Ermənistan Prezidenti Serj
Sərkisyanın qondarma "erməni soyqrımı" ilə bağlı fikirlərinə cavab
olaraq hərbi jurnalist İsa İsmayılov məqalə
hazırlayıb.
Axar.az məqaləni təqdim edir.
"Ermənistan prezidenti Serj Sərkisyanın "genosid" günü ilə
əlaqədar öz xalqına ənənəvi müraciəti əvvəlki illərlə müqayisədə
demək olar ki, heç nə ilə fərqlənmir. Yenə də Türkiyə, Azərbaycan,
"məzlum və yazıq erməni xalqı", "baş verən son hadisələrə etinasız
qalan beynəlxalq ictimaiyyət" və s.
Bununla belə, onun səsləndirdiyi "erməni xalqı dəyişmişdir"
fikri qismən də olsa həqiqəti əks etdirir. Həqiqətən Yerevanda
hakimiyyətdə olduğu dövrdə "Qarabağ klanı"nın erməni xalqına
yeritdiyi "qələbə" eyforiyası tam iflasa uğrayıb. Artıq erməni
xalqı dəyişib, o əsil düşməninin kim olduğunu anlamağa başlayır.
Ermənilər zorla, silah gücünə, terrorla hakimiyyəti ələ keçirmiş
qaragüruh dəstənin niyyətini, mahiyyətini gözəl başa düşür. Məhz bu
"dəyişən erməni xalqı" Sarkisyan rejiminin yıxılmasını, onun fiziki
məhvini istəyir və buna çalışır. Erməni xalqı nəhayət ki,
düşmənlərinin məhz daxildə olduğunu anlamağa, dərk etməyə
başlayıb.
S.Sərkisyanın "ədalətin qələbə çalması üçün biz mübarizə
aparacağıq" fikri isə külək dəyirmanı ilə savaşa bənzəyir. O,
göbbelssayağı pafoslu, odlu-alovlu çıxışı ilə erməni gənclərini
"böyük Ermənistan" kimi boş, mənasız ideyalar, yerinə yetməsi
mümkün olmayan xülyalar uğrunda qırılmağa, milləti məhvə, dövlətini
isə tam iflasa aparır. Cəbhə xəttində baş verən son hadisələr
yüzlərlə erməni gəncinin ölümünə, əlil olmasına səbəb oldu. O da
bucür riyakar çıxışları ilə övladlarını itirmiş erməni ailələrinin
başını yenə də aldadacağını düşünür.
Coğrafi məkanda, ətrafındakı qonşuları ilə münaqişə vəziyyətində
olan Ermənistanı heç kim yox, məhz Sarkisyan hakimiyyəti blokadaya
alaraq xalqı acından qırdırır, dilənçi vəziyyətinə salır və
səfalətdə saxlayır. Bütün bunlar hədə-qorxu, yalanlar, iftiralar
gücünə həyata keçirilir. Amma Ermənistanda artıq hamı kimi, hətta
Sərkisyan da sonunun çatdığını deyəsən dərk edir. Bu mövzuda
çıxışlarla o, boğulanın saman çöpündən də imdad diləməsinə bənzəyən
təəssürat yaradır.
Türkiyəni qınayan, onun mövqeyini pisləyən, orada "söz və
mətbuat azadlığının" pozulmasından dəm vuran, Türk düşmənçiliyindən
ağzından köpük tökülənə qədər haray, həşir salan Sərkisyana yaxşı
bəllidir ki, 70 min nəfərdən çox Ermənistan vətəndaşı hazırda bir
qarın çörək pulu qazanmaq üçün məhz qonşu Türkiyə dövlətinə
sığınıb. Ermənistan xalqını biradamlıq, darısqal karserdə saxlayan
Sərkisyan və kriminal komandası azad fikir, ictimai şüur və
təşəbbüslə çıxış edən bütün erməni fəallarını pərən-pərən salıb,
həbsxanalara atıb, bir qismi isə məcburən ölkəni tərk edərək xaricə
qaçmağa müvəffəq olub. Əgər belə olmasaydı kriminal rejimin
ucbatından hər il ölkəni tərk edənlərin çoxalmasına görə, ölkədə
demoqrafiq vəziyyətin faciəvi olmasından Ermənistan siyasi
partiyaları yana-yana danışmazdılar.
