Zakir Yusifin yalanlarının üstü belə
açılıb...
Vətəndaşların milyonlarla manat pulunu mənimsəyən
"Texnikabank"ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov Ağır
Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum
edilsə də, məhkəmənin qərarının onun əmlakının müsadirə edilməsi
ilə bağlı hissəsi hələ də icra olunmayıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb Ali
Məhkəmənin son məlum qərarı olub. Zal Yusifovun atası Ali Məhkəməyə
ünvanladığı şikayət ərizəsində iddia edib ki, Ağır Cinayətlər
Məhkəməsinin hökmü ilə müsadirə olunması üçün üzərinə həbs qoyulan
"Humay" şadlıq sarayı və mülklər oğlu Zal Yusifova yox, onun özünə
məxsusdur. Ali Məhkəmədə işin yenidən apelyasiya instansiyasında
araşdırılması barədə qərar qəbul edilib. Qərarda qeyd edilib ki,
əmlakların kimə məxsus olması üçün müvafiq qurumlara sorğu
göndərilsin.
Bakı Apelyasiya Məhkəməsində, hakim Vüqar Məmmədovun sədrlik
etdiyi iclasda həmin qərarla bağlı müvafiq qurumlara sorğu
göndərilib. Sorğunun cavabı alınana qədər proses qeyri-müəyyən
vaxtadək təxirə salınıb.
Xatırladaq ki, bu cinayət işi apelyasiya instansiyasında 4-cü
dəfədir araşdırılır. Bundan əvvəl Bakı Apelyasiya Məhkəməsinin
hakimləri – Mirpaşa Hüseynov, Rizvan Səfərov və Sahibxan Mirzəyevin
sədrliyi ilə keçirilən prosesdə mülklərlə bağlı şikayət
araşdırılıb. Hətta o zaman Rizvan Səfərovun sədrliyi ilə keçirilən
prosesdə çıxış edən Zakir Yusifov deyib ki, məhkəmənin qərarı ilə
üzərinə həbs qoyulan "toy evi" (Zakir Yusifov belə deyib. Yəni,
"Humay" şadlıq sarayı - red.) mənə məxsusdur, onu geri qaytarın.
Həmin vaxt keçirilən prosesdə hakimlərdən biri həmin şadlıq
sarayını əldə etməsi üçün maliyyə vəsaitini hardan alması ilə
maraqlanıb. 70 yaşlı kişi məhkəmədə fikrini belə əsaslandırıb ki,
illər boyu vəzifələrdə işləyib, Göyçə mahalında kəndxuda (yəqin,
icra nümayəndəsi demək istəyib - red.) olub, maliyyə idarələrində
işləyib. O, "kəndxuda" işlədiyi illərdə qazandığı pullarla Bakının
mərkəzində, daha doğrusu, istirahət parkında yer əldə edib və özünə
böyük bir şadlıq sarayı tikib (?).
Məhkəmə dələduz bankir Zal Yusifovun ahıl atasının bu
fikirlərini inandırıcı qəbul etməyib və onun şikayətini təmin
etməyib. Burada məhkəmə haqlı qərar çıaxarmaqla yüzlərlə
zərərçəkmişin hüquqlarını bir daha bərpa edib.
Zakir Yusifovun dövlət məmuru olduğu dövrdə bu qədər pulu bir
araya toplaması təbii ki, mümkünsüz hesab edilir. Çünki 70 yaşlı
kişinin dili ilə desək, o, "kəndxuda" vəzifəsi deyəndə (əslində isə
sovet vaxtı kolxozda kiçik bir kənd üzrə nümayəndə vəzifəsindən
söhbət gedir - red.) dövlət tərəfindən ayrılmış bir əməkhaqqı alıb.
Zakir Yusifovun özünün dediyi kimi, 6 oğlu, qızları, xeyli də
nəvəsi var. Böyük ailə sahibidir. Görəsən, bir kiçik kəndin məmuru
bu qədər vəsaiti haradan əldə edib? Paytaxtın mərkəzində böyük bir
şadlıq sarayı əldə edib, həmçinin, həyətində 4 mərtəbəli, iki
bloklu qəsr tikdirib. Belə çıxır ki, Zakir Yusifov Göyçə mahalında
kəndxuda, sonra da maliyyə idarələrində işlədiyi dövrlərdə dövlət
əmlakını çapıb-talamaqla məşğul olub. Çapıb-taladığı vəsaitlər
hesabına da özünə bu qədər mal-mülk əldə edib. Bunun özü də əslində
bir cinayət hesab edilir.
Deyilənlərdən belə başa düşülür ki, Zakir Yusifov cinayət yolu
ilə əldə etdiyi pullar hesabına özünə bu qədər mülk salıb? Zakir
Yusifov mülklərin ona məxsus olması ilə bağlı iddialarına "haqq"
qazandırmaq olar. O, iddia edir ki, "Humay" şadlıq sarayının
mülkiyyətinə 1992-ci ildə sahib olub. Ahıl kişinin sözlərindən belə
çıxır ki, həmin vaxt oğlu Zal Yusifov bankir yox, tələbə olub.
Zakir Yusifovun bu iddialarını hələ bir qədər əvvəl Bakı Apelyasiya
Məhkəməsində, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən
prosesdə iştirak edən prokuror alt-üst etmişdi. Həmin vaxt prokuror
bildirmişdi ki, "Humay" şadlıq sarayı 1992-ci ildə kiçik bir kafeyə
bənzər obyekt olub, hansı ki, ona "kafe" demək qətiyyən düzgün
olmazdı. Zakir Yusifovun oğlu Zal Yusifov bankır olandan sonra
vətəndaşlardan oğurladığı pullar hesabına həmin şadlıq sarayını
yeni dizaynda inşa və təmir etdirib. Kiçik banket zalından ibarət
olan şadlıq sarayını genişləndirib. Sarayın kiçik banket zalı
olmaqla yanaşı, böyük bir toy məcilisləri keçirilməsi üçün zalı,
həmçinin geniş, çay daşlarından bəzədilmiş həyəti, hər biri 10-dan
çox müştəri qəbul edə bilən xeyli sayda kabinetləri yaradılıb. İndi
şadlıq evinin bu qədər geniş imkanları olmasını nəzərə alsaq, onda
Zakir Yusifovun nə kəndxuda vəzifəsində işləyən dövrdə yığdığı
pullar hesabına, nə də ki, dövlətdən aldığı pensiya ilə bu qədər
işləri görməsi mümkün deyil. Zakir Yusifovun nə qədər gəliri olub
ki, o həm övladlarını böyüdüb, onlara təhsil verib, həm də bu qədər
mülklər əldə edib?
İcra nümayəndəliyinin dövlətdən aldığı əməkhaqqı barədə hər kəs
bilir. Buna görə də Zakir Yusifovun bu qədər mülkləri özünün əldə
etməsinə ümumiyyətlə, hüquq-mühafizə orqanları da, cinayət işinin
araşdıran hakimlər də inanmayıb. Əgər Zakir Yusifovun həqiqəti əks
etdirməyən bu iddialarına məhkəmələr inanmış olsaydı, bundan
əvvəlki 3 ayrı-ayrı hakimin keçirdiyi məhkəmələrdə ona qiymət
verilərdi, iddiası təmin olunardı. Amma Zakir Yusifovun iddiası,
qeyd edildiyi kimi, hakimlər tərəfindən qəbul edilməyib. Müəyyən
olunub ki, üzərinə həbs qoyulan mülklər Zal Yusifovun bankda rəhbər
vəzifədə işlədiyi dövrdə inşa olunub…