2008 ci
ildə
içində bomba partladıldıqdan sonra fəaliyyətini dayandıran Əbu Bəkr
məscidinin imam-camaatı Qamət Süleymanov "Axar.az" saytına müsahibə
verib. Həmin müsahibəni olduğu kimi təqdim edirik.
Orda ölənləri də şəhid saymırıq
- Gündəmin əsas mövzularından biri də Suriyaya döyüşməyə
gedən azərbaycanlılardır. Onlar haqda nə düşünürsünüz?
- Bismillahi-r-Rəhmani-r-Rəhim. Təbii ki, Suriya bu gün böyük
bir problem olub. Bilirsiniz ki, Suriyanın əvvəli İraqdır. Böyük
bir əməliyyatın tərkib hissəsidir. İraqda başladı və sonra gəldi
Tunisə, Liviyaya, Yəmənə, hətta bir az da Misirə gəlib çıxdı. Ancaq
Suriyada bir az vəziyyət fərqlidir. Suriyaya qədərki ölkələr üçün
yazdıqları ssenari Suriyada nəsə işləmədi. Həm yerinə görə, həm də
ölkələrin maraqları toqquşurdu. Nəinki Azərbaycan, bütün dünya üçün
Suriya problem olub. Elə Avropanın özü üçün də problem olub. Böyük
Britaniyanın keçmiş baş naziri Toni Bleyrin çıxışına qulaq asdım. O
da bu mövzu ilə bağlı öz narahatçılığını ifadə etdi. Bildirdi ki,
Avropada yaşayan insanlardan gedib orda döyüşənlər qayıdandan sonra
problem olacaq. Öz mövqeyimizə gəldikdə isə, onu deyə bilərəm ki,
bizim camaat orda döyüşməyi məqbul saymır və orda ölənləri də şəhid
saymırıq. O məsələ oranın öz əhalisinin işidir. Burdan gedib orda
döyüşənlərə qoşulmaq düzgün deyil. Təəssüf ki, biz ora gedənlərə
kimin rəhbərlik etdiyini bilmirik.
İslam deyəndə ancaq terrorçuları düşünürlər
- Əksər əhali Suriyaya döyüşməyə gedənlərlə sizin
camaatdan olanları eyni sayır. Əgər ayrı-ayrı düşüncədə və
fəaliyyətdə olan adamlardısa, onlarla sizin hansı fərqləriniz
var?
- Təbii ki, bizi onlarla eyni adam saymaq ən birinci
məlumatsızlıqdır. Azərbaycanda dini maarifçilik baxımından
boşluqlar var. Hətta olduqca bəsit şeyləri belə, bəzən səhv
bilirlər. Məsələn, imam Əli ibn Əbu Talib barədə deyirlər ki,
peyğəmbərdir. Belə deyənlər var. Görünür ki, camaatın arasında dini
maarifçilik aşağıdır və onlar məlumatlardan bixəbərdirlər. Onu
bilməyən insan təriqətlər arasındakı fərqləri necə bilsin? Bu,
təbii haldır. Çünki məlumatsızlıq olan yerdə kimlərinsə bu cür səhv
düşünməsi təbiidir və biz buna normal yanaşırıq. Bizlə onlar təbii
ki, ayrı-ayrı adamlarıq. İslama aidiyyəti olmayan avropalı və
qeyri-müsəlman insanlar islam deyəndə ancaq terrorçuları
düşünürlər. Bu da onun kimi. Elə bilirlər ki, elə ora gedib
döyüşənlər də bizdəndir. Əslində, biz sələfi camaatıyıq və radikal
qruplarla fərqimiz çoxdur.
Biz ölkə başçısını ölkənin hakimi sayırıq, onlar
yox...
- Konkret desək, nə kimi fərqləriniz var?
- Əqidə və dini etiqad baxımından olan fərqlərə toxunsam,
oxuyanlara ağır olacaq. Ona görə istəyirəm ki, camaatın başa
düşəcəyi formada ümumi danışım. Məsələn, biz siyasətə qarışmırıq.
