Son zamanlar Suriyaya gedən və həlak olan
azərbaycanlıların sayı artır. Bu yaxınlarda Qazılar Şurasının
iclasında qeyri-ənənəvi islam təriqətlərinin ünvanına tənqidi
fikirlər söyləndi və eləcə də bəzi məscidlərdə gənclərin Suriyaya
döyüşə yollanması üçün təbliğat aparılmasından danışıldı. Bununla
bağlı "Axar.az"ın əməkdaşı İçəri şəhərdə "Ləzgilər" məscidinin
axundu Ramin Həmzəyevdən müsahibə alıb.
Vicdansız adamlar
- Belə bir söz gəzir ki, sizin məsciddə gedən təbliğat
nəticəsində gənclər Suriyaya döyüşə yollanır...
- İçəri şəhərdəki məscid tarixi abidədir, özü də şəhərin tam
göbəyində yerləşir. Məscidə gedib-gələnlər çoxdur. Azərbaycan kimi
bir dövlətdə necə ola bilər ki, məscidlərdə belə təbliğat getsin?
Mən eşidirəm bu böhtanları, bunu üstümüzə atanlar vicdansız
adamlardır.
- Deyilənə görə, xəvaricilər Azərbaycanı kafir
torpaqları adlandırdığı üçün Qarabağa yox, Suriyaya yollanır. Bu
iddia düzdürmü?
- Dində vətənə sevgi üstün yerlərdən birini tutur. Vətənin
müdafiəsi barədə hədislər var. Əgər məscidə gələnlərin hamısını
bir-bir yoxlasaq, görərik ki, onların çoxu Qarabağ uğrunda vuruşmuş
əsgərlərdir. Dini icmanın sədri Faiq Mustafa Qarabağ əlilidir. İndi
isə gənclərin axını başlayıb məscidlərə.
Bir dənə saqqalsız adam tapmaq olmazdı
- Gənclərin axınının səbəbi nədir?
- Sizin nə demək istədiyinizi başa düşürəm. Guya dinə gələnləri
maliyyələşdiririk. Gəlin, bir şeyə aydınlıq gətirək. Sosial rifahın
çox aşağı olduğu Azərbaycanda saqqal saxlamağa, namaz qılmağa
maliyyə ayrılsaydı, onda ölkədə bir dənə də saqqalsız adam tapmaq
olmazdı. Hətta məmurlardan bir neçəsi də belə iddialar səsləndirdi.
Amma çox gülüncdür bu.
Heç Milli Məclisdə o qədər danışmırlar
- Niyə Suriya məsələsində məhz sizin və bir neçə
məscidin adı çəkilir?
- Bu iddiadır. Bizim məsciddə Qarabağ haqqında, vətənpərvərlik
haqqında o qədər danışılır ki, heç Milli Məclisdə o qədər
danışmırlar.
Xəvaricilər hər kəsi kafir hesab edir
- Bu yaxınlarda Qamət Süleymanov bir fikir
səsləndirmişdi ki, insanları Suriyaya göndərən qurumlar haqqında
bir söz deyə bilmərəm, onlar məni kafir adlandırırlar. Bu məsələ
haqda nə deyə bilərsiz?
- "Ləzgi məscidi"ni xəvarici yuvası adlandıranlar Allah
qarşısında heç bir cavab verə bilməyəcək. O ki qaldı onu kafir
adlandıranlara, özü cavab versin bu iddialara. Xəvaricilər
özlərindən başqa hər kəsi kafir hesab edir. Onlar məlum Sumqayıt
hadisələrini törətdilər, dövlət onlara qarşı tədbir gördü. Suriyada
da iştirak ediblər.
Yutub günahkardır...
- Suriyaya gedənlər arasında hansı kəsim daha
çoxdur?
- Suriyaya hər iki tərəfdən müsəlmanlar gedir. Şiələr Bəşər Əsəd
hakimiyyətinə kömək üçün ordadırlar. Əhli-sünnə müxalifət tərəfdən
vuruşur. Suriyadakı müharibə beynəlxalq qanun çərçivəsində getmir.
Bu, şiələrlə əhli-sünnələrin müharibəsidir.
