Gənclər və İdman naziri Azad Rəhimov fevralın 9-da
Gədəbəy şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşüb.
Axar.az xəbər verir ki, əvvəlcə qonaqlar ümummilli lider Heydər
Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri
qoyub, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları rayonda istehsal edilən kənd
təsərrüfatı, ərzaq və sənaye məhsulları sərgisi ilə tanış
olublar.
Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin
nümayəndələrinin, iş adamları və sahibkarların iştirak etdikləri
görüşdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz
Yediyarov Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun
olaraq mərkəzi hakimiyyət orqanları rəhbərlərinin şəhər və
rayonlarda əhali ilə görüşlərinin davam etdiyini bildirib. Diqqətə
çatdırılıb ki, bu görüşlərin keçirilməsində məqsəd mövcud
problemlərlə yerində tanış olmaq və onların həlli yollarını
müzakirə etməkdir.
Daha sonra gənclər və idman naziri A.Rəhimov son illər ölkəmizdə
görülən işlər və qarşıda duran məsələlərlə bağlı görüş
iştirakçılarına ətraflı məlumat verib. Nazir bildirib ki, bu
yaxınlarda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına
həsr olunmuş konfransda Prezident İlham Əliyev ölkə üçün prioritet
istiqamətləri diqqətə çatdırıb və bununla bağlı müvafiq tapşırıqlar
verib.
Ötən il dünyada maliyyə-iqtisadi böhranın daha da dərinləşdiyini
qeyd edən A.Rəhimov deyib ki, son vaxtlar beynəlxalq aləmdə və
regionda baş verən geosiyasi proseslər və onların təsirləri
ölkəmizdən də yan keçməyib. Azərbaycan müstəqilliyinin ilk
illərindən başlayaraq bütün dünyada gedən proseslərə qarşı öz
dövlət siyasətini qura bilib və uğurla davam etdirib. Bu gün
Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir. Prezident
İlham Əliyevin də qeyd etdiyi kimi, son 10 ildə dünyada Azərbaycan
qədər sürətlə inkişaf edən ölkə olmayıb. Beynəlxalq maliyyə
qurumlarının hesabatlarında da ölkəmizdə əldə edilən uğurlar daim
əksini tapır. Təkcə son 12 ildə respublikada 25 elektrik stansiyası
tikilib, qazlaşdırılma 90 faizə çatıb, 10 min kilometrdən çox yol
çəkilib, 3 min məktəb, 600-ə yaxın xəstəxana, 41 olimpiya idman
kompleksi, 34 gənclər evi tikilib. Maaşlar 5 dəfə, pensiyalar 7
dəfə artırılıb, məcburi köçkünlər üçün 89 qəsəbə salınıb, 225 min
nəfər yeni mənzillərə köçürülüb. Həmin müddətdə sahibkarlara 1.7
milyard manat güzəştli kredit verilib.
Azərbaycana son 12 ildə 200 milyard dollar xarici sərmayə
qoyulduğunu vurğulayan A.Rəhimov qeyd edib ki, artıq ölkəmiz kosmik
dövlətlər arasında yer tutub. Hərbi potensialımız da ildən–ilə
möhkəmlənir, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü və
nizami orduları sırasında 50-ci yeri tutur.
Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət
proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində hər
bir bölgəmizdə tərəqqi, inkişaf hiss olunur. Yeni sənaye
müəssisələri, iş yerləri yaradılır. Ümumilikdə, 1 milyon 500 minə
yaxın iş yeri açılıb ki, onlardan da 1 milyonu daimi iş yerləridir.
Son 12 ildə əhalinin gəlirləri 7 dəfə, adam başına düşən gəlirləri
isə 6 dəfə artıb. Həyata keçirilən sosialyönümlü siyasət hər bir
vətəndaşın firavanlığına yönəlib.
Nazir deyib: "Qlobal böhranla əlaqədar hətta Avropa İttifaqında
işsizliyin 9,6 faizə yüksəldiyi halda, Azərbaycanda bu göstərici
MDB-də ən aşağı səviyyədə - 5 faiz olub. Ötən il qlobal beynəlxalq
böhran şəraitində ölkəmizin 1,1 faiz iqtisadi artıma nail olmasını,
o cümlədən qeyri-neft sənayesinin 8,4 faiz artmasını, əhalinin
gəlirlərinin 5,7 faiz çoxalmasını, Azərbaycan iqtisadiyyatına 20
milyard dollar sərmayə qoyulmasını uğur kimi dəyərləndirə bilərik.
Bütün bunlar bizim iqtisadi müstəqilliyimizin nəticəsidir".
Azərbaycanın digər bölgələri kimi, Gədəbəyin də inkişaf etdiyini
vurğulayan gənclər və idman naziri qeyd edib ki, dövlətimizin
başçısı 2006-cı, 2009-cu və 2013-cü illərdə rayonda səfərdə olarkən
sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində görülən
işlərlə yaxından tanış olub. Bu səfərlər zamanı Prezident İlham
Əliyev Gədəbəy Qızıl-Mis Emalı zavodunun, "Azərbaycan İnternational
Midi Company" şirkətinin yeni zavodunun, Aşıq musiqi məktəbinin və
Çolpan çayı üzərində salınmış körpünün açılışında şəxsən iştirak
edib. Hər səfərdən sonra Gədəbəyin sosial-iqtisadi inkişafının
sürətləndirilməsi məqsədilə sərəncamlar imzalanıb, ayrı-ayrı
sahələrin inkişafı ilə əlaqədar əsaslı maliyyə yardımı ayrılıb.