Ölkələrdə, yaşadığımız yerlərdə, heç bir dövlət idarəçiliyinə
qarışmaq kimi bir fikrimiz yoxdur. Ora gedib döyüşənlərlə bizim
əsas fərqimiz budur. Onların əsas ideyası dövlət və hakimiyyət
məsələləridir. Məsələn, "cahil müsəlmanlara münasibət" məsələsində
bizim fikirlərimiz fərqlidir. Biz onları müsəlman sayırıqsa, onları
maarifləndirməyin tərəfindəyiksə, onlar tam tərsinə - elə insanları
ümumiyyətlə, müsəlman saymır və kafir elan edirlər. Cahil müsəlman
deyəndə dini qaydalara əməl etməkdə zəiflik göstərən insanlarımızı
nəzərdə tuturam. Məsələn, namazdan uzaq insanlara, gah qılıb, gah
qılmayan insanlara onların münasibəti olduqca pisdir və radikal
mövqedə dayanıblar. Onlar elə insanları qeyri-müsəlmanlar kimi
kafir sayırlar. Düzdür, namaz qılmamaq böyük günahlardandır. Amma
biz onları dindən çıxartmırıq. İttiham eləmirik, kafir demirik.
Sonra hakimə münasibət məsələsində bizlə onların arasında çox böyük
fərqlər var. Biz ölkə başçısını ölkənin hakimi sayırıq, ancaq onlar
saymırlar. Bu kimi cəhətlərə görə onlar bizdən kəskin
fərqlənirlər.
Onların məqsədi hakimiyyətə qarşı güc
toplamaqdır
- Sizcə, onların bu qədər radikal ruhda yetişdirilməsi
gedib Suriyada və başqa ölkələrdə döyüşmək üçün
deyilmi?
- Tam dəqiq. Onların arasında xüsusi bir qrup var ki, onları
sırf döyüşçü kimi yetişdirmək üçün çalışır. Onların qarşısına
şərtlər qoyur ki, bu məsələlərə baxışınız bu cür olmalıdır. Bu
sözləri deməlisiniz. Məsələn, onlara öyrədirlər ki, mütləq
deməlisən ki, namaz qılmayan kafirdir, ümumiyyətlə, müsəlman ölkəsi
yoxdur, bura da kafir ölkəsidir. Mütləq, ancaq özləri kəsən ətləri
yeməlisən, başqalarının kəsdiyi əti yesən kafirsən. Onların
qabağına mütləq şərt qoyurlar ki, bu hakimiyyətin kafir olduğunu
deməlisən. Həm də siyasi tələblər qoyurlar. Həmin insan özü də hiss
etmədən radikallaşır. Biz özümüz də şahidi oluruq ki, o fikrə
qulluq edən insan onlara qoşulandan sonra sərtləşir və olduqca
radikal birisi olur. Evində sərtləşir, qohum əqrəba ilə sərtləşir,
qonşularla sərtləşir. Hətta bizə qarşı sərtləşirlər. Onların
məqsədi siyasi hakimiyyətə qarşı güc toplamaqdır.
- Onlar əvvəldən sizdən ayrı idi, ya Əbu Bəkr
məscidindəki partlayışdan sonra yollarınız ayrıldı?
- Ola bilər ki, onların arasından kimsə, məscid işləyən
zamanlarda gəlib namazlarda otururdu. Ancaq kütləvi şəkildə
gəlmirdilər. Ancaq onların keçmişdə həmişə bizim yanımızda
olduqlarını demək olmaz. Ümumiyyətlə, ora gedib döyüşənlərlə bizi
bir saymaq, eyni tutmaq, bu məsələni sırf Əbu Bəkrlə bağlamaq
olduqca səhvdir. Təbii ki, ölkədə müəyyən qüvvələr var ki, bunu
bizimlə bağlamaq istəyirlər. Suriyaya döyüşməyə gedənlərin arasında
şiə inancında olanlar da var. Ancaq bunu çox yerdə səsləndirmirlər.
