Maydandan eksklüziv müsahibə
Ukraynada hadisələr gün-gündən daha şiddətli şəkil alır. Bəzi
politoloqlar ölkədə vətəndaş müharibəsinin başlaya biləcəyi
proqnozunu verirlər. Hər gün polislə etirazçılar arasında savaş
yaşanır. Sosial şəbəkələrdə isə polisin öz vətəndaşlarını necə
döyməsi haqqında görüntülər yerləşdirilir. Müsahibimiz, bu
dəqiqələrdə Maydanda olan Liza adlı etirazçı da həmin polisin
şiddətinə məruz qalanlardandır. O, Maydanın fəalları sırasındadır.
Maydanda nələrin baş verdiyi öyrənmək üçün onunla söhbət etdik.
- Tez-tez sizin KİV-dən Maydandakı hadisələr barəsində
oxuyuruq. Maraqlıdır, bunlar doğrudurmu? Ümumiyyətlə, bu dəqiqə
Ukraynada nə baş verir?
- Sadəcə, bir neçə cümlə ilə cavab verəcəm. Yanukoviç insulta
görə xəstəxanaya düşüb. Xalq əvvəlki kimi etiraz edir. Kiyevdə
yenidən barrikadalar qurulub. Qısası, vəziyyət çox ağırdır. Mənə
elə gəlir ki, bir azdan Rusiya ilə müharibə başlayacaq. Putin
hadisələrə daha aktiv müdaxilə etməyə çalışacaq. Yenə deyirəm ki,
bu, sadəcə, mənim fikrimdir.
- Bəs küçələrdəki etirazçılar necə düşünür?
- Etirazçıların hamısı yeni fikirlərlə zəngin olan insanlardır.
Bu - o insanlardır ki, bir-birinə köməyə qaçırlar. Səbəb isə çox
sadədir. Ürəkləri onlara bunu söylədir. Bu - o insanlardır ki,
Ukrayna boyda həbsxanada yaşamaqdan boğaza yığılıblar. Yanukoviç
biznesimizi məhv edib, məhkəmələri dağıdıb, milisləri bandit
formasına salıb. Artıq belə yaşamaq olmaz. İnsanlar ölümcül
mübarizəyə qalxıblar. Yəni bizim üçün ölmək maraqlı deyil. Ya
Yanukoviç xalqı məhv edəcək, ya da ki, xalq Yanukoviçi. Biz hamımız
azadlıq uğrunda savaşırıq. Biz bu azadlığı 2014-cü ilin iyulunda
qazanacağıq.
- Maraqlıdır. Niyə iyulda? Politoloqlar belə proqnoz
veriblər?
- Yox. İyulda artıq Yanukoviç olmayacaq. Sadəcə olaraq,
olmayacaq. Bir çox astroloq və falçıların proqnozlarına uyğun
olaraq onun həyat resursları tamamilə tükənəcək. Qəribədir, siz
bunun haqqında eşitməmisiniz? Hamı indi bundan danışır.
- Necə yəni falçılar? Bir az da izah edə
bilərsinizmi?
- Bir neçə insan var ki, onlar xüsusi olaraq gələcək haqqında
proqnoz vermək qabiliyyətinə sahibdirlər. İnternetdə astroloqlar
haqqında oxuyun. Mütləq görəcəksiniz.
- Bu dəqiqə küçələrdə savaşan insanlar, deyəsən, daha
çox müxalifətə inanır? Maraqlıdır, niyə polis öz vətəndaşını belə
dəhşətli formada döyür?
- Mən bir az öncə sizə yazdım. Berkut və milis Yanukoviçin
rəhbərliyi altında formalaşmış bandit dəstəsidir. Bu o insanlardır
ki, Yanukoviçdən pul alıb insanları döyürlər. Açığı bu dəqiqə
Berkut və milis formasında olanların əksəriyyəti Ukrayna
vətəndaşları deyil. Sadəcə, muzdurlardır. Xalq öz haqlarına görə
etiraz edir. Qarda, şaxtada, yağışda, gündüz, gecə dayanır. Biz
Berkutu tamamilə ləğv etmək istəyirik. Biz istəyirik ki,
qanunsuzluq edənlər həbsxanada otursunlar. Polislər, hakimlər,
prokurorlar, deputatların bir hissəsi... Müxalifət elə də güclü
deyil. Ona görə də əsas müxalifət lideri Yuliya həbsxanada oturur.
Amma o bir azdan çıxacaq və hər şey dəyişəcək.
- Bəs Yanukoviçi müdafiə edənlər yoxdurmu?
- Boş söhbətdir ki, bəzi vilayətlər Yanukoviçi müdafiə edirlər.
Onu müdafiə edənlər vilayətlər deyil. Sadəcə, həmin vilayətlərin
aparat rəhbərləridir. Yanukoviç hər kəsdən nə isə oğurlayıb. Onun
müdafiə edənlər sadəcə, hökumətdən nə isə umanlardır. Donetskdə,
Luqanskda və Krımda Yanukoviçin tərəfini tuturlar. Amma burada
insanları zorla prezidentə dəstək mitinqinə çıxardırlar. Onları
işdən qovacaqları bəhanəsiylə hədələyirlər. Dəstək aksiyasına
çıxanların əksəriyyəti təqaüdçülərdir. Gənclər arasında isə
əyyaşlar, narkomanlar, psixoloji xəstəxanadan olan xəstələr
bunların sırasındadır. Əsas məsələ kütlənin bunları müdafiə etdiyi
görüntüsünü yaratmaqdır.
- Bəs indi nə edəcəksən? Yenə Maydana
gedəcəksənmi?
- Adətən belə yazanların çoxusuna cavab vermirik. Məsələ çox
sadədir. Çünki şayiələr var ki, təhlükəsiz orqanları internetdə
nəzarəti artırıblar. İndi heç nə etməyəcəm. Qışqıracam. Etiraz
edəcəm. Çünki Maydandayam. Səhər tezdən gəlmişəm. Nə isə sizə
uğurlar.
P.S. Liza bizdən fotolarını verməməyimizi xahiş
etdi. Səbəb isə sonda yazdığı cümlələri göstərdi: "Təhlükəsiz
orqanları internetdə nəzarəti artırıblar". Lizanın təhlükəsizliyi
üçün onun şərtini yerinə yetirmək məcburiyyətində qaldıq. Bu sadə
ukraynalı qıza sadəcə uğurlar arzulamaqdan başqa çarəmiz
qalmır.