Argentinanın nüfuzlu "İnfobae" xəbər portalında Azərbaycan
Respublikasının Argentinadakı səfirliyinin müvəqqəti işlər vəkili
Rəşad Aslanovun erməni əsilli jurnalistin yazısına "Azərbaycan
reallıqları" adı altında cavab məqaləsi yayımlanıb.
Axar.az xəbər verir ki, Rəşad Aslanov məqaləsində erməni əsilli
jurnalistin fikirlərinin əsassız olduğunu faktlarla üzə
çıxarıb.
Məqaləni təqdim edirik: 15 fevral tarixində "İnfobae"-də dərc
olunmuş məqalə erməni əsilli müəllif Lukas Koussikianın Azərbaycana
qarşı qərəzli mövqeyinin növbəti ifadəsidir. Azərbaycan xalqı
1992-ci il fevral ayının 25-dən 26-sına keçən gecə erməni silahlı
qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımın 24-cü ildönümü
ərəfəsindədir. Bu səbəbdən beynəlxalq ictimaiyyətin diqqətini
"Xocalıya ədalət!" Beynəlxalq Kampaniyası və ölkəmizə qarşı həyata
keçirdiyi hərbi təcavüzdən yayındırmaq məqsədilə məqalədə "Sumqayıt
hadisələri", "Azərbaycanda insan hüquqlarının pozulması",
"ölkəmizdə iqtisadi vəziyyətin mürəkkəb olması" ilə bağlı
cəfəngiyyat dolu məlumatlarla təbliğat aparılır.
1988-ci ilin 26-28 fevral tarixlərində Azərbaycanın Sumqayıt
şəhərində erməni əsilli Eduard Qriqoryan adlı şəxsin xüsusi
fəallıqla iştirak etdiyi iğtişaşlar nəticəsində erməni və
azərbaycanlılar da daxil olmaqla 26 nəfər həlak olmuşdur. Qiyam və
qətl hadisələrinin təşkilində və icra olunmasında təqsirli
bilinərək həbs cəzasına məhkum edilmiş şəxslərdən biri olan həmin
E.Qriqoryan hadisələrin 26 qurbanından 6-sını şəxsən özü qətlə
yetirib. Daha sonra o, cəzasını çəkmək üçün Ermənistana göndərilib
və orada azadlığa buraxılıb.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticəsi olaraq
Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20%-ni
təşkil edən Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal
olunmuş, 1 milyondan çox azərbaycanlı etnik təmizləmə nəticəsində
öz doğma torpaqlarından qovulmuşdur. Heç kimə sirr deyil ki,
1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə ermənilər
Azərbaycan şəhəri Xocalını hər tərəfdən artilleriya atəşinə məruz
qoyaraq dağıtdılar və xüsusi qəddarlıqla dinc əhaliyə qarşı qırğın
törətdilər. Bir gecənin içində 613 nəfər, o cümlədən 106 qadın, 63
uşaq və 70 yaşlı insan xüsusi qəddarlıqla qətlə yetirildi. 1.275
sakin girov götürüldü, 150 nəfərin taleyi hələ də naməlum qalıb.
Faciə zamanı 487 nəfər Xocalı sakini ağır yaralandı, 6 ailə
tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir
valideynini itirdi.
Ermənistan rəhbərliyinin Xocalıda baş vermiş və münaqişə dövründə
həyata keçirdiyi qanlı cinayətlər çoxsaylı müstəqil mənbə və hadisə
şahidləri tərəfindən sənədləşdirilmişdir. "Black Garden: Armenia
and Azerbaijan Through Peace and War" kitabında Thomas de Waal
Xocalı qətliamının səbəblərini etiraf edən Ermənistan
Respublikasının hazırki prezidenti Serj Sarkisyandan sitat gətirir:
"Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc
əhaliyə əl qaldırmağa qadir olmayan insanlardır. Biz bu stereotipi
dağıtmağa nail olduq. Və bu da baş verdi". Meksika, Pakistan,
Türkiyə, Çexiya, Rumıniya, Bosniya və Hersoqovina, Panama, Peru,
Kolumbiya, Serbiya, İordaniya, Honduras, Sudan, Qvatemala, Paraqvay
və ABŞ-ın 16 ştatının qanunverici orqanları tərəfindən Xocalıda
törədilmiş soyqırımı və insanlıq əleyhinə törədilmiş digər
cinayətləri pisləyən qətnamələr qəbul olunmuşdur.
Erməni hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən
dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqın və
məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin olunmasını
tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874,
884 saylı qətnamələri, BMT Baş Assambleyasının 2008-ci il 62/243
saylı qətnaməsi, ATƏT, AŞ Parlament Assambleyası, Avropa Parlamenti
və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənəd və
qətnamələr Ermənistan tərəfindən icra edilməməkdədir. Torpaqlarının
20 ildən artıq bir müddətdə Ermənistanın hərbi işğalında olmasına
baxmayaraq, Azərbaycan hələ də münaqişənin sülh yolu həlli
istiqamətində səylərini davam etdirir.
Çoxsaylı mülki vətəndaşların və siyasətçilərin qətli ilə uzun
illərdir ki, hakimiyyəti qəsb etmiş və ölkəni müflis səviyyəsinə
çatdırmış Ermənistanın hərbi-oliqarxik repressiv diktatura rejimi
öz ölkəsində ağır vəziyyətdən diqqəti yayındırmaq üçün təcavüz
siyasətindən əl çəkmir. Yoxsulluq və iqtisadi problemlər səbəbindən
hər il daha çox insan azad və rahat həyat axtarışında Ermənistanı
tərk edir.
Azərbaycanda isə müəllifin söylədiklərinin tam əksi olan reallıq
mövcuddur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin liderliyi ilə son 10 ildə Azərbaycan iqtisadiyyatı 300%
artmış, ölkəmizin ticarət tərəfdaşlarının sayı 150-yə çatmış,
ticarət və iqtisadi tərəfdaşlıq barədə 60-dan çox ikitərəfli
müqavilə imzalanmış, ölkənin xarici ticarəti 4.3 dəfə artmışdır.
İşsizlik səviyyəsi 2001-ci ildəki 50% ilə müqayisədə 2015-ci ildə
5% olmuşdur. 2015-ci ildə qeyri-neft sektorunda 8.4 % iqtisadi
artım qeydə alınmışdır. Dünyada baş verən iqtisadi və maliyyə
böhranı fonunda Azərbaycan iqtisadiyyatı öz artım tendensiyasını
qorumaqdadır.