Bir daha deyirəm ki, hansı tərəfdə döyüşməyindən asılı olmayaraq,
Azərbaycan vətəndaşlarının Suriyaya gedib döyüşməkləri məqbul
deyil. Çox qəribədir ki, Əsəd tərəfində döyüşən azərbaycanlıların
adını çəkən yoxdur. Onu da deyim ki, Əsəd tərəfində ermənilərdən də
gedib döyüşənlər var. Çünki ermənilər suriyalılara borcludurlar.
Çünki suriyalı ərəblər və ermənilər Qarabağ müharibəsi zamanı
ermənilər tərəfində vuruşub. Bu, xoşagəlməz haldır. Hizbullahın
liderinin Liviyadan etdiyi çağırışa görə, gedib orda döyüşən
Azərbaycan şiələri az deyil. Mən o adamın çağırışına qulaq asdım.
Loru dildə desək, deyirdi ki, həm sünni, həm də şiə olanlar gəlsin
"razborkamızı" orda həll edək. Şiələrdən gedib döyüşənlərin
əksəriyyəti elə o Nəsrullahın çıxışına görədir.
Əbu Bəkr bağlanmayıb
- Məscid fəaliyyətini dayandırıb. Bəs nə iş görürsünüz,
nə edirsiniz?
- Yox, məscid fəaliyyətini tam olaraq dayandırmayıb. Sadəcə
olaraq, ictimaiyyət üçün bağlıdır. Ancaq öz icmamız məscidə girib
çıxırıq, namaz qılırıq. Bundan başqa internetdə çıxışlarım olur,
onlarla məşğul oluram. Məhdud səviyyədə də olsa, fəaliyyətim var.
Bəzən bir qardaşın məclisinə gedəndə, xeyir işində iştirak edəndə,
görürsən ki, insanlar dinə acdır. O qədər suallar verirlər ki.
Çoxunun məlumatsız olduğu ortaya çıxır. Çoxu istəyir ki, görüşsün.
Elə hey bizə qulaq asmaq istəyirlər.
Heydər Əliyevə cənazə namazı qılmasaydım
da...
- Xəvariclər sizin haqqınızda deyirlər ki, o Heydər
Əliyevin cənazə namazını qılıb və ona görə lənətullahdır. Buna nə
deyirsiniz?
- Bu bəhanədir təbii ki. Mən Heydər Əliyevə cənazə namazı
qılmasaydım, guya onlar dönməyəcəkdilər? Bunların hamısı bəhanədir.
Onlar radikal ruhda yetişdirilir və siyasi məqsədlər üçün nəzərdə
tutulublar. Bu fikir onlarda var idi. Sadəcə, bəhanə gətirirlər.
Məsələn, onlar bəhanə gətirirlər ki, Qarabağda cəbhə yoxdur deyə,
gedib Suriyada döyüşürlər. Bu da bəhanədir və yalandır. Onlar
Qarabağda döyüşməyi cihad saymırlar. Onların çoxu bu fikri
açıq-aydın deyir. Deyirlər ki, Qarabağda döyüş başlasa biz gedib
döyüşməyəcəyik. Bu cür bəhanə gətirirlər.
Ola da bilər ki, tamamilə başqa bir məscid bu işlə
məşğuldur
- Sizin imam-camaatınızdan olan sələfilərin arasında
elələri var ki, Suriyaya gedib döyüşənlərin Ləzgi Məscidi və onun
axundu Ramin Həmzəyev tərəfindən döyüşməyə göndərildiyini iddia
edir. Bu barədə siz özünüz nə deyə bilərsiniz?
- Bilirsiniz, bunu demək çətin məsələdir. Belə bir şeyi iddia
etmək üçün əlimizdə ciddi və inkaredilməz faktlar olmalıdır. Əlimdə
belə bir fakt yoxdur və ona görə konkret nəsə deyə bilmərəm. Ancaq
ola bilər ki, azərbaycanlıları Suriyaya göndərənlərdən kimsə həmin
məsciddə otursun. Ola da bilər ki, heç adı zikr edilməyən, tamamilə
başqa bir məscid bu işlə məşğuldur. Bu işi konkret hansısa məscid
və ya imamla əlaqələndirmək çətin məsələdir, bunun üçün sübut
lazımdır.
