"Azərbaycan Qarabağda uğur qazanmayacaq"
Son günlər Qafqazda vəziyyət yenidən gərginləşib.
Cəbhənin təmas xəttində ermənilərin aktivləşməsi yeni müharibə
təhlükəsi ilə bağlı açıqlamaların yayılmasına səbəb olurdu.
Üstəlik, Ukraynada vəziyyətin gərginləşməsi və hər iki narahatlığın
arxasında Rusiya amilinin dayanması ehtimalı rusiyalı politoloq
Qriqori Trofimçuka müraciət etməyimizə səbəb oldu.
Beləliklə, rus politoloq Qriqori Trofimçuk "Axar.az"ın
suallarını cavablandırır.
Radikal şəkildə nifrət
- Son günlər Ermənistanla Azərbaycan arasında vəziyyət
gərginləşib. Bu situasiyanın müharibəyə qədər gəlib çatdığı güman
edilir. Sizcə, hazırkı şəraitdə müharibənin başlaması nə qədər real
görünür?
- Azərbaycanla Ermənistan arasında konflikt uzun illər əvvəl
dondurulub, yəni həll olunmayıb. Elə buna görə də tərəflər arasında
savaş istənilən zaman başlaya bilər. Bu boksdakı kimidir: referi
bokçuları ayırır, onlar rinqin bir tərəfinə çəkilir, qollarını
boşaldır və istənilən vədə bir-birinə hücum etməyə hazır olurlar.
Bir tərəfdən də Bakı heç vaxt Qarabağ probleminin güc yolu ilə
həllini istisna etməyib. Ermənilər və azərbaycanlılar kütləvi
informasiya vasitələrində açıq savaş aparırlar və bu müharibə bir
dəqiqə belə dayanmır. Bu elə xalqlar cütlüyüdür ki, bir-birinə
radikal şəkildə nifrət edirlər. Dünyada başqa bu qədər nifrətin
olduğu ikinci bir yeri görə bilməzsiniz. Hətta ermənilər və
türklər, şimali və cənubi kiprlilər arasında bu qədər nifrət
müşahidə etmək olmaz. Bunların hamısı kifayətdir ki, növbəti
proqnozu verə bilərsən.
Müharibənin başlanması kimin və nə vaxt sərhədi keçməsindən
asılıdır. Böyük ehtimalla bu nə Bakı, nə İrəvan, nə də Moskva üçün
sərfəlidir. Mənə elə gəlir ki, müharibə kiçik insidentlə
başlayacaq. Hansı ki, burada Qərbin heç bir günahı olmayacaq. Amma
Qərb alovlanmış situasiyaya mütləq müdaxilə edəcək və özü də bunu
idarə etməyə başlayacaq. Liviyada belə olub, Ukraynada belədir,
Qarabağda da belə olacaq. Qlobal gərginlik və qeyri-stabillik
getdikcə Qarabağa daha çox yaxınlaşır. Təkcə bu fakt artıq xoş
olmayan proqnozların verilməsinə şərait yaradır.
Azərbaycanın ordusu yaxşıdır, sadəcə...
- Müsahibələrinizin birində Qarabağın Azərbaycanın
tərkibinə qaytarılmayacağını bildirmişdiniz. Ümumiyyətlə,
Azərbaycan konfliktdən uğur gözləyə bilərmi?
- Azərbaycana Qarabağ konfliktində uğur yoxdur. Ona görə yox ki,
onun pis ordusu var. Əksinə, Azərbaycanın ordusu yaxşıdır və müasir
tələblərlə qurulur. Sadəcə olaraq insanlıq tarixində hələ heç vaxt
böyük dövlətdən ayrılmış və ona məxsus olan parçanın geri
qaytarılması müşahidə olunmayıb. Bir tərəfdən də Sovet İttifaqı
əslində tam məhv olmayıb və bu gün Ukraynadakı hadisələr bizə bunu
sübut edir. Hazırkı məqamda postsovet ölkələri qarşısında duran
əsas məsələ əllərində olanı qorumaqdır. Güclü ordu Azərbaycana məhz
belə işlərə görə gərəkli olacaq. Mən artıq demirəm ki, ABŞ və
NATO-ya sovetlərin bir parçasını gücləndirmək və daha sonra
axmaqcasına həmin dövlətlə problemi həll etmək sərfəli deyil. Qərb
Rusiyaya qarşı olan bütün torpaqları birləşdirmək görüntüsü
yaradır, amma siz başa düşməlisiniz ki, bu addım nə üçün atılır.
Qərb təkcə özlərinin tarixi partnyorları ilə reinteqrasiyaya gedir.
Məsələn, Almaniya kimi ölkələrlə. Amma artıq Çexslovakiya iki yerə
parçalanıb. Keçmiş sovet respublikalarından bu mənada danışmaq
ümumiyyətlə gülməlidir. Onların hər birində nə qədər çox ayrı,
separat bölgələr olsa, bir o qədər də dünya güc mərkəzləri üçün də
sərfəli olacaq. Azərbaycan SSRİ-nin tərkibində olan zaman böyük və
bölünməz idi. Azərbaycan onu parçalayıb, zəiflətməkdən ötrü
müharibəyə itələyəni diqqətlə izləməlidir. Amma talışları və öz
saatını gözləyən digər prosesləri də yadınızdan çıxarmayın.
