Bu gün Xocalı soyqırımının 24-cü ildönümü tamam olur.
Bizim vicdanımız və siyasi məsuliyyətimiz insanlıq tarixinin ən
dəhşətli kütləvi terroru və barbar aktlarından biri olan bu amansız
və vəhşicəsinə törədilmiş soyqırımı unutmamağa vadar
edir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin
deputatı, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin
sədr müavini, Büro üzvü Azay Quliyev ATƏT Parlament Assambleyasının
Vyanada keçirilən qış sessiyasında çıxışı zamanı deyib.
A.Quliyev daha sonra bildirib: "Həmin gün həyatlarını faciəli
şəkildə itirən dinc azərbaycanlıların xatirəsini anmaq üçün mənə
qoşulmağınızı xahiş edirəm.
Suriyada davam edən böhran, bütün Orta Şərqdə və Şimali
Afrikadakı siyasi-hərbi qeyri-stabillik ATƏT regionu üçün ciddi
təhlükəsizlik probleminə çevrilib.
Ölkələrin daxili işlərinə xarici müdaxilələr, məhdud siyasi
maraqlar üçün etnik və dini fərliliyin manipulyasiyaları həm həmin
ölkələrdə və həm də ATƏT ərazisində faciəli nəticələrlə yekunlaşdı.
Dövlət institutları, sosial-iqtisadi strukturlar tamamilə məhv
oldu, bütün region İslamı barbar məqsədləri üçün istismar və
manipulyasiya edən İŞİD kimi terrorist təşkilatları yetişdirən
məkana çevrildi".
A.Quliyev qeyd edib ki, hazırda yüz minlərlə insan həyatda
qalmaq üçün Avropaya üz tutur: "Yaxın Şərqdən Avropa istiqamətində
yol boyunca qadınlar və uşaqlar daxil olmaqla günahsız insanların
ölüm səhnələrini görmək olduqda sarsıdıcıdır. Təəssüflər olsun ki,
bəzi hallarda qaçqınlar dözümsüzlük, irqçilik və ayrı seçkiliklə
üzləşirlər. Bu da öz növbəsində radikal və ekstremist qrupların
maraqlarına xidmət edir.
Mən şəxsi təcrübəmdən kütləvi köçkün problemləri ilə məşğul
olmağın,xüsusilə də müharibə zamanında nə qədər çətin olduğunu
bilirəm. 20 ildən artıqdır ki, mənim ölkəm Azərbaycan etnik
təmizləmədən əziyyət çəkən ölkələrdən biridir. Bizim ən sadə insan
haqlarından belə məhrum edilmiş 1,2 milyon qaçqın və məcburi
köçkünümüz var. Onlar hələ də təhlükəsiz və ləyaqətli şəkildə öz
doğma evlərinə qayıtmaları üçün şərait yaradacaq münaqişənin
həllini gözləyirlər.
Məcburi miqrasiya yalnız bizim təxirəsalınmaz, birgə və iradəli
cəhdlərimiz sayəsində öz həllini tapa bilər. Biz ritoriklərdən uzaq
durmalı və qurbanlara rəğbətlə yanaşmalıyıq. İndi problemlərin
köklü səbəblərinə həll etməyin əsl vaxtıdır. Silahlı münaqişələr
problemin mərkəzində dayanır və biz davamlı həlli tapmaq üçün
cəhdlərimizi ikiqat artırmalıyıq. Bu cəhdlər münaqişənin
nəticələrinin aradan qaldırılması istiqamətinə və köçkün düşmüş
əhalinin öz doğma yurdlarına qayıtmaları üçün normal şəraitin
yaradılmasına yönəlməlidir. Bu, yeganə davamlı həll yoludur".