Rayonun qaz təchizatının sürətləndirilməsi, 59 min əhalinin
yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən və 56 kilometr uzunluğu
olan Gədəbəy Novosaratovka-Qaravəllər avtomobil yolunun tikintisi,
27 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən
Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yolunun,
kəndarası yolların tikintisi və yenidən qurulması, o cümlədən
görüləcək digər tədbirlər üçün 2012-2014-cü illərdə Gədəbəy Rayon
İcra Hakimiyyətinə 13.7 milyon manat vəsait ayrılıb.
Nazir dövlət gənclər siyasətinin uğurlu nəticələrindən də
danışıb, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramında Gədəbəydə Gənclər Evinin və Olimpiya İdman
Kompleksinin tikintisinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
A.Rəhimov bildirib ki, 2015-ci ildə dünya bazarlarında neftin
qiymətinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələrdə
bir sıra çətinliklər yaradıb. Nəticədə Azərbaycan da daxil olmaqla,
həmin ölkələrin gəlirləri azalıb. Bu gün respublikada böhranlı
vəziyyətdən ən az itkilərlə çıxmaq üçün ciddi addımlar atılır.
İnsanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə pensiya
və maaşların artırılması, süni bahalaşmaya qarşı ciddi tədbirlərin
görülməsi, əhalinin manata və banklara inamının artırılması,
əmanətlərin sığortalanması və digər məsələlərlə bağlı konkret
tədbirlər reallaşdırılıb. Dünya ölkələrində böhranla əlaqədar
sosial istiqamətlər üzrə xərclər məhdudlaşdırıldığı halda,
Azərbaycanda bu sahəyə dövlət qayğısı artmaqda davam edir. Ötən il
dövlət büdcəsi xərclərinin 31,9 faizi məhz sosialtəyinatlı xərclər
olub ki, bu da 2014-cü illə müqayisədə 3,4 faiz çoxdur.
Dövlətimizin başçısı, ilk növbədə, əhalinin etibarlı sosial
müdafiəsinin təmin edilməsini hökumət qarşısında mühüm vəzifə kimi
qoyub.
Yerli sahibkarları yaradılmış şəraitdən bəhrələnərək
fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum
istifadə etməyə və yerli istehsala söykənən sahələrə vəsait
yatırmağa çağıran nazir deyib: "Gədəbəy rayonunda kənd
təsərrüfatının və turizmin sürətli inkişafı üçün böyük potensial
var. Belə ki, rayonda ənənəvi olaraq arıçılığın inkişaf etdirilməsi
üçün hər cür təbii imkan mövcuddur. Mineral bulaqların sayına görə
Gədəbəy rayonu ölkədə ilk sıralarda yer alır. Bu sahədə də istehsal
şəbəkəsinin genişləndirilməsi mümkündür. Rayonun təbiəti burada
müalicəvi dərman bitkilərinin toplanması və tədarük edilməsi üçün
olduqca əlverişlidir. Gədəbəyi açıq səma altında aptek
adlandırırlar. Son illər rayona ayrılan dövlət vəsaiti hesabına
yeni yolların çəkilməsi, müvafiq infrastruktur qurulması kənd
turizminin inkişafı üçün əlverişli şərait yaradıb. Odur ki, kənd
sakinləri arasında təbliğat, təşviqat və maarifləndirmə aparmaqla
bu sahənin də inkişafına dəstək vermək olar. Rayonun əksər
kəndlərində təbii əhəng daşı ehtiyatları mövcuddur. Bu zəngin
potensialdan səmərəli istifadə edilməsi əhalinin gəlirlərinin
artmasına və Gədəbəyin dotasiya asılılığının azalmasına imkan
yaradar".
A.Rəhimov aqrar sektorda islahatların daha da
dərinləşdirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu gün
əsas hədəf ölkə əhalisinin ərzaq məhsullarına tələbatını bütünlüklə
yerli istehsal hesabına təmin etməkdir. Nəzərə almaq lazımdır ki,
Gədəbəy dağlıq rayondur və burada əkinəyararlı torpaq sahələri
azdır. Lakin növbəli əkin sistemi tətbiq etməklə, müxtəlif tərəvəz
məhsulları istehsalını artırmaq olar. O cümlədən dağlıq ərazilərdə
qoyunçuluğu inkişaf etdirmək üçün şərait var və bundan səmərəli
istifadə olunmalıdır. Bu, eyni zamanda, yun tədarükü və gön-dəri
emalı müəssisələri yaramağa imkan verər.
Görüşdə çıxış edən Milli Məclisin deputatları Sevinc Hüseynova
və Rafiq Məmmədhəsənov qarşıya qoyulan vəzifələrin icrasının
Gədəbəyin inkişafına da böyük təkan verəcəyinə əminliklərini ifadə
ediblər.
Sonra ictimaiyyət nümayəndələrinin və sahibkarların təklif və
müraciətləri dinlənilib. Rayonun sərhədyanı kəndlərində qazlaşdırma
prosesinin sürətləndirilməsi, kreditlərin verilməsi prosedurunun
sadələşdirilməsi və digər məsələlərlə bağlı təkliflər
səsləndirilib.
Tədbir iştirakçıları regionlara göstərilən diqqət və qayğıya,
sahibkarlığın inkişafına verdiyi dəstəyə görə dövlətimizin
başçısına minnətdarlıqlarını bildiriblər.