Ukrayna dünya liderlərinin əsas mübarizə meydanına
çevrilib. Bəzi politoloqlar isə Ukraynada yaranmış qığılcımın
tezliklə digər MDB ölkələrinə adlayacağı ilə bağlı proqnozlar
verirlər. Hadisələrin necə cərəyan edəcəyini, onun gələcəyi ilə
bağlı məqamları daha dəqiq aydınlaşdırmaq üçün ukraynalı ekspert
Aleksey Blyuminova müraciət etdik.
Ukrayna parçalanmayacaq
- Aleksey, politoloqların fikrincə, Ukrayna iki yerə
parçalana bilər. Bəs bir ukraynalı politoloq kimi siz necə
düşünürsünüz?
- Təbii ki, ölkədə heç bir parçalanma baş verməyəcək. Hazırda
bunun üçün heç bir səbəb yoxdur. Ölkənin cənub-şərq hissəsini
paytaxtda baş verən siyasi hadisələrə qoşmaq istiqamətində
problemlər yaranıb. Lakin ölkənin qərbində bundan fərqli olaraq
aktivlik daha yüksəkdir. Faktlara görə, ölkənin cənub-şərqi
Maydandakı siyasətçilərin ölkənin gələcəyi ilə bağlı cızdıqları
rəsmdə özlərinə yer edə bilmədi. Bax, onların səhvi də buradadır.
Başa düşüləndir ki, praqmatik siyasətçilər onları yad kimi qəbul
edən elektorat uğrunda mübarizə aparmayacaqlar.
Bu gün Odessa, Dnepropetrovsk və Xarkovda Maydanın
tərəfdarlarının sayı təxminən 25-35%-dir. Mənə elə gəlir ki, şərqə
genişlənmək adı ilə səsləndirilən bütün gurultulu çıxışlara
baxmayaraq, müxalifətin əsas məqsədi başqadır. Onlar Maydanı
genişlətmək yox, əksinə özlərinin mövcud olan seçicilərinin sayını
qoruyub saxlamağa çalışırlar. Bunun üçün əsas fakt müxalifətin bu
gün ölkənin şərqinə Maydanda verdikləri vədlərlə yollanmasıdır.
Müxalifət bunları Xarkov, Odessa, Luqanskda yaşayan əhali üçün
uyğunlaşdırmalıdır. Məhz sosial bazanın genişlənməsi verilən
vədlərlə olacaq.
Cənub-şərq siyasi cəhətdən çox passivdir. Orada insanların
hökumətə dəstək verən aksiyalar keçirməsi sadəcə, üzdə olan bir
şeydir. Bunların hamısı məhz Kiyevdə hakimiyyət dəyişəndən sonra
bitəcək. Yəni regionların rəislərinin dayaqları yox olacaq. Hazırkı
hakimiyyət hətta Rusiya tərəfdarı olan yeni təşkilatların
yaranmasına da imkan yaratmır. Amma bunlara hökumət tərəfindən
dəstəyin verildiyi deyilmişdi. Yanukoviç heç bir yeni ocağın
yaranmasını istəmir.
Oliqarxlar Yanukoviçi məğlub edəcək
- Maydan hökumətə qalib gələ bilərmi?
- Situasiya bu dəqiqə pat vəziyyətində görünür. Amma bu özünü
aldatmaqdan başqa bir şey deyil. Əslində zaman Yanukoviçin əleyhinə
işləyir. Burada məsələ hökumətin əhalini qorxutduğu mifik döyüş
dəstələri ilə bağlı deyil. Bizdə Maydanda bununla bağlı hətta
maraqlı bir zarafat da işlənir: "Maydanın ən çox döyüşə hazır
hissəsi maliyyədir". O hissəni böhran, onlarla kredit, büdcənin
defoltu adlandırırlar. Hazırkı məqamda Maydanda xalq yox, məhz
onlar hökumətin mövqeyinə hücum edirlər.
Məsələ orasındadır ki, artıq Rusiya Putinlə Yanukoviçin 17
dekabr tarixində razılığa gəldikləri 15 milyardlıq krediti yarım
aydır ki, dayandırıb. Artıq rus məmurlarının özləri də bir tərəfdən
Kremlin Ukrayna hakimiyyətinə sponsorluq etmək niyyətində
olmadıqlarını müxtəlif formada büruzə verməyə başlayırlar. Bu
kredit isə Yanukoviç üçün çox vacib idi.