Məsələn, cənazələrin Azərbaycana gəlməsi də iki kəsim arasında
gərginlik yarada bilər. Bütün tərəflər fikirləşir ki, mənim oğlumu
kim öldürdü? Bir tərəf "sünnilər" deyə fikirləşir, bir tərəf
şiələr. İnternetdə Bəşər əsgərlərinin uşaqları yandırmaq, insanları
diri-diri basdırmaq videoları var. Bu videolara baxan və beyniqanlı
gənclər durub gedir döyüşə. Biri baxır Yutuba, görür ki, qadınları
zorlayırlar. İnsanları yandırırlar, heç kəs bu haqsızlığa dözə
bilməz. Bu dəqiqə gənclərə ən böyük stimul verən Yutubdakı
videolardır. Suriyaya gedənlər haqqında dövlətlər nə tədbir
görəcək, bunu biz bilmirik, amma gedib vuruşur, bunu çəkib Yutubda
yerləşdirmək lazım deyil.
- Sizcə, gənclərin canını götürüb müharibəyə getməsinə
səbəb ancaq Yutub videolarıdır?
- Vallah, siz bu fikri irəli sürursuz, elə
təəssürat yaranır ki, mən hansısa təşkilat tanıyıram. Şəxsən mənim
tanıdığım adamlar vardı, dünyalarını dəyişəndən sonra bilmişəm ki,
onlar Suriyada olub. Heç kim Suriyaya gedəndə heç kimə məsləhət
etmir. Bəşər Əsəd əsgərlərinin uşaqların üstünə benzin töküb
yandırmasına baxan adamlar bu səhnələri görəndən sonra qala
bilmir.
Ermənilərə şəhidlik statusu verilir
- Deyirsiz ki, şiələr Bəşər Əsəd tərəfdarıdır, belə
çıxır ki, sizin dediyiniz o vəhşət dolu səhnələr şiələrə başqa cür
təsir edir. Məgər Əsədi qorumağa gedənlər onun vəhşiliklərinin
tərəfdarıdır?
- Bizim üstümüzə şər atıb, "gəncləri Suriyaya göndərirlər" deyən
kimlərdir? Siğə əhli. Bəşər Əsəd kimdir? Bu, hamıya aydındır. Əgər
imkanınız varsa, gedin Suriyaya, araşdırma edin. Orda onun
tərəfdarları İrandan, Ermənistandan, İraqdan gələnlərdir, bir də
hizbullahçılar. Açıq-aydın ermənilərə şəhidlik statusu verilir, bəs
bu, səbəb deyilmi ora getmək üçün?
Ən güclü elm sahibləri sələfilərdir
- Bəşər Əsədi dini təriqətə ayırmayıb, onunla birbaşa
mübarizə aparmaq olmaz?
- Bir dənə sünni göstərə bilməzsiniz ki, o, Əsəd tərəfdarı
olsun. Uşaqları diri-diri basdırıb, "Əsəd mənim ilahımdır"
dedizdirən adamı müdafiə edə bilmərik. Baxın, İran mollalarına nə
qədər çağırışlar edirlər, bunlar iki təriqət arasında müharibə
başladıblar.
Azərbaycanda yüksək elmli dini mütəxəssis yoxdur. Ən güclü elm
sahibləri sələfilərdir. Mədinə tələbələrdir.
Deməyim bu ki, dini olduğu kimi təqdim edən də Mədinə
tələbələridir. Şiənin də, hənəfinin də dini səviyyəsini
bilirik.
Keçib üçüncü ölkədən gedəcəklər
- Suriyaya gedənlərin qarşısını almaq üçün nə təklif
edirsiz?
- Bu xəmir çox su aparacaq. Dövlət bacardığı
qədər qadağa qoyacaq, amma keçib üçüncü ölkədən gedəcəklər.
Azərbaycanda dinin düzgün təbliğatına zəmin yaradılmalıdır.
İnsanlar ağı-qaradan seçməyi bilməlidir. Maariflənmə olandan sonra
onlar özləri biləcək nəyin pis, yaxud yaxşı olmasını.
- Ləzgi məscidi Dini İcmasının sədri Faiq Mustafa da
məsələyə aydınlıq gətirib.
- Bura "voenkomat" deyil. Biz heç kimi, heç yerə göndərmirik.
Müsəlmanlara xidmət edirik. İnsanlar bura ibadət etmək üçün gəlir,
burdan çıxandan sonra kimin hara getməsinə özləri qərar verir, biz
yox.