Ana səhifə Gündəm |
1 iyun tarixində 47 ölkənin iştirakı ilə Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Birliyinin iclası keçiriləcək. Bu iclasda Fransa Prezidenti makron və Almaniya kansleri Şoltsun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş gözlənilir.
Hazırda liderlər arasında keçirilən görüşdə sülh sazişinin imzalanması ehtimalının nə qədər olması müzakirə edilir.
Uzun illər ərzində bir-birinə qarşı dərin düşmənçilik hissləri, nifrət içində yaşayan və 2 müharibə aparan dövlətlərin arasında sülh müqaviləsinin imzalanması birmənalı olaraq tarixi hadisə hesab olunacaq. Amma buna baxmayaraq, sülh müqaviləsinin imzalanması hələ də dayanıqlı sülh hesab olunmayacaq. Bu məsələdə çox maraqlı düstur mövcuddur.
Həm Azərbaycan, həm Ermənistan, həm də regionun bütövlükdə inkişafı üçün sabitlik fundamental şərtdir. Yəni yekun hədəf, məqsəd Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün bərqərar olunmasıdır. Dayanıqlı sülh öz növbəsində sülh müqaviləsinin əsasında qurulmağa başlayacaq. Sülh müqaviləsinin hələlik hazırlanması və gələcəkdə imzlanması isə ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında baş verəcək.
Gördüyünüz kimi, hazırda biz 1-ci mərhələni keçmişik, ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsi həllini tapdı, bu, həqiqətən fundamental və çox mühüm prinsipdir. Biz başlamışıq və geriyə yol yoxdur. Bu çox böyük uğurdur, amma reallıq hissini də itirmək olmaz, tarixi prosesə başlamaq işıq sürətilə bütün mərhələləri keçmək demək deyil. Azərbaycan və Ermənistan arasında hələ də fikir ayrılıqları mövcuddur, hazırda heç sülh müqaviləsinin mətni də hazır deyil, bu istiqamətdə işlər gedir, mütəmadi fərqli səviyyələrdə görüşlər keçirilir. Bunları nəzərə alaraq 1 iyunda Kişinyovda sülh müqaviləsinin imzalanması mümkün görünmür, amma birgə bəyanatın verilməsi ehtimalı yüksəkdir. Abstrakt müqayisə etmək olar: hər görüş sülhü 1, hər birgə bəyanat isə 3 addım yaxınlaşdırır...
Heç şübhəsiz ki, zamanla Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi də bağlanacaq, regionda da dayanıqlı sülh bərqərar olunacaq.
Tarix
2023.05.27 / 09:09
|
Müəllif
Kamran Cəfərov
|