Beynəlxalq Valyuta Fondundan da ona xeyir yoxdur. Həmçinin
hökumət fondun sərt təkliflərini qəbul edib qazın qiymətini
qaldırmaq da istəmir. Bu şərtlərdə isə Ukraynanın kredit reytinqi,
qiymətli kağızlarının dəyəri aşağı düşür. Bax bütün bunlar defolt
təhlükəsini artırır. ABŞ səfiri Cefri Payt isə hökumətin siyasi
oyunlar oynamağa vaxtı qalmadığını bəyan edir. O, yarım ay
müddətində siyasi böhran həll olunmasa, Ukraynanı ağır böhran
gözlədiyini bildirir. Daha sonra bu böhranın müxalifət və
hakimiyyəti yandıracağını deyir.
Görünür, yaya qədər Maydanda edilən zarafatlar həqiqətə
çevriləcək. O vaxta qədər isə ya oliqarxlar Yanukoviçi parlamentdə
məğlub edəcəklər, ya da hakimiyyət Maydanı silah gücünə
təmizləyəcək. Amma ikinci halda ölkədəki vəziyyət Bosniyadakı
hadisələrə çevriləcək.
Yanukoviç zamanını itirib. Bundan sonra situasiyanın sülh yolu
ilə düzəlməsinə də nail olmayacaq. Maydan öz-özünə dağılmayacaq.
Hər gün Maydanda bomba həyəcanları yayılır. Ölkənin təhlükəsizlik
orqanları hazır vəziyyətə gətirilib. Görünür, bununla xalqı silah
gücü ilə dağıtmaq variantına adaptasiya etməyə çalışırlar. Amma
mənim fikrimcə, bunların hamısı dəlilikdir və bu hakimiyyətin məhv
olması ilə bitəcək.
Kliçko qısamüddətli prezident olacaq
- Sizcə, Yanukoviçdən sonra müxalifət liderlərindən kim
prezident seçilə bilər?
- Müxalifət liderlərindən heç kim "Maydan kastinqi"ndən
keçməyib. Aydındır ki, onları böhranın tam mərkəzinə siyasi
meydandakı yarana biləcək yeni fiqurların təmizlənməsi üçün
göndəriblər.
Üç müxalifət lideri içərisində hələlik yalnız Vitali Kliçko bir
az öz reytinqini qoruyub saxlamağı bacarıb və prinsipcə, onun
prezident olmaq şansları hələ də qalır. Ona əsas yatırımı rəsmi
Berlin edir və Moskva da bunun əleyhinə heç bir zaman çıxış
etməyəcək. Amma Kliçko prezident olsa belə, ona inam resursları çox
azdır. Onun öz elektoratı ilə "bal ayı" çox tez olacaq və qısa
müddətdən sonra prezident sarayından da atacaqlar. Ona görə də
Kliçkonun prezident seçilməsi onun karyerası üçün finiş olacaq.
Digər müxalifət liderlərindən isə reytinqdə yaxşı inam
dinamikasına malik milyarder Pyotr Poroşenkodur. Uzun müddət ona
keçid hökumətinin baş naziri gözündə baxıblar. O, Rusiyada çox
yaxşı piar edilir. Amma indi aydındır ki, artıq yatırımlar artıb və
mən yaxın müddətdə Kliçkonun böhranın təsirindən reytinqini
itirəcəyinə təəccüblənmərəm. Nəticədə yeganə namizəd Pyotr
Poroşenko qalacaq. Ona görə də bu dəqiqə Kliçko həyəcanlanıb və tez
bir zamanda seçkilərin keçirilməsini istəyir.
Rusların investisiyası Ukraynada hələ çox
qalacaq
- Sizdə hakimiyyətdə duranlar deyirlər ki, Avropa
İttifaqı bizim üçün sərfəli deyil. Bəlkə onlar həqiqətən də doğru
söyləyirlər?
- Avropa İttifaqı filantropik təşkilat deyil. Onların Ukrayna
ilə münasibətdə öz maraqları var. Bu, hər şeydən öncə ölkə
bazarlarının Avropa mallarına açıq olması, sonra isə Rusiyanın
potsovet məkanında hegemonluğunun zəifləməsi deməkdir. Burada
Ukraynanın maraqlarını təmin etməklə yanaşı Avropanı da yaddan
çıxarmaq lazım deyil.
Sözsüz ki, Avropa İttifaqı ilə azad iqtisadi zona Ukrayna üçün
ciddi risklər gətirir. Bu müxtəlif sahələrdə işsiz sayının artması
deməkdir. Həmçinin fikirləşmək lazım deyil ki, günü sabah buradan
rus biznesi gedəcək. O özünü burada heç də pis hiss etmir. Ruslar
əlverişli olan, uzun müddət qalmağı planlaşdırdıqları yerlərdə
investisiyaları və varlıqlarını saxlamaqla bərabər
genişləndirirlər.
Yəhudilər Maydanı müdafiə edir
- Hazırda Maydanda ən aktiv qüvvənin şovinist
millətçilər olduğu deyilir. Bu miqrantlarla bağlı problemlərə
gətirib çıxara bilərmi?
- Neonasistlər Maydanda var və bunların hamısı görünür. Kiyevin
mərkəzində yerləşən divarlar üzərində siz kelt xaçları və "14/88"
rəsimlərini görə bilərsiniz. Onlar hazırda Maydanın əsas ideya
mərkəzini əhatə etmirlər. Bunlar müəyyən zamana qədər Maydanın
yumruğudur. Onları Maydanın beyni adlandırmaq doğru olmazdı.
Maydanın səsi isə son aylarda onu tonlarla yazılmış məqalələrlə
dəstəkləyən liberallardır. Onların Maydanla maraqları üst-üstə
düşməsə, heç bir şey yazmazdılar. Maydanda olan və onu
dəstəkləyənlər arasında çoxlu yəhudi də var. "Berkut"la toqquşmalar
zamanı məşhur qurban olan Samvel Niqoyan milliyətcə ermənidir.
Bundan əlavə Krım tatarları, gürcülər və digərləri.
Ona görə də millətlərarası münasibətlərin pozulması ilə bağlı
iddialar doğru deyil. Əlbəttə daxili ksenofobiya var. Amma fakt
odur ki, üç ay ərzində Maydanda rasizm, ksenofobiya və antisemitizm
yönündə konflikt qeydə alınmayıb. Deyəcəyim bəlkə də gülməli
olacaq, amma Maydanda ukraynalı millətçilərlə yanaşı rus
ultramillətçiləri də var. Hətta rus millətçilərindən "Rus legionu"
adlı özünümüdafiə dəstələri yaratmaq fikri də var idi.
Rusiya Avropa İttifaqı ilə razılığa gəlir
- Amma şayiə də gəzir ki, Ukraynadan sonra növbə
Qafqazdadır. Bunun proqnozonu necə verə bilərsiniz?
- Rusiyaya Ukrayna və öz sərhədlərinə yaxın digər yerlərdə
hansısa xaosun olması sərfəli deyil. Bütün bunların hamısı çox
asanlıqla Rusiyanın özünə keçə bilər. Buna görə də Rusiya özü üçün
sərfəli olan Ukraynanı ABŞ və Avropa İttifaqı arasında təsir
dairələrinə bölməyə çalışacaq. Amma belə bir informasiya da var ki,
Rusiya Avropa İttifaqı sammitində bunların hamısını tərəflərlə
müzakirə edib. Yəni Rusiya Ukraynanın qaz bazarına nəzarət edir,
Avropa İttifaqı Timoşenko dövründə imzalanmış kontraktlara yenidən
baxılması ilə bağlı tələblərini geri götürür. Bunun əvəzində isə
Rusiya Ukraynaya Avropa İttifaqına inteqrasiya etməyə razılıq
verir.
Qafqaza qalanda isə bu, ayrıca mövzudur və Ukrayna hadisələri
ilə heç bir əlaqəsi yoxdur. Məncə, burada oyuna cəlb olunmuş
oyunçular arasında qarşılıqlı əlaqələr tamam fərqlidir. Həmçinin
sabah Maydan qələbə qazansa belə, bu regionun geopolitik
konfriqurasiyasının dəyişməsinə səbəb deyil. Məsələn, hətta Bakı və
Kiyev Xəzər neftinin Qara dəniz üzərindən Odessaya çəkilməsi ilə
bağlı razılığa gəlsələr belə, bu Rusiyaya qarşı loyal münasibət
göstərən Marqvelaşvili hakimiyyətinin niyyətləri ilə üst-üstə
düşməyəcək. O isə Rusiya-Gürcüstan münasibətlərini Ukraynaya görə
pozmayacaq.
Vaşinqton-Berlin-Moskva üçbucağı
- Qərb nə vaxtsa Ukraynanı Rusiyaya sata
bilərmi?
- Qərb ölkədəki situasiyanı düzəltməyə zəmanət verən və özündən
əvvəlki hökumətin söz verib yerinə yetirmədiyi öhdəlikləri həyata
keçirə biləcək ukraynalı siyasətçiləri hakimiyyətə gətirməyə
çalışacaq. Xüsusi olaraq "Şell", "Şevron" və digər qərb
şirkətlərinin Qara dənizin şelf zonasında neft axtarışı ilə məşğul
olmağa icazə verməklə yanaşı digər bazarları da üzlərinə açacaq.
Aydındır ki, Qərb Yanukoviçə daha yatırım etmir. Amma bir şey də
aydındır ki, Ukraynanın növbəti prezidenti
"Vaşinqton-Berlin-Moskva" üçlüyünün qərarı əsasında bəlli
olacaq.