Ermənistanın Dağlıq Qarabağdakı separatçılara hərbi
dəstək verməsi Rusiya tərəfindən hazırda ortaya atılmış bir
oyundur.
Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli
danışıb. Sabiq dövlət müşaviri müstəqil dövlət statusuna malik
olmayan qondarma DQR-in hər hansı bir müqavilə imzalamaq
səlahiyyətində olmadığını bildirib:
"Ermənistan KTMT-nin adından hər hansı bir müqavilə imzalamaq
səlahiyyətinə malik deyil. KTMT adından imzalanan müqavilələr
buraya daxil olan bütün üzvlər tərəfindən ratifikasiya edilməli və
ya onların imzaları ilə təsdiq edilməlidir. Burada ən mühüm faktor
da məhz budur. Ermənistan ola bilsin, DQR-lə ikitərəfli müqaviləni
KTMT adından yox, öz adı ilə imzalamağa çalışır. Bu müqavilə
Rusiyanın tərəfindən hazırda ortaya atılmış bir oyundur. Moskvanın
məqsədi bunun vasitəsilə proseslərə gələcək müdaxilələrini guya
hüquqi müstəviyə mindirmək istəyir. Əgər Rusiya özü DQR-i
tanımırsa, dövlət kimi mövcud olmayan bir qurumla müqavilə
imzalamayıbsa, Ermənistanın imzaladığı müqavilə də
qeyri-hüquqidirsə, maraqlıdır, Moskva bununla proseslərə necə
müdaxilə edilə bilər? Azərbaycan ordusunun hazırda öz ərazisində
apardığı əməliyyatlar hücum deyil, özünümüdafiə tədbirləridir. Elə
an gələ bilər ki, Azərbaycan hücum tədbirlərinə də əl ata bilər.
Bu, tam qanunidir".
Qeyd edək ki, 1992-ci ildə yaradılan Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatına (KTMT) Ermənistan, Belarus, Rusiya,
Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. 1993-cü ildə isə
Azərbaycan, Belarus və Gürcüstan da qoşuldu. Bununla belə,
Azərbaycan 1999-cu ildə müqavilənin vaxtını uzatmaqdan imtina
edərək təşkilatı tərk edib. Ermənistan bu illər ərzində dəfələrlə
Rusiyanı Azərbaycana qarşı Dağlıq Qarabağ mübarizəsinin həllinə
dəstəyə verməyə səsləyib. Bir müddət öncə isə Sərkisyan Dağlıq
Qarabağdakı separatçı rejimə hərbi dəstək veriləcəyini və bununla
bağlı müqavilələr imzalanacağını açıqlayıb.
Aprelin 1-dən 2-ə keçən gecə düşmənlə döyüşlərdə Silahlı
Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə
aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24
helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina
partlayışı zamanı sıradan çıxıb. Dünən gecə davam edən döyüşlərdə
isə 3 şəhid vermişik. Hazırda cəbhə bölgəsində gərginlik davam
edir.