Ana Vətən Partiyasının (AVP)
sədri, deputat Fəzail Ağamalı rəhbəri olduğu partiyanın 2016-cı il
fəaliyyət istiqamətlərini açıqlayıb.
Teleqraf.com
xəbər verir ki, F.Ağamalı hazırda AVP-də təşkilati işlərə ciddi
önəm verildiyini deyib:
"Hədəfimiz ondan ibarətdir ki, 2016-cı ildə partiya
strukturlarının təfsilatına baxaq. Partiyamız gərgin siyasi
mübarizədən çıxıb. Bildiyiniz kimi ötən ilin sonlarında parlament
seçkiləri oldu. Belə situasiyalarda partiyalar bir qayda olaraq
nəfəs dərirlər. Biz də seçkidən çıxan partiya olaraq hələlik bir
neçə ay fəaliyyətimizin aktivliyini azaltmışıq. Ancaq buna
baxmayaraq, işlərimizə davam edirik. Ötən ilin dekabrında
partiyanın təşkilat şöbəsinin rəhbəri regionlara səfər edib, 12
rayon təşkilatı ilə görüşlər keçirilib. Həmin rayon təşkilatlarında
güclənməyə ehtiyac var. Zəif təşkilat rəhbərlərini güclülərlə əvəz
etməyə çalışırıq".
AVP sədri deyib ki, həmçinin ölkəmizə qarşı xaricdən gələn
hücumların qarşısında dayanmaq, onların mahiyyətini açmaq və
Azərbaycan cəmiyyətinə yaxşı olanı və qərəzi çatdırmaq, ictimai
rəyin formalaşmasında fəal iştirak etmək niyyətindədirlər.
F.Ağamalı qeyd edib ki, partiya fəaliyyətinin başlıca istiqaməti
Azərbaycanın xarici və daxili siyasətində aktiv rol oynamaqdır: "Bu
baxımdan heç bir fasiləyə yer yoxdur. Ölkə başçısı İlham Əliyevin
ciddi xarakter daşıyan çağırışlarına dərhal reaksiya verir,
Prezidentimizin yanında olduğumuzu nümayiş etdiririk. Fasilə
vermədən və tərəddüd etmədən Prezidentin açıqlamalarının ictimai
rəydə daha da genişlənməsi və izahı üçün imkanlarımızı davam
etdiririk. Bundan sonra da bu istiqamətdə fəallığımızı artıracağıq.
Azərbaycana qarşı xaricdə fəaliyyət göstərən anti-Azərbaycan
qüvvələrinin iftira və qərəzli münasibətinə qarşı mövqeyimizi ifadə
edirik. Daxili siyasətdə də bu və ya digər məsələlərlə bağlı
fikirlərimizi açıq şəkildə cəmiyyətə çatdırırıq. Azərbaycan
Prezidentinin devalvasiya ilə bağlı ciddi çağırışları var. Cənab
İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasda ölkədə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar süni
qiymət artımı ilə bağlı fikirlərini bildirdi, bunun qarşısını almaq
üçün tapşırıqlar verdi. Doğrudan da, işbazlar Azərbaycanda manatın
məzənnəsinin dəyişməsi ilə bağlı yaranmış vəziyyətdən sui-istifadə
edib varlanmağa cəhd edirlər. Hesab edirəm ki, həmin şəxslər ilk
növbədə öz vicdanlarını tərəziyə qoymalıdırlar"
F.Ağamalının fikrincə, çox yaxşı ki, ölkə başçısı zamanında
lazımi tapşırıqları verdi: "Prezidentimizə bir daha minnətdar
olmalıyıq ki, o, yaranmış situasiyaya dərhal öz sərt reaksiyasını
verdi və bir daha Azərbaycan xalqının maraqlarının hər şeydən üstün
olduğunu önə çəkdi. Ümidvaram ki, ölkə Prezidentinin
tapşırıqlarından sonra artıq ölkədə bu cür yaramazlara, işbazlara
qarşı ciddi tədbirlər görüləcək".
Deputat əlavə edib ki, bu gün Azərbaycan xalqının cibinə
girərək, oğurluq edərək, insanları daha çətin vəziyyətə salıb
varlanmağa çalışanlar Azərbaycan qanunları çərçivəsində çox ciddi
şəkildə cəzalandırılmalıdırlar: "Bu təkcə İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq cəzalarla məhdudlaşmalı deyil, bu cür
adamlar Azərbaycan Cinayət Məcəlləsinin bütün maddələri ilə qanun
qarşısında cavab verməlidirlər. Əgər bunun qarşısı alınmasa, bu cür
insanlar Azərbaycanda sosial gərginliyi artırmağa xidmət edərək
birbaşa anti-Azərbaycan qüvvələrinin yanında olmuş olacaqlar. Bunun
ayrı adı yoxdur. Çünki mağazalarda, marketlərdə, ticarət
mərkəzlərində satış ilə məşğul olan Azərbaycan vətəndaşlarının 80
faizi bu gün Azərbaycanda yaranmış vəziyyətdən istifadə edib süni
qiymət artımı ilə məşğuldurlar. Bunun üçün çox ciddi tədbirlər
görülməlidir və bununla bağlı hüquq-mühafizə orqanları qarşısında
son dərəcə mühüm vəzifələr durur və süni qiymət artımının qarşısı
təcili qaydada alınmalıdır".