Ana səhifə Gündəm |
Bu gün Daxili İşlər Nazirliyində Daxili Qoşunların
2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş
naziryanı əməliyyat müşavirəsi keçirilib.
Axar.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər
verir ki, müşavirəni giriş sözü ilə açan daxili işlər naziri,
general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi altında 2015-ci ildə cəmiyyət həyatının bütün
sahələrində olduğu kimi, bütövlükdə ordu quruculuğu, o cümlədən
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xidməti-döyüş
fəaliyyətinin təkmilləşdirilməsi sahəsində aparılan işlərin də
geniş vüsət aldığını xatırladıb, Qoşunların maddi-texniki bazasının
daha da möhkəmləndiyini, müasir silah və texnika alındığını, şəxsi
heyətin sosial-məişət problemlərinin həlli istiqamətində
məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Hesabat dövründə Daxili Qoşunlar tərəfindən qanunvericiliklə
müəyyən edilmiş vəzifələrin icrası istiqamətində bir sıra işlər
görülüb, şəxsi heyət ictimai asayişin qorunmasında və ictimai
təhlükəsizliyin təmin olunmasında, cinayətkarlıqla mübarizədə,
xüsusi əməliyyatların keçirilməsində fəal iştirak edib, yüksək
döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlıq nümayiş etdirib.
Qeyd olunub ki, görülmüş işlər Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev
tərəfindən layiqincə qiymətləndirilir. Bu ali diqqət və qayğı hərbi
qulluqçulardan üzərlərinə düşən vəzifələri daha böyük məsuliyyətlə
yerinə yetirməyi, sabitliyin, təhlükəsizliyin, əmin-amanlığın,
insan və vətəndaş hüquq və azadlıqlarının nümunəvi təminini, heç
bir halda arxayınlaşmamağı tələb edir.
Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı
general-leytenant Şahin Məmmədov xidməti-döyüş fəaliyyətinin
yekunları barədə məruzə ilə çıxış edib.
Komandan deyib ki, ötən il qarşıya qoyulan əsas tapşırıqlardan olan
I Avropa Oyunları və atıcılıq üzrə Dünya Kuboku kimi mötəbər
beynəlxalq tədbirlər zamanı Qoşunlar digər hüquq-mühafizə orqanları
ilə birlikdə müəyyən edilmiş vəzifələri peşəkarlıqla həyata
keçirib. Bakı, Mingəçevir və Qəbələ şəhərlərində keçirilmiş
beynəlxalq yarışlar və digər kütləvi tədbirlər zamanı həvalə
edilmiş ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini üzrə
xidmətin aparılması yüksək peşəkarlıqla icra olunub. May ayında
paytaxtın Binəqədi rayonunda yerləşən çoxmərtəbəli binada baş
vermiş yanğınla əlaqədar Daxili Qoşunların xüsusi təyinatlıları və
helikopter ekipajı fövqəladə halın fəsadlarının aradan
qaldırılmasında fəal iştirak edərək axtarış tədbirləri nəticəsində
köməksiz qalmış 6 nəfəri təxliyyə ediblər.
Hesabat dövründə Qoşunlarda döyüş hazırlığının daim yüksək
səviyyədə saxlanılması məqsədilə şəxsi heyətin praktiki bacarığının
artırılması, fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi,
təlim-tədris bazasının inkişaf etdirilməsi döyüş təliminin başlıca
vəzifələrini təşkil edib. Bununla yanaşı, polis orqanları ilə birgə
qarşılıqlı əlaqənin və fəaliyyətlərin təkmilləşdirilməsi də təlim
prosesində prioritet məsələlərdən olub.
Nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq, hərbi
qulluqçuların mənəvi-psixoloji hazırılığının yüksəldilməsi, o
cümlədən şəxsi heyətin Vətənə və hərbi anda sədaqət, hərbi
nizamnamələrin tələblərinə sözsüz əməl edilməsi ruhunda tərbiyə
olunması, onlarda xidmətin çətinliklərinə dözüm keyfiyyətlərinin
formalaşdırılması istiqamətində zəruri tədbirlər görülüb.
