Bu gün Azərbaycanın xarici işlər naziri Elmar
Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İraqda rəsmi səfərdə
olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
"Axar.az"a verilən məlumata görə, səfər zamanı
E.Məmmədyarov İraqın Baş naziri Nuri əl-Maliki və xarici işlər
naziri Xoşyar Zebayri ilə görüşlər keçirib.
İraqın Baş naziri ilə görüş zamanı ikitərəfli münasibətlərin
inkişafı, müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət, enerji,
təhsil sahələrində əməkdaşlıq perspektivləri, eləcə də iki ölkə
arasında hökumətlərarası müştərək komissiyanın fəaliyyəti müzakirə
edilib.
Terrorizmin beynəlxalq ictimaiyyət, o cümlədən ölkələrimiz üçün
böyük təhlükə olduğu qeyd olunaraq, bu sahədə əməkdaşlığın xüsusi
əhəmiyyət kəsb etdiyi və beynəlxalq birliyin səylərinin səfərbər
edilməsinin vacibliyi vurğulanıb.
E.Məmmədyarov İraqın Baş nazirinə Ermənistan-Azərbaycan
münaqişəsi ilə bağlı məlumat verərək, BMT Təhlükəsizlik Şurasının
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş
ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən
4 qətnamə qəbul etdiyini və bu qətnamələrin hələ də Ermənistan
tərəfindən yerinə yetirilmədiyini və Azərbaycan torpaqlarının
Ermənistan tərəfindən işğalının davam etdiyini diqqətə
çatdırıb.
Bu işğal nəticəsində bir milyona yaxın insanın qanlı etnik
təmizləməyə məruz qalaraq, tarixi torpaqlarından qovulduğunu və
qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən nazir
Ermənistanın beynəlxalq hüquqa davamlı surətdə hörmətsizlik nümayiş
etdirdiyini qeyd edərək, bu ölkənin beynəlxalq təşkilatların qəbul
etdiyi qətnamələrə riayət etməli olduğunu vurğulayıb. E.Məmmədyarov
münaqişə ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini və beynəlxalq
təşkilatlar çərçivəsində dəstəklədiyinə görə İraqa öz təşəkkürünü
ifadə edib.
Nuri Əl-Maliki İraqın Azərbaycan ilə müxtəlif sahələrdə
əməkdaşlığa hazır olduğunu bildirib. Baş nazir İraqın Azərbaycanın
ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edərək,
beynəlxalq birlik tərəfindən qəbul edilmiş və tanınmış Azərbaycanın
ərazi bütövlüyünün pozulmasını təcavüz kimi qiymətləndirib və
beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə
yetirilməli olduğunu vurğulayıb.
Səfər çərçivəsində E.Məmmədyarov İraqın xarici işlər naziri
X.Zebayri ilə də görüşüb.
X.Zebayri ilə görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin
inkişaf səviyyəsinin məmnunluq doğurduğu qeyd olunaraq,
iqtisadiyyat, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlığın
genişləndirilməsi məqsədilə birgə səylərin artırılmasının vacibliyi
vurğulanıb.
Bu xüsusda, xarici işlər nazirləri iki ölkə arasında fəaliyyət
göstərən hökumətlərarası komissiyanın fəaliyyətini müzakirə
ediblər. Görüşdə müştərək komissiyanın İraq tərəfindən həmsədri
rabitə və əyalətlər naziri əvəzi Turhan əl-Mufti də iştirak
edib.
Nazir E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və
münaqişənin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək,
bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İraq
tərəfinə öz təşəkkürünü ifadə edib.
X.Zebayri İraqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və
sərhədlərinin toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıraraq,
ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn
norma və prinsipləri, eyni zamanda, beynəlxalq təşkilatların qərar
və qətnamələri əsasında həllinin tərəfdarı olduğunu bildirib.
E.Məmmədyarov həmkarına Azərbaycanın iştirakı ilə regionda
həyata keçirilən strateji enerji və nəqliyyat layihələri barəsində
məlumat verib.
İraqlı tələbələrin Azərbaycanda təhsil aldığını qeyd edən nazir
gələcəkdə bu imkanların daha da artırıla biləcəyini qeyd edib.
Görüşdə Azərbaycan və İraq xarici işlər nazirləri tərəfindən
"Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti
arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin
vizasız gediş-gəlişi haqqında saziş" imzalanıb. Bu sazişin iki ölkə
arasında təmasların artmasına xidmət edəcəyi vurğulanıb.
Görüşdən sonra E.Məmmədyarov və X.Zəbayri kütləvi informasiya
vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçiriblər.