Kazan görüşündə 5 rayon yox,
6 rayon, üstəgəl Laçın şəhəri istisna olmaqla bütün Laçın
kəndlərinin geri qaytarılması nəzərdə tutulmuşdu.
Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil
Hüseynli söyləyib. Onun sözlərinə görə, Azərbaycan yalnız 5 rayonun
geri qaytarılması ilə razılaşmayacaq:
"İndi ruslar gah baş nazir, gah da politoloq səviyyəsində
məsələni 5 rayon səviyyəsinə gətirirlər. Ancaq Azərbaycan erməni
qoşunlarının öz ərazisindən çıxmasını və daha sonra beynəlxalq
təşkilatların iştirakı ilə Dağlıq Qarabağın statusunun həll
olunmasını istəyir. İndi rus politoloq və rəsmilərin hərəsinin
ağzından bir avaz gəlir. Ortada problemi həll etməyin bir neçə
sənədi var. Bunlar sırasında ATƏT-in hazırladığı Soçi görüşlərinin
və Kazan görüşünün sənədləri mövcuddur. Kazan görüşü zamanı ciddi
kompromisə nail olundu. Həmin görüşdə erməni tərəfi razılıq verdi
ki, faktiki olaraq yeddi rayondan öz qoşunlarını çıxaracaq, bundan
sonra Qarabağda referendum məsələsi müzakirə ediləcək. Lavrov
Bakıya gələndə dedi ki, Rusiya prezidentinin stolunun üstündə Kazan
görüşünün sənədləri var. Kazanda yeddi rayonun geri qaytarılması
ilə bağlı razılıq verilmişdi, amma indi 5 rayondan söhbət açılır və
əlbəttə ki, Azərbaycan bunu qəbul etməyəcək. Bu, Azərbaycanın milli
maraqlarına cavab vermir. Kazan görüşünün sənədlərini heç kim
saxtalaşdıra bilməz".
O, Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunun bu ilin sonuna
qədər geri qaytarılmasının Rusiyanın iradəsindən asılı olduğunu
bildirib:
"Dağlıq Qarabağda hazırda heç 50 min erməni yoxdur. Azərbaycan
hələ ki, referendum haqqında məsələyə müsbət münasibət bildirmir.
Bakı münasibət bildirəndə deyir ki, referendum Azərbaycan qanunları
əsasında keçirilməlidir. Referendum haqqında Azərbaycanın qanunu
var. Yəni, bu referendum təkcə Dağlıq Qarabağ yox, bütün Azərbaycan
ərazisində keçirilməlidir. Biz yalnız bu halda referenduma razı ola
bilərik. Əks təqdirdə Qarabağ üçün ayrıca referendum
hazırlanmasının tərəfdarı deyilik. Azərbaycan Qarabağa ən yüksək
muxtariyyət statusunun verilməsinin tərəfdarıdır, lakin bir şərtlə
ki, Azərbaycanın unitar respublika formasına dəyişiklik olmasın. Bu
ilin sonuna qədər Qarabağda irəliləyiş Rusiyanın iradəsinə
bağlıdır. Yeddi rayonun qrafik üzrə qaytarılması əgər qəbul olunub,
təsdiqlənərsə, o zaman Azərbaycan buna gedəcək. Əgər ermənilər bunu
da pozsalar, hər şey dəyişəcək".
Xatırladaq ki, bir neçə gün öncə 2011-ci ildə Azərbaycan və
Ermənistan prezidentlərinin Kazan görüşündən əvvəl razılaşdırılmış
prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda
əsas kimi götürülə biləcəyi qeyd olunmuşdu.
Həmin sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri
imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi
ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə
başlamalıdırlar. Sənəddə nəzərdə tutulur ki, İrəvan Dağlıq Qarabağ
ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu
ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər
rayonları və Laçının 13 kəndi daxildir. Həmin ərazilərdə
təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə
oluna bilər. Laçın rayonunda isə Ermənistanla Qarabağı
birləşdirilən dəhliz yaradılır.
Dağlıq Qarabağın hüquqi statusu isə bir neçə ildən sonra
referendum yolu ilə müəyyənləşdirilməlidir, bir şərtlə ki,
köçkünlər öz yurdlarına qayıtsınlar. Bu sənəddə əsas müddəa isə
Bakı və İrəvanın mübahisələrin həlli üçün güc tətbiqindən hüquqi
öhdəlik şəklində imtina etmələridir.
Rusiyalı ekspert Sergey Markov bu gün mətbuata açıqlamasında bu
ilin sonuna qədər Azərbaycana beş rayonunun qaytarılacağını
bildirib.