Aprelin 12-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Azərbaycandakı Amerika
Ticarət Palatasının nümayəndə heyətini qəbul edib.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyev Palatanın üzvü
olan şirkətlərin ölkəmizdə uzun illərdir fəaliyyət göstərdiklərini
və Azərbaycanın iqtisadi inkişafına böyük töhfələr verdiklərini
vurğuladı. Azərbaycandakı Amerika Ticarət Palatasının 20 il bundan
əvvəl yaradıldığını deyən dövlətimizin başçısı bunun ölkəmizdə
sürətli iqtisadi artımın başladığı dövrə təsadüf etdiyini
bildirib.
Bu yaxınlarda ABŞ-a uğurlu səfərini xatırladan Prezident İlham
Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak etdiyini, Birləşmiş
Ştatların siyasi rəhbərliyi, vitse-prezidenti, dövlət katibi ilə
görüşdüyünü, bu görüşlərdə siyasi, iqtisadi, enerji təhlükəsizliyi,
həmçinin Amerika Ticarət Palatasının Azərbaycandakı fəaliyyəti ilə
bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib. Qarşıda duran
planlar barədə danışan dövlət başçısı Azərbaycanın biznes
ictimaiyyəti ilə mütəmadi görüşlər keçirdiyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, neftin qiymətinin kəskin
şəkildə aşağı düşməsi islahatlarla bağlı daha çox işlərin
görülməsini aktuallaşdırıb. İnkişaf etmiş ölkələrin heç biri neft
və qaz ilə zəngin deyil. Lakin innovasiya, biznes mühiti,
texnologiya sayəsində bu ölkələr inkişaf edərək dünyanın aparıcı
qüvvəsinə çevrilə biliblər.
"Azərbaycan ciddi iqtisadi islahatların aparılmasında
qətiyyətlidir", - deyən Prezident İlham Əliyev ölkəmiz üçün neft və
qazdan asılılığın azaldılmasının və iqtisadiyyatın
şaxələndirilməsinin bir nömrəli məsələ olduğunu qeyd edib. Bildirib
ki, son 10 ildə 1 milyondan çox daimi iş yeri açılıb, regional
infrastruktur inkişaf etdirilib, sənaye potensialı yaradılıb. Lakin
bu, yetərli deyil və qeyri-neft sektorunda daha geniş artıma
ehtiyac var.
Dövlət başçısı bildirib ki, Azərbaycandakı müsbət demoqrafik
vəziyyətlə əlaqədar hər il on minlərlə yeni iş yeri yaradılmalı və
bu proses təhsildəki islahatlarla əlaqəli şəkildə həyata
keçirilməlidir. Çünki gələcəkdə hökumətin iqtisadi fəallıq
planlaşdırdığı sahələrdə daha çox mütəxəssisə ehtiyac olacaq.
Prezident İlham Əliyev idxaldan asılılığın azaldılmasının prioritet
məsələ olduğunu, milli valyutanın devalvasiyasının istər-istəməz
inflyasiyaya təsir göstərdiyini, lakin bunun rəqabətliliyi getdikcə
artan yerli istehsalın stimullaşdırılmasına imkan verdiyini
bildirib. İxracın stimullaşdırılması və sahibkarlıq fəaliyyətinin
asanlaşdırılması üçün ciddi tədbirlərin görüldüyünü deyən dövlət
başçısı ixrac yönümlü iqtisadiyyatın yaradılması üçün daha hansı
addımların atılmasının mümkünlüyü ilə bağlı Azərbaycandakı Amerika
Ticarət Palatasının təkliflərini eşitmək arzusunda olduğunu
vurğulayıb.
Prezident İlham Əliyev hazırda biznes və investisiya mühitinin
daha da yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanıldığını,
ölkəmizdə biznes üçün yaxşı imkanların mövcudluğunu bildirib,
iqtisadiyyatın bütün sahələrində inkişafa nail olmaq üçün
Azərbaycanın tam qətiyyətli olduğunu qeyd edib. Dövlət başçısı kənd
təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrinin inkişafına
diqqət yetirildiyini, məşğulluğun hər zaman gündəlikdə duran əsas
məsələ olduğunu vurğulayıb.
Sonra ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, "Ernst and
Young" şirkətinin nümayəndəsi İlqar Vəliyev, Azərbaycandakı Amerika
Ticarət Palatasının birinci vitse-prezidenti və "Societe Generale"
şirkətinin ölkəmizdəki nümayəndəsi Teybə Quliyeva, "Holcim"
şirkətinin nümayəndəsi Rosen Papazov, "Deloitte and Touche" MMC-nin
Azərbaycan ofisinin nümayəndəsi Nurlan Kərimov, "PWC" şirkətinin
nümayəndəsi Mövlan Paşayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə
üzrə regional prezidenti Qordon Birrel çıxış edərək müxtəlif
təkliflər irəli sürdülər.
Prezident İlham Əliyev yekun nitqində səslənən bütün təkliflərin
ümumiləşdiriləcəyini bildirib. Dövlət başçısı kiçik və orta
sahibkarlığa dəstəyin artırılacağını və bu məsələyə xüsusi diqqətin
göstəriləcəyini qeyd edib. Prezident İlham Əliyev çıxışında maliyyə
və bank sektoruna nəzarətin vacibliyini vurğulayaraq gömrük və
vergi sistemindəki müsbət dəyişikliklərlə bağlı fikirlərə görə
təşəkkürünü bildirib. ASAN xidmətin fəaliyyətinə toxunan
dövlətimizin başçısı onun əhatə dairəsinin genişlənəcəyini diqqətə
çatdırıb. "Bu, şəffaflıq, xidmət, mədəniyyət, sıfır korrupsiya və
sıfır bürokratiya deməkdir", - deyən Prezident İlham Əliyev ASAN-ın
Azərbaycan brendi olduğunu da vurğulayıb.
Sonda xatirə şəkli çəkdirilib.