Son günlər Rusiya bölgədəki hadisələrə aktiv sürətdə qoşulur.
Krımla bağlı açıqlamalar, miqrasiya ilə bağlı vəziyyətin qarışması
davam edir. Bu məsələlərin fonunda Vladimir Jrinovskinin rəhbəri
olduğu Rusiya Liberal Demokrat Partiyası xüsusilə radikal çıxışlar
etməklə fərqlənir. Məsələ ilə əlaqədar LDPR-in üzvü, Rusiya
Dumasının deputatı Roman Xudyakovla danışdıq.
Rus donanması sakit baxmayacaq...
- Krım öz muxtariyyətini itirə bilərmi?
- Məncə, Krım hər şeyə rəğmən öz muxtariyyətini saxlayacaq.
Ultramillətçi qrupların açıq-aşkar bu arzularını ifadə etmələrinə
baxmayaraq, Ukrayna hakimiyyəti və sadə Krım vətəndaşları öz
statuslarını qorumaq niyyətindədirlər. Burada nəyisə dəyişmək elə
də asan olmayacaq. Əgər ölkədə hakimiyyət dəyişsə Krımın
muxtariyyətini itirməsi elə də rahat olmayacaq. Bu məsələdə Rusiya
da kənarda qalmayacaq. Açığı, bu əyalətdə bizim çoxlu vətəndaşımız
yaşayır və bizim hərbi donanmamız da Krımda yerləşir. Krım haqqında
atılan istənilən qeyri-qanuni addım bizimlə müzakirə ediləcək.
- Son günlər Krımın Türkiyəyə qaytarılması kimi iddialar
səsləndirilməyə başlanıb. Buna səbəb kimi isə Osmanlı imperiyası və
Rusiya arasında Krımla əlaqədar imzalanmış müqavilə müddətinin
bitməsi göstərilir. Sizcə, Osmanlının qanuni varisi kimi Türkiyə
Krımı yenidən geriyə tələb edə bilərmi?
- Bütün bu iddialar ciddi qəbul edilə bilməz. Düşünmürəm ki,
Türkiyədə kimsə ciddi şəkildə Krımın yenidən özlərinə geri
qaytarılması haqqında danışsın. Bu, sadəcə, piardır. Əgər biz 18-ci
əsrdə kimin hansı ərazilərə malik olduğuna nəzər yetirsək və bunu
tələb etsək, o zaman gərək bütün dünya öz şəkilini dəyişdirsin.
Krımın taleyi ilə bağlı gərək ilk növbədə burada yaşayan
vətəndaşların özləri qərar versinlər. Onların özündən soruşmaq
lazımdır ki, kiminlə və hansı statusda olmaq istəyirlər. Mən əminəm
ki, Krım əhalisini Türkiyədən daha çox Rusiya özünə cəlb edir.
Rusiya ordularını Ukraynaya göndərə bilər
- Jrinovski deyir ki, Rusiya gərək Ukraynaya öz
ordularını göndərsin. Bu fikir reallaşa bilərmi?
- Hazırkı məqamda Ukraynada hər şey baş verə bilər. Lakin mənə
elə gəlir ki, məsələ orduların bura yeridilməsinə qədər gəlib
çatmayacaq. Vladimir Volfofiç əslində bütün vasitələrlə Ukraynada
yarana biləcək vətəndaş müharibəsinin qarşısını almaqdan ötrü
bunları deyirdi. Təsəvvür edin ki, nə qədər insan həmin ana qədər
ölə bilər? Ölkəni nəyə çevirərlər? Bu konfliktin qarşısını
doğulmazdan öncə almaq daha yaxşı olardı. Təbii ki, Rusiya bu
məqamda bütün beynəlxalq hüquq normalarını əsas tutacaq.
- Bəs miqrantlarla problem necə həll oluna bilər? Sizin
partiya, deyəsən, bu istiqamətdə çox radikal mövqeyə
malikdir.
- Rusiyada miqrantlarla bağlı problem artıq müddəti keçmiş
məsələdir və yalnız həlledici qərarlar vəziyyəti xilas edə bilər.
Hazırda Moskva və Sankt-Peterburqda hansı situasiya hökmranlıq
edir? Burada etnik cinayətkarlıq çox yüksək səviyyədədir. Gecə
küçədə qarət olunacağam və ya öldürüləcəyəm qorxusu ilə küçəyə
çıxmaq mümkün deyil. Vətəndaşlar bütün gücləri ilə çalışırlar ki,
istənilən bazar və tikintidən yan keçsinlər. Bizim partiya məhz
qeyri-qanuni miqrasiya və Rusiyaya xuliqanlarla cinayətkarların
gəlməsinə qarşı çıxış edir. Biz başqa ölkələrin xoşniyyətli,
qanunlara əməl edən vətəndaşlarına qarşı heç bir iddia ilə çıxış
etmirik.