- Nə təklif edirsiniz, məsələni necə həll etmək
olar?
- Çox şey etmək olar. Maarifləndirici işlər görmək olar. Dini
məsələlərdə insanların məlumatı aşağıdır. Onu həll etsək, çox şey
düzələr. Əbu Bəkr məscidi açılsa, əhli-sünnədən olan insanlar ora
namaza gələr və maariflənərlər. Məscidlər açılmalı və onun
idarəçiliyi normal dini təhsili olanlara verilməlidir. Bu kimi
işlər görülsə, insanları Suriyada döyüşmək fikrindən yayındırmaq
olar. Gec olsa da, nəsə etmək mümkündür. Bir fikrə insanı salmaq
asandır. Ancaq onu həmin fikirdən uzaqlaşdırmaq çətin
məsələdir.
Sumqayıt olayları böyük səhv idi
- Necə olur ki, insanlar o cür radikal və ekstremist
fikirlərə düşürlər?
- Böyük səhvlərdən biri Sumqayıt olayları idi. Onlarla o cür
davrananda onlar da radikallaşır və o cür ekstremistlərin sayı
çoxalır. Əbu Bəkr məscidinin, Gəncədə sünni məscidinin bağlanması
və s. onları daha da radikallaşdırdı. Gəncədəki o məscid indi
kitabxana kimi fəaliyyət göstərir. Bu da orda ibadət edən
insanların radikallaşmasına səbəb olur. Yaddan çıxartmaq lazım
deyil ki, məscidi bağlamaq, ibadətə mane olmaq dövlətə xidmət
etmir. Tam tərsi, dövlətin işinə mane olur. Çünki o insanları
radikallaşdırmaq üçün bəhanə axtarırlar. Onların əlinə səbəb vermək
olmaz. Bəzi məzhəblər bizi rəqib görürlər özlərinə. Ancaq söhbət
dövlət maraqlarından gedirsə, Əbu Bəkr məscidi açılmalıdır. Binə və
Sədərək ticarət mərkəzlərində işləyən qardaşlarımızı gəlib siyahıya
alırlar. Bu kimi şeylər insanları radikallaşdırır. Dövlət gərək
bunu nəzərə alsın. Belə şeylər etmək olmaz. Mən hələ başqa şeyləri
demirəm.
Neynəyək, ticarətlə məşğul olmayaq?
- Məsələn başqa nə?
- Əvvəl olanları deyirəm də. Qardaşların saqqalını qırxırdılar.
Bu onlara çox pis təsir edirdi. Şükürlər olsun ki, indi belə şeylər
yoxdur. Bu çox böyük səhv idi. Radikallar belə məsələlərdən çox
böyük məharətlə istifadə edirdilər. İndi Binə ticarət mərkəzində
işləyən qardaşları siyahıya alırlar. Neynəyək, ticarətlə məşğul
olmayaq? Hər kəs orda öz ailəsinin ruzisini qazanır da.
Radikalların artmasının əsas səbəbləri xaricdə olsa da, daxildə də
yetərincə səbəb var. Dövlət addımlarına fikir verməlidir.
Saqqallarını qırxmaqla guya onlar fikirlərindən dönürlər? Tam
tərsi, radikallaşmaqlarına təkan verirlər.
- Sizin əhli-sünnə camaatı arasında müəyyən nüfuzunuz
var. Şiə inancında olan nüfuzlu axundlarımız da var. Həm sizin, həm
onlar azərbaycanlıların Suriyada döyüşməyinə qarşı çıxırsınız. Bu
ortaq cəhətdir. Bu cür məsələlərdə birgə hərəkət etmək
olmaz?
- Bu mənim səlahiyyətimdə olan şey deyil. Belə işləri dövlət
görməlidir. Kimlərisə bir araya gətirmək üçün dövlət özü hərəkət
etməli, siz deyən müzakirələri təşkil etməlidir. Məni heç zaman heç
bir müzakirəyə və konfransa çağırmırlar. Yəqin ki, hələ ehtiyac
görmürlər...