Qanunçuluğun, nizam-intizamın möhkəmləndirilməsi, hərbi qulluqçular
arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarına uyğun
riayət olunması sahəsində həyata keçirilən ardıcıl tədbirlərin
nəticəsi olaraq əvvəlki dövrlə müqayisədə ötən il ölüm halları 71
faiz, cinayətlərin sayı 80 faiz, kobud intizam pozuntuları 48 faiz,
ümumi hadisələrin sayı 24 faiz, bədən xəsarətlərinin sayı 21 faiz
azalıb.
Bildirilib ki, şəxsi heyətin kazarma-məişət şəraitinin müasir
standartlara uyğunlaşdırılması, hərbi hissə və bölmələrin silah və
xüsusi texnika ilə təchizatı istiqamətində işlər bilavasitə uğurla
davam etdirilib. Hesabat dövründə məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə Sumqayıt şəhərindəki hərbi hissədə 60
mənzilli yataqxana binası, paytaxtın Nərimanov rayonunda yerləşən
hissədə yeni qərargah və əsgər kazarması, Hacıqabulda 4 mərtəbəli
əsgər kazarması, tibb məntəqəsi, hamam-camaşırxana kompleksi lazımi
avadanlıqlarla təmin edilərək istifadəyə verilib.
Ötən ilin sonlarında Nardaranda dövlətin konstitusiya quruluşunun
əsasları əleyhinə yönəldilən hərəkətlərin qarşısının alınması,
qanunçuluğun, sabitliyin və ictimai qaydanın bərpası məqsədilə
Daxili Qoşunların məhdud sayda şəxsi heyəti də cəlb edilməklə
keçirilmiş xüsusi əməliyyat nəticəsində qəsəbədə ictimai asayiş və
təhlükəsizlik təmin edilib, dövlət və bələdiyyə orqanlarının normal
işi ilə bağlı aidiyyatı qurumlara zəruri köməklik göstərilib.
Müşavirəyə yekun vuran daxili işlər naziri ötən hesabat ilində
Daxili Qoşunların fəaliyyətini, ümumən, yüksək qiymətləndirib,
qarşıda duran vəzifələrdən danışıb, onların həlli istiqamətində
konkret tapşırıq və tövsiyələrini verib.
O deyib ki, ötən il Daxili Qoşunların şəxsi heyəti asayişin qrup
halında pozulması, xüsusi əməliyyatlar və fövqəladə hallar zamanı
qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirib. Cari ildə
respublikada dövlət əhəmiyyətli tədbirlərin, o cümlədən mötəbər
idman yarışları və beynəlxalq forumların keçiriləcəyini diqqətə
çatdıran nazir bu baxımdan Qoşunlarda bütün təşkilati tədbirlərin
müəyyənləşdirilərək vaxtında icrasını, qüvvə və vasitələrin hər bir
tədbir ərəfəsində tam hazırlıq vəziyyətinə gətirilməsini tələb
edib.
General-polkovnik Ramil Usubov hərbi hissələrdə idarəçilik
fəaliyyətinin, döyüş xidmətinin təşkili və aparılmasının, hərbi
qulluqçuların Vətənə, dövlətə və dövlətçiliyə sədaqət ruhunda
tərbiyə edilmələrinin, mənəvi-psixoloji, fiziki və döyüş
hazırlığının daha da yüksəldilməsinin, ekstremal hallar da daxil
olmaqla, onların qanunvericiliklə müəyyən edilmiş qaydada polis
əməkdaşları ilə bərabər istənilən əmr və göstərişlərin ən yüksək
səviyyədə icrasına hər zaman hazır olmalarının, bu zaman şəxsi
heyət tərəfindən qanunçuluğa, insan hüquq və azadlıqlarına ciddi
riayət edilməsinin zəruriliyini bir daha qeyd edib.
Nazir Daxili Qoşunların şəxsi heyəti adından Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
zati-aliləri cənab İlham Əliyevi əmin edib ki, hərbi qulluqçular
qanunvericiliklə müəyyən edilmiş vəzifələrin və verilən
tapşırıqların öhdəsindən bundan sonra da layiqincə gələcək, daxili
sabitliyi, əmin-amanlığı pozmaq istəyən qüvvələrin qarşısını
qətiyyətlə alacaq, xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət
edəcəklər.
Tarix
2016.01.19 / 19:39
|
Müəllif
Axar.az
|