Yeni Klinikaya müayinə üçün gedəndə deyiblər ki, mədəsində qanaxma var, onu təcili xəstəxanaya yerləşdirmək lazımdır. Belə də ediblər. Ondan sonra vəziyyəti daha da ağırlaşıb.
Axar.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı Milli Qəhrəman Ehtiram Əliyevin son vəziyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, Ehtiram Əliyevə indiyədək dəqiq diaqnoz qoyulmayıb və xəstəliyi ilə bağlı müxtəlif ehtimallar səsləndirilir:
“Dəqiq diaqnoz bu günə kimi hələ qoyulmayıb. Bir gün deyirlər, mədəsində qanaxma var, səhəri gün deyirlər ki, ağciyəri artıq fəaliyyətini 50 faiz itirib. Sonra deyirlər ki, deyəsən, xərçəng xəstəliyinin də əlamətləri var. Nə müalicə aparıldığı, hansı dərmanların vurulduğu bilinmir”.
Elşən Uluxanlı bildirib ki, MRT aparatının olmaması səbəbindən Ehtiram Əliyev müayinə üçün Sabunçu xəstəxanasına aparılıb.
İctimai birlik sədri Milli Qəhrəmanın səhhətinin pisləşməsindən narahatlığını ifadə edərək vəziyyətin belə davam edəcəyi təqdirdə onun həyatını itirə biləcəyini deyib:
“Mən tam əminliklə deyirəm ki, belə davam etsə, Milli Qəhrəmanımızı itirəcəyik”.
Qeyd edək ki, hazırda Ehtiram Əliyevin Yeni Klinikada müalicəsi davam etdirilir. Onun vəziyyəti kritik ağır qiymətləndirilir.
Xatırladaq ki, Ehtiram Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı və Azərbaycanın Milli Qəhrəmanıdır.