məsələsi açıq olaraq qalmaqdadır. Bakı Xocalı görüşündən sonra separatçılarla erməni əhalisinin eyni olmadığını nümayiş etdirmək istiqamətində müəyyən addımlar atsa da, İrəvan onların “təmsilçi” – “tərəf” olmasına, bununla da “hüquqi münaqişə” məsələsini aktual saxlamağa çalışır.

Laçın yolunda postun qurulması ilə İrəvanın yaratdığı bu risk böyük ölçüdə neytrallaşdırıldı. Vaşinqton görüşündən öncə erməni əhalisinin pasportlarının postda heç bir problem olmadan yoxlanıldığına dair görüntülərin yayılması da Bakının “mülki əhali ilə birgəyaşayışın mümkün olduğunun” və “suveren ərazilərimizdə başqa planlara imkan verilməyəcəyinin” mesajı idi.

- Qarabağdakı erməni silahlı dəstələrinin çıxarılması;

10 noyabr razılaşmasında əksini tapan bu öhdəlik Ermənistan tərəfindən icra edilmir və İrəvan iddia edir ki, “Azərbaycan ərazisində erməni hərbçisi qalmayıb”, silahlılar separatçıların qondarma “müdafiə qoşunudur”.

- Delimitasiya prosesində Qazaxın 7 kəndi və Kərki kəndinin taleyinin həll edilməsi;

Vaşinqtonda müzakirə edilən “yol xəritəsi”nə Bakı tərəfindən bunun daxil edildiyi istisna deyil, məsələ Brüssel qarşısında da qaldırılıb. Paşinyan hakimiyyətinin razılaşacağı ehtimalı isə böyük deyil, bu baxımdan, bunun problemə çevriləcəyi gözləniləndir.

Bu məsələlər sülh sazişi müzakirələrində mübahisəli məqamlardır. Və mümkündür ki, Azərbaycan erməni qoşunlarının çıxarılması, separatçıların neytrallaşdırılması və anklavlar məsələsini “yol xəritəsi”nin müzakirəsi gedişində praktiki addımlarla həll etsin.

İkincisi, Rusiya ABŞ-ın təşəbbüsü qarşısında nələr edə bilər?

Moskva Vaşinqtondan sonra nazirlərin görüşünü təşkil etmək niyyətindədir. Rusiyanın təsiri nə qədər zəifləsə də, “sülhməramlı” timsalında Qarabağda mövcudluğu separatçılığın ləğvi, reinteqrasiya prosesi və erməni silahlı dəstələrinin çıxarılması kimi rıçaqları əlində saxlamaq imkanı verir və bundan Bakıya qarşı istifadə edə bilər. O cümlədən, 44 günlük müharibədən sonra Qazaxın anklav ərazisində rus qoşunlarının yerləşdirilməsi delimitasiya prosesinə müdaxilə imkanını da yaradır.

Lakin üçtərəfli razılaşmaların işləmədiyi, Laçın yoluna postun qurulması ilə de-fakto sazişin arxa plana keçməsi və bunun Qərbin bölgədə önə çıxmasına şərait yaratması fonunda Moskva “korrekt gedişi” edə bilər: Qarabağda Azərbaycanın hakimiyyətini tanıya, Zəngəzur dəhlizində İrəvanın istəklərinə uyğun ortaq nöqtələrin tapılması ilə bağlı təkliflər verə bilər;

Lavrovun sonuncu Ankara səfərində Qarabağ məsələsini müzakirə etməsi də rusların bölgədə müharibədən sonrakı situasiyanı – Türkiyə-Rusiya tandemini – yenidən aktuallaşdırmaq istəyindən xəbər verirdi. Və bütün bunların fonunda Çin amilinin geosiyasi mənzərədə aktivləşməsi proseslərin inkişafına təsir edə biləcək amildir.

Tarix
2023.05.02 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla