4 noyabrda Azərbaycan Respublikasının səfirliyinin təşkilatçılığı ilə Buxarestdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rumıniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Rumıniya hökumət qurumlarının təmsilçiləri, Rumıniya parlamentinin senatorları və deptatları, ictimai xadimlər, KİV nümayəndələri, Rumıniyada yaşayan azərbaycanlılar, bu ölkədə rəsmi səfərdə olan Azərbaycan media dövlət qurumlarının rəhbərləri iştirak edib.
Axar.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının və Rumıniyanın dövlət himnləri səsləndirilib.
Tədbiri Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov açaraq, Zəfər Gününün Azərbaycan xalqının milli qürur və iftixar günü olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edib, ölkənin ərazi bütövlüyünü təmin edib.
O həmçinin 8 avqustda Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sülh deklarasiyasının bütün regionun inkişafı və rifahı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qüdsi Osmanov qeyd edib ki, bu sənəd Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq üçün yeni mərhələnin əsasını qoyub.
Rumıniya hökuməti adından Rumıniya Baş nazirinin müavini, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun Rumıniya tərəfindən həmsdəri, deputat Marian Neakşu çıxış edib. O, Azərbaycan xalqını Zəfər Günü ilə təbrik edərək, Cənubi Qafqazda sülhün bərqərar olmasını regionda beynəlxalq iqtisadi, nəqliyyat və enerji layihələrin həyata keçirilməsi üçün vacib amil adlandırıb. Marian Neakşu vurğulayıb ki, Rumıniya Azərbaycanı regionda sabitlik və inkişafın təmin olunmasında mühüm tərəfdaş hesab edir və bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək.
Daha sonra Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, Azərbaycanın 2020-ci ildə əldə etdiyi tarixi qələbə türk dünyasının birliyini və qardaşlığını daha da möhkəmləndirib. “Azərbaycanın Zəfəri bütün türk dövlətləri üçün qürur mənbəyidir. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da dost və qardaş ölkə kimi onunla həmrəyliyini davam etdirəcək”, - deyə səfir vurğulayıb.
Ardınca Rumıniya müsəlman icmasının müftisi Yusuf Murat çıxış edərək Azərbaycan xalqını bu tarixi gün münasibətilə təbrik edib. O vurğulayıb ki, bütün müsəlman dünyası Azərbaycan ilə Ermənistan arasında uzun illər sürən mübarizənin sülh və sabitlik ilə nəticələnməsini alqışlayır. Müfti regiona sülhün, təhlükəsizliyin və bütün xalqların marağında olan rifanın gəlməsini yüksək ədalətin təntənəsi adlandırıb.
O, çıxışını “Yurdda sülh, cihanda sülh” deyə Mustafa Kəmal Atatürkün sözləri ilə yekunlaşdırıb.
Tədbir çərçivəsində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş bədii videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın qəhrəmanlıq salnaməsindən, Vətən müharibəsində qazanılmış Qələbədən və azad edilmiş torpaqların yenidən dirçəlişindən bəhs olunub.
Ziyafət proqramı musiqi ilə davam edib. Rumıniyada fəaliyyət göstərən uşaqlardan ibarət musiqi qrupu Azərbaycan mahnılarını ifa edərək tədbirə xüsusi rəng qatıb. Uşaqların ifası tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb və səmimi atmosfer yaradıb.
Rəsmi ziyafət zamanı Azərbaycanın milli musiqi nümunələri səsləndirilib, qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub. Tədbirin qonaqları Azərbaycanın qazandığı qələbəni yüksək qiymətləndirib, Azərbaycan xalqına sülh, firavanlıq və davamlı tərəqqi arzularını ifadə ediblər.