Türkiyənin "Xalq Bank"ı Babək Zəncaninin İrana pul
gətirməsinə maneə yaradır.
Axar.az xəbər verir ki, bu sözlər azərbaycanlı milyader Babək
Zəncaninin vəkillərinin "Tesnim" agentliyinə təqdim etdiyi
sənədlərdə yer alıb. Sənədə görə, martın 3-də İran Mərkəzi Bankı
Zəncaniyə öz borcunu qaytarması üçün Türkiyədəki "Xalq Bankı"na aid
bir hesab nömrəsi verir. Bundan sonra Zəncani Malaziyada yerləşən
"Föst İslamik Bank"dan bu hesaba pul transferi etməyə çalışır,
lakin "Xalq Bank" buna icazə vermir. "Xalq Bankı"n xarici məsələlər
üzrə nümayəndəsi Əlif Ərcan Sözəri transferi həyata keçirmək üçün
Malaziya bankının "OBER Bank"la əlaqə qurmasını və xaricdən yalnız
onun vasitəsilə pul aldıqlarını bildirir.
Malaziya bankı "OBER Bank"la əlaqəyə girir, amma bu bank da
Zəncaniyə aid pulu götürməkdən imtina edir. Sonradan bankın
göndərdiyi məktubda "OBER Bank" nümayəndəsi "Xalq Bankı" ilə
əlaqələrinin olduğunu, amma bu xidmətləri yalnız öz müştəriləri
üçün təqdim etdiklərini söyləyir.
Zəncaninin vəkilləri məhz buna görə bəzi şəxslərin Zəncanini
qəsdən edama göndərdiklərini bildirirlər. Onların fikrincə, bu işdə
"Xalq Bankı"n əli var.
Qeyd edək ki, martın 7-də İran məhkəməsi milyarder Babək
Zəncaninin edam edilməsi qərarını verib. Zəncani İranın neft
pullarının mənimsənilməsində və çirkli pulların yuyulmasında
günahlandırılır. Hazırda Zəncaninin 14 milyard dollar sərvəti var.
Güney Azərbaycandan olan məşhur milyarder Rza Zərrab onun
Türkiyədəki əsas ortağı hesab edilir.
Maraqlı məqam ondan ibarətdir ki, bir müddət öncə rəsmi Tehran
Zəncaninin edam qərarının dəyişdirilə biləcəyini söyləyib. Bunun
üçün Zəncanidən ölkəyə olan 2,8 milyard dollarlıq borcunun geri
qaytarılması tələb olunur.
Zəncaninin vəkilləri də edam qərarından apelyasiya şikayəti
verəcəklərini açıqlayıblar.