Özünüzü məhv edənə qədər
- Qafqazdan olan politoloqlar Qarabağ konfliktində daha
çox Rusiyanı günahkar sayırlar. Ermənistan və Azərbaycan bu
konflikti Rusiyanın ucbatındanmı həll edə bilmir?
- Gəlin təsəvvür edək ki, Rusiya bu regiondan gedib. Azərbaycan
və Ermənistan bu gedişdən dərhal sonra bir-birini məhv edərlər. Axı
Ermənistan ordusunu Rusiyanın köməyi olmadan belə, yox saymaq üçün
heç bir əsas yoxdur. Və məsələ yalnız hərbi texnikanın keyfiyyət
səviyyəsində deyil. Məsələ ondadır ki, azərbaycanlılar və ermənilər
praktiki olaraq eyni əhval ruhiyyə ilə müharibəyə kökləniblər.
İstənilən müharibədə isə əsgərin psixoloji hazırlığı əsas faktora
çevrilir. Buna görə də siz qarşılıqlı olaraq özünüzü məhv edənə
qədər bir-birinizi parçalara böləcəksiniz. Və bunu sübut etməkdən
ötrü heç bir eksperiment keçirmək lazım deyil. Əgər erməniləri heç
nə maraqlandırmasaydı, əgər onlar Azərbaycan mətbuatına barmaqarası
yanaşsaydı, onda siz torpaqlarınızı geri qaytarmaqdan ötrü bütün
şansalara sahib olardınız. Amma ermənilər yatmırlar.
Türkiyə Azərbaycanın özünə qarşı dayanmasından
qorxur
- Bəs Türkiyə necə? Onun hadisələrin gedişinə müdaxilə
etmək şansı hələ də qalırmı?
- Türkiyə çoxdan kömək edə bilərdi, amma Avropa İttifaqı və
ABŞ-la problemləri buna imkan vermir. Türkiyə başa düşür ki, onun
qərb dünyasında mövqeyi çox zəifdir və məhz buna görə də onu
"avropalı xalqlar ailəsinə" götürmürlər. Amma Türkiyə qərb
dünyasının bir hissəsi olsaydı, artıq çoxdan Azərbaycan adlı
qardaşına kömək etmişdi.
Ankaraya bu dəqiqə heç kim zəmanət vermir ki, İran və Suriyadan
sonra ABŞ kürd məsələsi və digər problemlərlə Türkiyəyə tələ
hazırlamayacaq. Buna görə də Türkiyə Azərbaycanın güclənməsinə
kömək etmək məsələsində qərara gələ bilmir. Qorxur ki, Qərb özünə
sərf edəcəyi halda tez və ya gec güclənmiş ölkəni Türkiyəyə qarşı
çevirə bilər. Türkiyə heç də Azərbaycanın mövqeyini Qarabağ
məsələsində birmənalı dəstəkləmir. Sadəcə sözlərdə, ondan o yanası
isə yoxdur.
Ukrayna parçalanacaq
- Rusiya Ukraynadakı hadisələrdə də günahkar bilinir.
Maraqlıdır, Ukrayna ilə bağlı hansı proqnozu verə
bilərsiniz?
- ABŞ və Avropa İttifaqı Ukrayna hakimiyyətinin
qeyri-professionallığından istifadə edərək yalanları ilə ölkə
daxilində alovu sürətləndirdi. Əgər hadisələr belə cərəyan edərsə,
Ukrayna iki hissəyə qərb və şərq bölgələrinə bölünəcək. Ukrayna
yenə eyni tarixlə qarşı-qarşıya qala bilər. Bu torpaqların tarixi
onsuz da belə olub – hər kəs bir-biri ilə savaşıb. Ukrayna bu
parçalanmaya doğru çox iti addımlarla irəliləyir.
Rusiyanın miqrantlarsız yaşayışı mümkün
deyil
- Bəs Rusiyadakı miqrantların taleyi necə
olacaq?
- Miqrantlarla bağlı problem Rusiyaya onların axınının dayandığı
vaxt bitəcək. Rusiya o zaman anlayacaq ki, bu onun üçün necə
nəticələnə bilər. Daha sonra o işçi qüvvəsini xaricdən pulla almaq,
ya da müxtəlif reklamlar vasitəsilə xarici işçiləri cəlb etmək
məcburiyyətində qalacaq.
Başqa bir problem isə rusların özlərinin artıq prestiji olmayan
yerlərdə çalışmaq istəməməsidir. Prinsipcə işləmək istəmirlər.
Fəhlə, əmək adamı peşələri çox təəssüf ki, ictimaiyyətin diqqətində
olmayan şeylərdir. Bununla bərabər Rusiyada doğum göstəriciləri çox
aşağıdır.
Bütün bunlar göstərir ki, Rusiyanın miqrantlarsız yaşayışı
mümkün deyil. Miqrantın maaşı yaxşı olsa o, Arktikada da işləyər.
Amma indiki zamanda onlardan yalnız cərimə edib pul qoparmağa
öyrəşiblər. Ona görə də hamı Moskvaya gəlir. Bu da problem
yaradır.