Ana səhifə Gündəm |
Biz çalışırıq ki, Ermənistan Rusiyaya qarşı bizim partnyorumuz olmaqla bağlı real qərar qəbul etsin.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyətlə bağlı dinləmələr zamanı senator Pat Rikettsin sualına cavab verərkən deyib.
“SSRİ-nin dağılmasından sonra Ermənistan Rusiyanın təhlükəsizlik sahəsində mühüm tərəfdaşına çevrildi, burada Rusiyanın hərbi bazası yerləşir. Ermənistan KTMT-nin də üzvüdür və əsasən Rusiyanın Dağlıq Qarabağın təhlükəsizliyində oynadığı rola görə Rusiya ilə münasibətlərinə böyük önəm verir. Lakin Rusiyanın 2020-ci il münaqişəsinə qarışmaq istəmədiyini nəzərə alsaq, Ermənistanın Rusiya ilə uzunmüddətli tərəfdaşlığına şübhə etməyə başladığı və Qərbə meyil etdiyi görünür. Bu ayın əvvəlində Ermənistanın baş naziri bildirib ki, Rusiyaya olan ümidlər tam olaraq özünü doğrultmur. Məsələ ondadır ki, Rusiyanın öz ordusunu silahlandırmaq problemi var. Ermənistanın baş nazirinin sözlərinə görə, təhlükəsizlik məsələlərində bir tərəfdaşa güvənmək strateji səhvdir. Bundan sonra Ermənistan ilk dəfə olaraq Ukraynaya humanitar yardım göndərdi. Bu həftə Ermənistanda erməni-amerikan hərbi təlimləri başlayıb. Bu, Kreml üçün açıq-aşkar və həyəcanverici dəyişiklikdir. Ermənistanın son hərəkətləri Rusiyadan daimi dönüşüdürmü? Yoxsa Moskvanı Dağlıq Qarabağa daha çox qarışmağa sövq etməyə çalışır?” - Riketts soruşub.
Buna cavab olaraq Kim deyib:
“2022-ci ilin fevralından sonra Rusiya ilə qonşu olan bütün ölkələr “gözləri açıq yatırlar”, bu təbiidir. Hər kəs Rusiyanın qonşularının suverenliyinə və ərazi bütövlüyünə sayğısızlığının belə açıq təzahürünü görür və rus qoşunlarının öz ölkələrinin ərazilərinə dəvət edilməsi, torpaqlarında rus hərbi mövcudluğuna icazə verilməsi və yeganə enerji təchizatçısı kimi Rusiyaya güvənmək məsələsinə şübhə etməyə başlayır.
Bu, bizə bu ölkələrlə əlaqələri inkişaf etdirmək imkanı verir. Qoşunlarımız ilk dəfə ikitərəfli təlimlər keçirmək üçün Ermənistandadır və biz bu vəziyyətdən istifadə etməyə davam edəcəyik”.
Sualına cavab almayan Riketts növbəti dəfə soruşub: “Ermənistan Rusiyanı Dağlıq Qarabağda fəallaşmağa sövq etmək istəyir, yoxsa doğrudan da Rusiyadan qopmaq istəyir?”
“Bu barədə danışmaq hələ tezdir. Amma bu o demək deyil ki, biz vəziyyəti istədiyimiz nöqtəyə çatdırmağa çalışmamalıyıq. Və bu baxış bizim tərəfdaşımız olmaq üçün real qərardır. Ancaq buna nail olmaq üçün biz orada olmalıyıq. Ona görə də bizim Ermənistana dəstəyimiz və Ermənistanla tərəfdaşlığımız vacibdir”, - deyə Dövlət Departamentinin sözçüsü cavab verib.
“Ermənistanın iqtisadi, hərbi və digər aspektlərdə Rusiyadan asılılığını nəzərə alsaq, Ermənistanın Qərbə doğru hərəkətini davam etdirəcəyi təqdirdə Rusiyanın məcburetmə tədbirlərinə əl atacağı ilə bağlı hər hansı narahatlıq varmı?” - senator sual edib.
“Putin və Rusiya sübut etdi ki, onların iradəsinə tabe olmayan hər kəsə qarşı çox qisascıldırlar. Bəli, biz bu məsələdə çox ayıq-sayığıq. Biz hadisələri diqqətlə izləməli, Ermənistana həm onun inkişafı, həm də müdafiə və təhlükəsizlik sahəsində məqbul olan dəstəyi artırmalıyıq ki, Ermənistan istədiyi dönüşü etsin”, - diplomat bildirib.
Tarix
2023.09.15 / 08:00
|
Müəllif
Axar.az
|