İxrac təmayüllü istehsal
hazırda əsas prioritetlərdən biridir. Bu, əvvəlcə prioritet
deyildi, çünki açıq desək, neftdən əldə edilən nağd vəsaitlərin
həcmi büdcə profisitini və gözəçarpan valyuta ehtiyatlarını təmin
etmək üçün kifayət idi. Hazırda neftin qiyməti düşdükdən sonra biz
onu digər ixrac təmayüllü məhsullarla kompensasiya
etməliyik.
Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika
Ticarət Palatasının nümayəndə heyətini qəbul edən zaman deyib.
O, biznes mühitinin yaxşılaşdırılmasının əsas prioritetlərdən
biri olduğunu bildirib:
"İdxaldan asılılığın azaldılması, həmçinin prioritetlərdən
biridir. Biz əsas istehlak sahələri üzrə asılılığı azaltmağa nail
olmuşuq. Lakin yenə də asılı vəziyyətdəyik. Bu səbəbdən milli
valyutamızın neftin qiymətləri və qonşuluqda baş verənlər
baxımından qaçılmaz olan devalvasiyası inflyasiyaya, əlbəttə ki,
təsir göstərdi. Əgər biz bütün istehlak sahələri üzrə özümüzü 100
faiz təmin etsəydik, devalvasiyanın mənfi təsiri daha az olardı.
Lakin bu, eyni zamanda, daha rəqabətcil olan yerli istehsalı
stimullaşdırmaq üçün fürsətdir.
İxrac təmayüllü istehsal hazırda əsas prioritetlərdən biridir.
Bu, əvvəlcə prioritet deyildi, çünki açıq desək, neftdən əldə
edilən nağd vəsaitlərin həcmi büdcə profisitini və gözəçarpan
valyuta ehtiyatlarını təmin etmək üçün kifayət idi. Hazırda neftin
qiyməti düşdükdən sonra biz onu digər ixrac təmayüllü məhsullarla
kompensasiya etməliyik. Bunu etmək üçün biz düzgün marketinq, fəal
diplomatiya aparmalıyıq. Beynəlxalq bazarlara yeni məhsullarla
daxil olmaq asan deyil. Xüsusən də indiki dövrdə, cari geosiyasi
vəziyyətdə. Bu halda ənənəvi istehsalçılar ənənəvi bazarlara daxil
olmaqda çətinlik çəkirlər.
Bir sözlə, biz xarici bazarlara nəyi təqdim edə bilərik? Söhbət
əsasən asan satıla bilən məhsullardan gedir. Bu səbəbdən
iqtisadiyyatın həmin sektorlarına diqqətin yönəldilməsi, xüsusən də
infrastruktur sahəsinə diqqət hazırda bir nömrəli məsələ olmalıdır.
Biz ixracın stimullaşdırılması, sahibkarlıq mühitinin
yaxşılaşdırılması istiqamətində ciddi addımlar atmışıq. Odur ki,
ixraca yönəlmiş iqtisadiyyatı yaratmaq üçün bu sahədə hansı işlərin
görülməsini sizdən eşitsək yaxşı olar. Biznes mühitinin
yaxşılaşdırılması, əlbəttə ki, əsas prioritetlərdən biridir.
Sərmayə mühitinin də təkmilləşdirilməsi bu məqsədlə bağlıdır.
Enerji sektorunda çox münbit investisiya mühiti var, çünki bütün
pay bölgüsü sazişləri parlament tərəfindən təsdiqlənir və qanun
formasını alır. Lakin, əlbəttə, biz eyni vəziyyəti
iqtisadiyyatımızın bütün digər sektorlarında da təmin etməliyik ki,
investorlar sərmayələrinin qorunmasına tam əmin olsunlar, şərtlərin
dəyişdirilməsi, müdaxilələr olmasın. Proqnozlaşdırılan investisiya
mühiti mövcud olmalıdır. Biz yalnız bu halda hazırkı şəraitlər
əsasında investisiyaları cəlb edə bilərik. Bu bizə lazımdır. Lakin
bunu etmək üçün, - siz daha yaxşı bilirsiniz, - müvafiq şəraitlər
olmalıdır. Qanunverici əsaslar, qanunun aliliyi, sərmayələrin
qorunması, bürokratik maneələrin, istər yerli, istərsə də xarici
şirkətlərin fəaliyyətinə hər hansı qeyri-qanuni müdaxilələrin
aradan qaldırılması vacibdir. Fikrimcə, xarici şirkətlər daha yaxşı
şəraitdədirlər, çünki bəzən qeyri-qanuni müdaxilə olan halda, onlar
birbaşa və ya hökumətləri vasitəsilə məlumat verə bilir və həmin
məsələlər öz həllini tapır.
Lakin bəzən yerli şirkətlər ümidsiz, köməksiz qalır. Bu, davamlı
iqtisadi inkişafa ən böyük maneələrdən biridir. Bir sözlə, biz
islahatlara, yaxşı idarəçiliyə, biznes üçün daha çox imkanların
yaradılmasına, o cümlədən investisiya mühitinə, ixrac potensialının
stimullaşdırılmasına və sərmayələrin cəlb edilməsinə olduqca
bağlıyıq. Görüləcək iş çoxdur. Fikrimcə, biz məqsədlərimizə nail
olacağıq".