Yuxarı

Putin-Si görüşü Qafqaza da təsir edəcək – Ərol

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Putinin Çinə səfəri diplomatik əlaqələrin qurulmasının 75-ci ili münasibətilə gerçəkləşdirilsə də, nəticə və hədəflər baxımından tərəflərlə məhdudlaşmır. Yeni beynəlxalq münasibətlər sisteminin inşası mərhələsində bu iki dövlətin ortaya qoyacağı birgə fəaliyyət həm də hansı gələcəyi istədikləri mesajını verir.

Bu sözləri Axar.az-a Rusiya prezidentinin Çinə səfərinin səbəbləri haqqında danışan Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərol deyib.

Professor ABŞ-ın Ukrayna müharibəsi ilə Avropanı özünə bağladığını bildirib:

“Rusiya dövlət başçısının seçkilərdən sonra Çinə rəsmi səfəri yeni dövrdə hansı aktorla necə bir beynəlxalq sistem hədəfinin olduğunu göstərir və buna görə də onu tərəflər arasındakı münasibətlərin daha güclü bir zəminə oturdulması istiqamətdə yolların axtarışı kimi dəyərləndirmək mümkündür. Moskva və Pekin BMT başda olmaqla bir sıra beynəlxalq təşkilatlarda, həm də BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatında birgə hərəkət edirlər. Vacib olan isə odur ki, Rusiya və Çin ABŞ-ın təkqütblü dünya istəyinə qarşı çoxqütblü müstəvini müdafiə edən iki əsas aktor kimi önə çıxır. Ukrayna müharibəsinin də əsas məqsədi budur. Əgər müharibənin mövcud nəticələrinə baxsaq, ABŞ-ın Avropanın Almaniya-Rusiya mərkəzli fərqli yol axtarışlarının qarşısını aldığını və qitənin əksər ölkələrini özünə bağladığını görə bilərik. Vaşinqton eynilə Avropaya dair məsələlərdə NATO üzərində təsirini artırır. Makronun NATO və ABŞ, strateji muxtariyyət ilə bağlı son illərdə dedikləri də bunu sübut edir. Yəni çoxqütblü dünya uğrunda mübarizə Avropada çox böyük zərbə aldı və Ukrayna müharibəsinin nəticəsi bu prosesə öz təsirini göstərəcək”.

Alimin sözlərinə görə, Rusiyanı çevrələmə siyasəti hazırda Çinə doğru genişlənir:

“Artıq Hindistan da strateji muxtariyyət məsələsində əvvəlki kimi etirazlarını uca səslə çıxartmır və ABŞ-la AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ arasında Hind-Sakit okean regionu üçün üçtərəfli təhlükəsizlik tərəfdaşlığı – red.), eyni zamanda digər formatlarda əməkdaşlığı gücləndirir. Atılan addımlar Rusiyanı çevrələmə siyasətinin Asiya-Sakit okeanı, Hind-Sakit okean regionuna tərəf genişlənməsinə xidmət edir. Bu da qaçınılmaz şəkildə Çini hədəf taxtasına qoyur. Dolayısı ilə Putin və Si Szinpin arasında olan müzakirələrin əsas gündəmi burada çoxqütblü dünya üçün müqavimət cəbhəsini formalaşdırmaqdır. Pekin və Moskvanın narahatlıqları və hədəfləri eynidir”.

