Axar.az Azərbaycan Müdafiə
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının APA-ya müsahibəsini təqdim
edir:
- Ermənistan tərəfi Azərbaycan ordusunun Talış kəndində
mülki şəxsləri öldürdüyü barədə məlumat və bununla əlaqədar olduğu
iddia edilən fotolar yayıb. Bu, nə dərəcədə həqiqəti əks
etdirir?
- Ermənilər həmişə təxribatla məşğul olublar, indi də
təxribatlarını davam etdirirlər. Ermənistan Müdafiə Nazirliyinin
sosial şəbəkələrdə və özlərinə yaxın internet saytlarında yaydığı
foto və videolarda əks olunan görüntülərin Azərbaycan Ordusu ilə
heç bir bağlılığı yoxdur, bütün bunlar Ermənistan daxilində ordunun
itən imicini düzəltmək üçün təbliğatdan başqa bir şey deyil.
Erməni tərəfinin belə video və foto yaradıcılığı, animasiya
hazırlama təcrübəsi böyükdür. İndiyədək dəfələrlə belə faktlar olub
və bunların hamısı bizim tərəfimizdən və Azərbaycan mediası
tərəfindən ifşa olunub.
Son günlərdə cəbhədə verdiyi böyük itkilərdən Ermənistan demək
olar ki, sarsılıb. Erməni ordusu barədə yaradılmış mif alt-üst
olub. İtkiləri barədə informasiyaları isə erməni ictimaiyyətindən
maksimum şəkildə gizlədilir. Rəsmi olaraq komandanlıq tərəfindən də
bəyan edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəş yalnız
Ermənistan Silahlı Qüvvələrinə, ərazimizə soxulmuş düşmən
əsgərlərinə, hərbi mövqelərə və obyektlərə qarşıdır. Biz mülki
əhali ilə mübarizə aparmırıq. Ermənilər bu iddiaları dünya
ictimaiyyətini, o cümlədən öz xalqını çaşdırmaq məqsədilə irəli
sürürlər. Həm də qoşunların təmas xəttinə yaxın ərazilərdə qarşı
tərəfin mülki əhalisi yoxdur. Ermənistanın yaydığı bu məlumat sırf
dezinformasiyadır.
- Yeri gəlmişkən, Ermənistan Müdafiə Nazirliyinin
sözçüsü Azərbaycan ordusunun aprelin 2-də aldığı yüksəkliklərin
geri qaytarıldığını bildirib.
- Bu da tamamilə yalandır. Azərbaycan Silahlı Qüvvələri işğaldan
azad olunmuş ərazilərdə istehkam-mühəndis işləri həyata keçirir,
səngərlərin qazılması ilə məşğuldur. Hazırkı məlumata görə, azad
olunmuş strateji yüksəkliklərdə möhkəmlənmə işləri aparılır.
- Ermənistan Silahlı Qüvvələrinin bölmələri o
yüksəkliklərin geri qaytarılması üçün hazırda hücumlar təşkil
edirmi?
- Bu dəqiqə Ağdərə-Tərtər və Füzuli-Xocavənd istiqamətlərində
vəziyyət gərgindir və bu istiqamətlərdə döyüşlər gedir. Son
məlumata görə isə erməni silahlı bölmələri Xocavənd - Füzuli
istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma
cəhd göstəriblər. Əks-hücumla Silahlı Qüvvələrimiz düşmənin
mövqelərinə sarsıdıcı zərbələr vurublar. Ermənilərin 3 tankı və
30-dək hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, qoşunlarımızın
dəqiq cavab atəşi ilə düşmənin bir batareyası darmadağın
edilib.
- Ermənilər sosial şəbəkələrdə bir video yayıblar. Guya
yerdəkilər Azərbaycan əsgərlərinin meyitləridir və onların başı
üzərində duran erməni əsgərlər deyirlər ki, digər Azərbaycan
əsgərlərinin də taleyi belə olacaq. Bu videodan məlumatlısınızmı,
bu məsələ araşdırılıbmı?
- Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi ancaq dünyanın
digər münaqişə bölgələrindən olan foto və videoların paylaşılması
ilə, təxribatla məşğuldur. Bu cür foto və videolar quramadır. Bu
video da quramadır və bunu qəti surətdə təkzib edirik.
- Döyüşlərdə şəhid olmuş əsgərlərimizin hamısının nəşi
hazırda Azərbaycan tərəfdədirmi?
- Azərbaycan əsgəri bu gün düşmənə təsirli zərbələr endirir.
Müdafiə Nazirliyi olaraq hər bir itkimiz barədə ictimaiyyətə
informasiyalar veririk. Şəhidlərimizin dəfni mətbuatın, ictimaiyyət
nümayəndələrinin, demək olar bütün xalqımızın iştirakı ilə
keçirilir. İndiyə olan məlumata görə, 15 şəhidimiz var və bu barədə
rəsmi olaraq məlumat vermişik.
- Sosial şəbəkələrdə erməni təxribatlarına qarşı
mübarizə necə aparılır və bundan sonra necə
aparılmalıdır?
- Sosial şəbəkələrdə Azərbaycan vətəndaşları fəal olmalı, rəsmi
məlumatlara istinad edilməli, dezinformasiyalara rast gəldikdə,
dərhal əks-reaksiya verməli, paylaşılan məlumatlara şərhlər
vasitəsilə cavab verməli və bu informasiya savaşı cəbhəsində aktiv
mübarizə aparmalıdırlar.