Demokratik Qüvvələrin Milli Şurasının sədri, Ziyalılar
Forumu üzvü Rüstəm İbrahimbəyov "AzNews.az"a müsahibə
verib.
- Ziyalılar Forumunun üzvlərindən iqtidar-müxalifət dialoqunun
başlanması təklifi irəli sürülüb. Bu təklifdən
məlumatlısınızmı?
- Bu barədə məndə heç bir məlumat yoxdur. Bəs, mənim niyə
xəbərim yoxdur? Təəssüf edirəm ki, bu barədə gərçəkdən
məlumatsızam. Söhbətin nə barədə getməsindən xəbərsiz olduğuma görə
heç bir fikir deyə bilməyəcəm.
Söhbət tək mənim deyil, Ziyalılar Forumunun adından gedirsə,
mütləq bunu müzakirə etməliyik. Müzakirələr aparıldıqdan sonra
qərar vermək olar. Bu elə bir məsələdir ki, mütləq müzakirəyə
çıxarılmalıdır. Görünür, bununla bağlı Bakıda söhbətlər aparılır.
Amma mənə hələ bir söz deyilməyib.
- Milli Şurada həmsədrlik institutunun yaradılması məsələsinə
münasibətiniz necədir? Bəzi müxalifət nümayəndələri və Milli
Şuranın üzvləri isə bu qurumun sədri kimi Cəmil Həsənlini
görür...
- Bunu mən təklif etdim və bildirdim ki, gəlin həmsədrlik
institutu yaradaq. Mən buna gərçəkdən razıyam. Açığını deyim ki,
bunu ürəkdən istəyirəm. Amma bu elə bir məsələdir ki, tək təkliflə
iş bitmir. Mən təklifi verdim.
Milli Şura da müzakirəyə çıxarıb qərar verməlidir. İndi
gözləyirəm ki, görək Milli Şura nə deyəcək. Mən professor Cəmil
Həsənlinin milli lider kimi qəbul edirəm. Çox şad olardım ki, Cəmil
Həsənli bu vəzifəni öz üzərinə götürsün.
- Milli Şuranın gələcək formatını necə görürsünüz?
- Bu artıq çətin sualdır. Bunun cavabını bir iki kəlmə ilə demək
mümkün deyil. Həmin məsələni müzakirə etmək üçün üz-üzə oturmaq,
hadisələri dərindən analiz etmək lazımdır. Milli Şuranın çox geniş
planları var. İnanıram ki, o planlar yaxın gələcəkdə həllini
tapacaq.
- Milli Şuradan istefanızla bağlı fikirlər də sizinlə eyni
düşərgədə təmsil olunanlar tərəfindən səsləndirilib...
- Xeyir, bunu heç ağlımdan da keçirmirəm. Belə planım yoxdur,
olmayacaq da... Nə qədər ki, Rüstəm var, Milli Şura da var.
- Seçkilər başa çatdı. Azərbaycana qayıtmaq, proseslərdə iştirak
etmək, iclaslara qatılmaq kimi fikriniz varmı?
- Mütləq. Belə bir fikrim gerçəkdən var. Bu fikrin hələlik
həyata keçməməsinin məlum səbəbləri mövcuddur. Hələlik həmin
səbəblər öz həllinin tapmayıb. Buna görə də Azərbaycana gəlişim
ləngiyir.