ATƏT Parlament Assambleyası Almaniyanın Lansvayler
şəhərində "ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki
tədbirlərinə ATƏT PA və onun üzvlərinin geniş töhfə vermək
imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət" mövzusunda
seminar təşkil etmişdir. Seminarın ilk günündə Fransa - Almaniya
arasında Saar bölgəsi, İtaliya - Almaniya arasında isə Tirol
bölgəsində vaxtilə mövcud olan münaqişələrin həlli yolları və
mezanizmləri haqqında nümunəvi təqdimatlar olmuşdur. Sonra
gətirilən nümunələrin ATƏT ərazisində mövcud olan münaqişələrə
tətbiq olunma imkanları müzakirə edilib.
Trend-in məlumatına görə, müzakurələrdə
yaxından iştirak edən ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik
komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı
vəziyyət və Ermənistanının məsələyə yanaşması ilə Fransa, İtaliya
və Almaniyanın o zamankı yanaşması ilə əlaqədər müqayisələr
apararaq 4 vacib fərqi qeyd edib: "Siz burada münaqişənin həlli
variantı kimi Saar və ya Triolu misal çəkdiniz. Biz bunu başa
düşürük. Ancaq istərdim biləsiniz ki, Ermənistan-Azərbaycan
münaqişəsi ilə sizin modeli müqayisə etsək burada 4 ciddi fərqi
görə bilərik.
Birincisi, Fransa, Almaniya və İtaliyadan fərqli olaraq
Ermənistan Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata
keçirərək orada yaşayan bütün azərbaycanlıları qovubdur.
İkincisi, yuxarıda adları çəkilən ölkələrdən fərqli olaraq
Ermənistan Dağlıq Qarabağa aidiyyatı olmayan ətraf 7 rayonu işğal
edib və oradakı yüz minlərlə əhalinin didərgin salıbdır.
Üçüncüsü, yuxarıda adları çəkilən ölkələrdən fərqli olaraq
Ermənistan işğal etdiyi Dağlıq Qarabağa və ətraf rayonlara qanunsuz
olaraq Ermənistandan və xaricdən erməniləri gətirərərk
məskunlaşdırıb, işğal olunmuş ərazilərdə Azərbaycana məxsus bütün
tarixi və mədəni abidələri məhv edib və ya özününküləşdirib, işğal
etdiyi ərazidə beynəlxalq hüquqa zidd olaraq iqtisadi, maliyyə və
digər qanunsuz fəaliyyət həyata keçirir.
Dördüncüsü, yuxarıda adları çəkilən dövlətlərdən fəqrqli olaraq
Dağlıq Qarabağda birtərəfli qaydada qanunsuz referendum keçirtməklə
regionun hüquqi statusunu müəyyənləşdirməyə çalışır".
A.Quliyev daha sonra deyib: "Gördüyünüz kimi, Ermənistan tarixdə
indiyə kimi olmayan bir presedentə əl ataraq ilk növbədə ərazini
işğal edir, oradakı azərbaycanlı əhalini etnik təmizləməyə məruz
qoyur və sonra da saxta referendum keçirtməklə Dağlıq Qarabağın
siyasi taleyini həll etmək istəyir. Mən bu təkzib olunmaz faktları
ona görə gətrirdim ki, hər kəs Ermənistanın bölgədə törətdiyi
cinayət əməllərini bir daha görsün. Mən istərdim ki, Ermənistan öz
işğalçılıq siyasətindən əl çəkərək qonşu Azərbaycanla Almaniyanın ,
Fransanın və İtalyanın öz aralarında qurduğu dosluq və əməkdaşlıq
mühitində yaşamağı bacarsın".