Cəbhə xəttində son gərginliyin yaşanmasında guya Azərbaycanı
günahkar çıxarması isə onun ön xətdə nə baş verməsindən tamamilə
bixəbər olmasını göstərir. Aprelin əvvəllərində baş vermiş
hadisələrin həqiqətən kim tərəfindən törədilməsini dünyada yalnız
bir qrup qəbul etmək istəmir, o da Sarkisyan və onun
kampaniyasıdır.
O, cəbhədəki çoxsaylı itkilərin statistikasını gizlətməyə cəhd
göstərir. Ancaq yaxın günlərdə ölən erməni əsgərlərinin analarının
başlayacağı etiraz dalğasının onun hakimiyyətinin devrilməsinə
təkan verəcəyinə artıq şübhə qalmır və bu kriminal hərbi rejimin
təşvişinə səbəb olub. O, yenə də öz xalqını Azərbaycan əsgəri ilə
qorxutmağa çalışır. Faktlar isə onu göstərir ki, Azərbaycan əsgəri
torpaqlarımızı işğal etmiş erməni silahlıları, könüllü adı ilə
dünyanın müxtəlif yerlərindən Qarabağa gətirilən terrorçular,
muzdlularla, qatillərlə mübarizə aparır.
"Biz yeni genosidə yol verməyəcəyik" fikri isə ikiüzlülüyün,
riyakarlığın və arsızlığın son həddidir ki, bunu da Sarkisyanın
söyləməsi ümumiyyətlə təəccüb doğurmur. Axı soruşan lazımdır ki, ay
yazıq, son 20 ildə erməni xalqını yeni soyqırıma məruz qoyan,
terror, şantaj, hədə-qorxu, silahlı çevriliş və basqın yolu ilə
Yerevanda hakimiyyətə gələn "Qarabağ klanı" deyilmi?
İqtisadiyyatının tənəzzülə uğraması, ölkənin kriminal oliqarxlar
tərəfindən bölüşdürülməsi, az da olsa gəlir gətirmək imkanına malik
sənaye sahələrinin digər dövlətlərin ixtiyarına verilməsi, eləcə də
sərhədlərinin, siyasətinin, müdafiəsinin öz əlində olmaması,
demoqrafik vəziyyətin fəlakət həddinə çatması, hətta erməni
millətçiliyinin beşiyi sayılan erməni-qriqoryan kilsəsinin də
Yerevan hakimiyyətindən üz döndərməsi erməni xalqına qarşı elə
Sərkisyanın illərlə yeritdiyi yeni genosidin təzahürü deyilmi?
Sarkisyan düşdüyü vəziyyətdən, Ermənistanı sürüklədiyi bəlalardan o
qədər başını itirib ki, sadə bir şeyi anlamağa belə dərrakəsi
çatmır. Onun başa düşmədiyi odur ki, belə populist çıxışlar nə
qələbələrin, nə də ermənilərin "populyasiyasına" kömək
etməyəcəkdir. Amma onun üçün yenə də gec deyil. Düzgün mövqe
sərgiləyib işğal edilən Azərbaycan torpaqlarını tərk etməklə o, öz
xalqına normal yaşamağa, erməni gənclərinin sağ-salamat ailələrinə
dönmələrinə az da olsa kömək edə bilər.
Çünki aprelin əvvəlində baş verən hadisələr göstərdi ki, heç
şübhəsiz, Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda başladığı
yürüş qısa bir müddətdə Ermənistanın hərbi-siyasi rejiminin
iflasına və regionda qüvvələr balansının xeyrimizə dəyişməsinə
səbəb ola bilər və bu mütləq olacaqdır".
AzərTac