Fevralın 5-də Azərbaycan Respublikasının Baş
Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar
Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər
prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi
prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən
2015-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran
vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası
keçirilib.
Axar.az xəbər verir ki, kollegiya iclasında giriş nitqi ilə
çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, 2015-ci
ildə dünyada mövcud olan siyasi, iqtisadi və maliyyə böhranlarına
baxmayaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən
etdiyi siyasi kursa sadiq qalan Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli
düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi
nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə,
müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə,
vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən
möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş,
hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu
istiqamətində görülən işlər yeni müstəviyə qaldırılıb. 2015-ci ildə
ölkədə 54,4 milyard manatlıq ümumi daxili məhsul istehsal edilməsi,
əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcminin artaraq
5703 manata çatması, 84 min daimi olmaqla 100 mindən çox yeni iş
yerlərinin yaradılması, əhalinin banklardakı əmanətlərinin milli
valyuta ekvivalentində məbləğinin 2015-ci il dekabrın 1-nə 7,1
milyard manat təşkil etməsi, 2014-cü illə müqayisədə əhalinin
gəlirlərinin nominal ifadədə 5,7 faiz artaraq 41,7 milyard manata
çatması xüsusi vurğulanıb. Təsadüfi deyil ki, Ümumdünya Davos
İqtisadi Forumunun hesabatlarına görə ölkəmizin iqtisadiyyatı
rəqabət qabiliyyətliliyinə görə dünya ölkələri sırasında 40-cı
yerdə qərarlaşıb.
Azərbaycan Respublikasının BMT, ATƏT, Avropa Şurası, İslam
Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla sıx
əməkdaşlıq etməsi, bir müddət öncə ölkəmizin BMT-nin Təhlükəsizlik
Şurasının üzvü seçilməsi, Avropa Şurasının Nazirlər Komitəsinə
sədrlik etməsi, eləcə də 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda
keçirilməsi, paytaxtımızın cari ildə BMT-nin Sivilizasiyalar
Alyansının 7-ci qlobal forumuna və 2017-ci ildə daha bir möhtəşəm
tədbirə - İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyi ölkəmizdə
həyata keçirilən xarici siyasətin dünya dövlətləri tərəfindən
yüksək dəyərləndirilməsinin bariz nümunəsi və müstəqillik illərində
əldə etdiyi ən böyük nailiyyətlərdəndir.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin adını daşıyan
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac, Bakı-Tbilisi-Ərzurum Cənubi
Qafqaz qaz boru kəmərlərinin istifadəyə verilməsi, dünyanın nəhəng
enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin
reallaşdırılması ölkəmizin enerji strategiyasının həyata
keçirilməsinə, regionda Azərbaycanın geostrateji mövqeyini daha da
gücləndirməkdədir.
2015-ci ilin mühüm əhəmiyyətə malik olan ictimai-siyasi tədbirin
– Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərin
nəticələrinin xalqla dövlətin vəhdətinin və birliyinin əyani
təsdiqi və bariz nümunəsi olmasını diqqətə çatdıran Baş prokuror,
demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun olaraq
keçirilmiş parlament seçkilərində xalqımızın yekdilliklə ölkədə
mövcud əmin amanlığın və həyata keçirilən sosial-iqtisadi siyasətin
davamlılığına, hərtərəfli inkişaf dinamikasının sürətlənməsinə,
xalqın rifahının və gələcəyinin təmin olunmasına, insan hüquq və
azadlıqlarının sistemli və ardıcıl olaraq qorunmasına səs verdiyini
bildirib.
Xüsusi vurğulanıb ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin sülh
yolu ilə həlli istiqamətində məqsədyönlü xarici siyasət tədbirləri
davam etdirilməklə yanaşı, Milli Ordunun daha da gücləndirilməsi,
müasir ordu quruculuğu məqsədlərinə xidmət edən zəruri
infrastrukturların yaradılması istiqamətində böyük işlər
görülüb.