Ərol dünyada dəyərlərlə bağlı gərgin mübarizənin boşluğa və xaosa gətirib çıxardığını qeyd edib:

“Putinin səfərdən əvvəl, Szinpinin isə Fransa, Serbiya və Macarıstan səfərlərində verdiyi mesajlarda Qərbin malik olduğu qurumlar və dəyərlər ilə başqalarını görməzlikdən gəlməsinin artıq böhran həddinə çatdığını, özlərinə yaxın ölkələrlə birlikdə mövcud sistemin təftişinə və alternativ sistemin qurulmasına ehtiyac olduğunu bildirdilər. Qərb özü də Soyuq müharibə dövründə alət kimi istifadə etdiyi dəyərlər və qurumlarla vəziyyəti idarə etməkdə çətinlik çəkir. Ona görə Qərb də axtarışdadır. Nəticə olaraq çoxtərəfli xaos və qarışıqlıq ortaya çıxır. Əsl təhlükə də elə budur. Dünyada ciddi şəkildə dəyərlərin degenerasiyası və toqquşması var. Bu vəziyyət gələcəklə bağlı qeyri-müəyyənliyi, qorxunu, narahatlıqları artırır. Ona görə də Moskva və Pekin əvvəlcə öz aralarında yeni mexanizmlərin işlənməsi yolu ilə strateji əlaqələri dərinləşdirmək, sonra bunu regional və beynəlxalq miqyasa çıxartmaq üçün ortaq addımlar atır”.

Alim nəqliyyat dəhlizləri, enerji mənbələri və su yolları uğrunda gedən mübarizənin Cənubi Qafqaza da təsirsiz ötüşməyəcəyini, yeni münaqişə ocaqlarının üzə çıxma ehtimalının olduğunu vurğulayıb:

“HƏMAS və İsrail arasındakı müharibə, marşrutlar və dəhlizlər ilə bağlı baş verən hadisələr də ölkələrin yeni yol xəritəsi axtarışında olduğunu göstərir. Buraya “Bir kəmər, bir yol” layihəsi, Orta dəhliz, Zəngəzur dəhlizi, İraqdakı “İnkişaf yolu” dəhlizi, İMEC layihəsi, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizi və s. məsələlərlə bağlı dövlətlərin tutduqları mövqe aiddir. HƏMAS ilə İsrail arasındakı müharibə də yalnız iki tərəflə məhdudlaşmır. Şərqi Aralıqdakı enerji mənbələri, Qırmızı dəniz, Ərəbistan dənizindəki su yollarına nəzarət məsələsində mübarizə şiddətlənir. İran, Çin və Rusiya burada özləri üçün yeni mübarizə sahələri axtarır, BMT isə Qırmızı dənizdə təhlükəsizliyi səbəb göstərərək, ABŞ və Britaniyaya səsini çıxarmır. Putin və Si Szinpin görüşü də nəticə olaraq üzə çıxacaq hadisələrə hazırlıq mahiyyəti daşıyır.

Ukrayna müharibəsi qırılma xəttidir və bu, Çinə doğru uzanır. Proseslərin Mərkəzi Asiyadan Cənubi Asiyaya və Cənubi Qafqaza da təsirsiz ötüşməyəcəyini proqnozlaşdırmaq mümkündür. Eyni zamanda indi Cənubi Çin dənizi, Yeni Kaledoniya, Maldiv, Şri-Lanka, Myanma, Əfqanıstan və Pakistanı müzakirə edirik. Sadaladığımız hadisələr Avrasiyanı yeni güc mübarizəsinin mərkəzinə çəkir. Bu da yeni cəbhələşmələrə, mövcud əlaqələrin dərinləşdirilməsinə gətirib çıxarır. Rusiya və Çin tarixdə görülməmiş şəkildə birgə addımlar atırlar. Ortaq təhdid və gələcək axtarışları, məcburiyyət halında birgə hərəkət ehtiyacı Rusiya ilə Çini yaxınlaşmaya məcbur edir”.

Tarix
2024.05.18 / 09:16
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı

Dudanın sərhədə gəlməsinə rəsmi Bakıdan reaksiya - Foto

Bələdiyyə seçkilərinə bu tarixdə yekun vurulacaq

Duda Azərbaycanla sərhəddə... - Video

Azərbaycanda 29 yanvara seçki təyin edildi

İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?

Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya

Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi

Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video

Bu, Əliyevin qələbəsidir - Solonnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla