Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin İrana sonuncu səfəri çərçivəsində imzalanmış Azərbaycan və
İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası
Çərçivə Sazişinə və Azərbaycan-İran dövlət sərhədində Astara çayı
üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə uyğun
olaraq, aprelin 20-də Astara çayı üzərində dəmir yolu körpüsünün
təməli qoyulub.
Axar.az xəbər verir ki, təməlqoyma mərasimində Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət
və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri -
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev və
İran İslam Respublikasının Rabitə və informasiya texnologiyaları
naziri Mahmud Vaezi, eləcə də Azərbaycan və İranın aidiyyəti
qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
İqtisadiyyat naziri Şahin Mustafayev və "Azərbaycan Dəmir
Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Respublikasının
ərazisində Astara dəmir yolu stansiyasından İran İslam
Respublikasının sərhədinə kimi olan 8,3 km-lik yolda aparılan
işlərlə tanış olmuş, yolun torpaq yatağına baxıblar. Hazırda
ərazidə 100-ə yaxın texnika işləyir. Əraziyə 20 min kubmetr qum, 17
min kubmetr daş, 30 min kubmetr çınqıl gətirilib.
Tədbirdə çıxış edən nazir Şahin Mustafayev Azərbaycan-İran
əlaqələrinin bütün sahələrdə sürətlə inkişaf etdiyini, möhkəm
təməllər üzərində qurulan çoxşaxəli münasibətlərin strateji
əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Bildirilib ki,
ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının
siyasi iradəsi, eləcə də qarşılıqlı səfərləri və keçirilən
görüşləri mühüm rol oynayır. Azərbaycan Respublikası Prezidentinin
23 fevral tarixində İran İslam Respublikasına səfəri və bu səfər
çərçivəsində imzalanmış sənədlər əlaqələrimizin inkişafında
xüsusilə əhəmiyyətlidir. Bu gün təməli qoyulmuş dəmir yolu
körpüsünün tikintisi də məhz həmin səfər zamanı imzalanmış
Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında
Hökumətlərarası Çərçivə Sazişinə və ölkələrimizin dəmir yolu
qurumları arasında Müqaviləyə uyğun olaraq reallaşdırılacaqdır.
Bildirilib ki, dövlət başçılarının həyata keçirdiyi məqsədyönlü
iqtisadi siyasət və aparılan islahatlar öklələrimizin inkişafına
xidmət etməklə bərabər, ikitərəfli və transmilli layihələr üzrə
daha fəal əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Azərbaycan və
İran nəqliyyat sahəsində, eləcə də alternativ dəhlizlərlə
müqayisədə tranzit vaxtı və xərclər baxımından rəqabətqabiliyyətli
olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində fəal
əməkdaşlıq edir. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya,
habelə əks istiqamətdə daşımaların həyata keçirilməsi
planlaşdırılır ki, bu da hər il milyonlarla ton yükün ölkələrimiz
üzərindən tranzit keçidi deməkdir. İlkin mərhələdə dəhliz
vasitəsilə 5 mln. ton, növbəti mərhələdə isə 10 mln. tondan artıq
yükün daşınması proqnozlaşdırılır. Bu isə ölkələrimizin tranzit
potensialının reallaşdırılmasında, əlavə gəlirlər əldə olunmasında,
yeni iş yerlərinin yaradılmasında və ölkələrimizin regionda
iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsində önəmli
olacaqdır.
Tikintisi planlaşdırılan dəmir yolu körpüsü isə ölkələrimiz
arasında yük dövriyyəsinin artımına səbəb olacaq. Şimal-Cənub
beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olacaq dəmir
yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3
aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində
hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə
iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikintisi xərcləri
Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. Körpünün
tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması
planlaşdırılır. Bu, dəhlizin 1-ci mərhələsi hesab olunan Azərbaycan
Respublikasının ərazisində Astara dəmir yolu stansiyasından İran
İslam Respublikasının sərhədinə kimi 8,3 km-lik yolun, İran
tərəfində 1,7 km-lik dəmir yolu xəttinin və yükaşırma terminalının
tikintisi işlərinin tamamlanacağı vaxt ilə üst-üstə düşür. Bununla
da, ölkələrimizin dəmir yolu şəbəkələrinin birləşdirilməsinə və
dövlət başçılarının qarşımızda qoyduğu vacib və tarixi bir missiya
həyata keçirilmiş olacaq.
Nazir Şahin Mustafayev Azərbaycanın gələcəkdə də Şimal-Cənub
beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İranla fəal əməkdaşlığını
davam etdirəcəyini və dəhlizin mümkün qısa müddətdə inkişafı və
əlverişliyi istiqamətində aktiv tədbirlər görüləcəyini
vurğulayıb.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi
İran və Azərbaycan prezidentlərinin ölkələrimiz arasında əlaqələrin
inkişafını daim diqqətdə saxladığını, bu gün təməli qoyulmuş dəmir
yolu körpüsünün də məhz hər iki ölkə rəhbərinin siyasi iradəsinin
və əməkdaşlığın inkişafına verdikləri önəmin göstəricisi olduğunu
vurğulayıb. Bildirilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat
dəhlizinin bir hissəsi olan Astara çayı üzərində dəmir yolu körpüsü
Azərbaycan və İran arasında iqtisadi və ticarət əlaqələrinin daha
da inkişafında, xüsusilə yükdaşımalar sahəsində əməkdaşlığın
genişləndirilməsinə əhəmiyyətli olacaqdır.