Mənim təklifim əsasında qeyri-qanuni miqrasiyanın həll edilməsi
ilə bağlı qanun layihəsi hazırlanır. Bu hazırladığım layihəyə
əsasən tez bir zamanda qeyri-şərtsiz olaraq miqrasiya haqqında
qanunvericiliyi pozmağa görə cərimələri artırmaq lazımdır. Hər
hansı bir şəxs Rusiya Federasiyasına gəliş zamanı baş vermiş qayda
pozuntuları üçün 50000 rubl cərimə ödəyəcək. Qanunu pozan xarici
vətəndaşlar sərhəd kənarına çıxarılacaq və 15 il geri qayıda
bilməyəcəklər. Qeyri-qanuni miqrantlara iş verən bütün iş
adamlarına 1 milyon rubl cərimə kəsiləcək. Xüsusilə bazarlara
diqqət etmək lazımdır ki, burada əsas üstünlüyü yerli satıcılar
qazansınlar. Bax, bütün bunlar həyata keçiriləndən sonra Rusiyanın
qarşısında bu problemlə bağlı heç bir təhlükə qalmayacaq.
Qarabağ konflikti Rusiyanın iştirakı ilə həll
olunmalıdır
- Rusiya Qarabağ və Dnesteryanı kimi seperat rejimləri
tanıya bilərmi?
- LDPR həmişə konfliktlərin sülh yolu ilə həll olunması üçün
çıxışlar edib. Bu ərazilərdə yaşayan xalqlar mütləq məsələ ilə
əlaqədar mövqelərini deməli və dinlənilməlidirlər. Qarabağ və
Dnesteryanı məsələləri bir-birindən fərqlənir və onlara bir yerdə
nəzər yetirmək doğru olmaz. Oradakı tarix və hazırda davam edən
situasiya da fərqlidir. Onların statusu bütün konflikt
tərəflərinin, beynəlxalq vasitəçilərin, birinci növbədə isə
Rusiyanın iştirakı ilə beynəlxalq qanunvericilik çərçivələri
əsasında həll olunmalıdır.
Məsələn, mən Moldovanın tərkibində olan Qaqauziya
Muxtariyyətində keçirilən referendumda müşahidəçi kimi iştirak
edirdim. Buradakı insanların 98%-i Moldovanın hazırkı siyasətindən
narazı olduqlarını bildirdilər və Gömrük İttifaqına daxil olmaq
üçün səs verdilər. Faktiki olaraq bütün xalq öz fikrini deyib. Mənə
elə gəlir ki, biz buna göz yuma bilmərik. Dnesteryanıda isə məsələ
tam aydındır. Hələ 90-cı illərin əvvəllərində Moldova hakimiyyəti
zorla vətəndaşları rumın olmağa məcbur edirdi. İndiki zamanda
Dnesteryanı de-fakto özü-özünü idarə edir. Mən özüm də əslən
oralıyam və tez-tez orada oluram. Sizi əmin edə bilərəm ki, buranın
vətəndaşlarının heç biri Moldova ilə yenidən bir arada olmaq
istəmir. Onlar sonradan Rusiyanın tərkibinə daxil olmaq üçün
müstəqillik istəyirlər və biz LDPR olaraq onları tam dəstəkləyirik.
Dnesteryanının bütün tarix boyu Moldova ilə heç bir ortaq nöqtəsi
olmayıb. O zaman sual verirəm: niyə onlar buna görə əziyyət
çəkməlidirlər?
Putindən sonra Jrinovski Prezident ola
bilər
- Putindən sonra Rusiyanın prezidenti Jrinovski ola
bilərmi?
- Birincisi, Rusiyada Prezident seçkisinə hələ çox var. Bunun
haqqında düşünmək tezdir. Bizim çoxlu savadlı, intellektual
siyasətçilərimiz və dövlət xadimlərimiz var. Təbii ki, Vladimir
Jrinovski də bu siyasətçilər sırasında yer alır. Fikirləşirəm ki,
Jrinovski onu dəstəkləyən xalq üçün çox gözəl prezident olardı.
- Deyilənə görə, LDPR nasist partiyasıdır. Bununla
razısınızmı?
- Söylənilənlərin hamısı yalandır. Vətənpərvərliyi millətçiliklə
qarışdırmaq lazım deyil. LDPR – rus xalqı və onun maraqlarının
müdafiəsi üçün mövcud olan partiyadır. Nədənsə bizi arzulamayanlar
hər dəfə bizi ləkələməyə çalışırlar. Bizim nizamnaməni oxusanız,
orada nasistliklə bağlı heç bir bənd görməyəcəksiniz.
- Azərbaycandakı həmkarlarınıza nə isə demək
istəyirsinizmi?
- Bizim partiya hər zaman Azərbaycandakı həmkarlarım ilə
əməkdaşlıq etməyə hazırdır. Azərbaycan Rusiya üçün dost ölkə və
vacib partnyordur. Bütün Azərbaycan xalqına rifah və firavanlıq
arzu edirəm.