Millət vəkili Qənirə Paşayeva Milli Məclisin fevralın
14-də keçirilən növbəti plenar iclasında çıxışı zamanı tikilən yeni
yaşayış binalarında qaz problemi məsələsini qaldırıb.
"Axar.az"ın məlumatına görə, obildirib ki, ötən iclasda da yeni
tikilən göydələnlərlə bağlı məsələlər qaldırıldı və vətəndaşlar
tərəfindən bu yöndə çoxlu sayda müraciətlər daxil oldu:
"İnsanlar qeyd edirlər ki, bu binalarda elektrik və su xəttləri
mövcuddur. Əgər bu binalar dövlət komissiyasına təhvil
verilməyibsə, necə elektrik və su ilə təmin oluna bilər? İnsanlar
onu da qeyd edirlər ki, mənzillərin qızdırılmasında ciddi əziyyət
çəkirlər. Odur ki, biz müvafiq dövlət qurumlarını dəvət edib bu
problemi araşdırmalıyıq. İnsanların mavi yanacaqla bağlı problemi
həllini tapmalıdır".
Deputat təklif edib ki, bu sahəyə sərt və ciddi yanaşılmalıdır:
"Bu binaları tikən insanlar oranı dövlət komissiyasına təhvil
vermədən vətəndaşların istifadəsinə necə verirlər? Şirkətlər
məsuliyyət daşımalıdır. Hesab edirəm ki, bu problemlər həll
olunmalıdır".
Spiker Oqtay Əsədov isə deyib ki, bu problemlə maraqlanıb:
"Həmin binaların 70 faizində tüstü-baca sistemi yoxdur. İkinci,
qazın təhvil verilməsi üçün binalara 70 faiz əhali köçməlidir.
Deyirlər ki, binaların yarısı boşdur. Binaları tikənlər orada
yaşayanların qarşısında məsuliyyət daşıyır. Qazı verdilər, sabah da
partlayış baş verdi. Bəs buna kim məsuliyyət daşıyacaq? Tüstü-baca
sistemi yoxdur və bu, ciddi problemdir".
ARDNŞ-nin prezidenti, millət vəkili Rövnəq Abdullayev də problem
haqqında danışıb: "Bakıda ciddi inkişaf gedir, yüksəkmərtəbəli
binalar tikilir. Amma layihələrdə olan problemə görə, bu binalar
dövlət komissiyasına təhvil verə bilmirlər. Şirkətlər buna
baxmayaraq mənzilləri satırlar. Su və işığın təhlükəsizlik
baxımından o qədər təhlükəsi yoxdur. ARDNŞ-nin "Azəriqaz"
İstehsalat Birliyi neçə illərdir qeyd edir ki, bu binalar dövlət
komissiyasına təhvil verilibsə, orada qısa müddətdə qaz çəkilə
bilər. Hansı binalar təhlükəsizlik baxımından normal deyilsə, bura
qaz vermək mümkün deyil".