Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə dünyanın dini
liderlərinə, parlanetlərə, beynəlxalq qurumlara və Avropa
Məhkəməsinə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"O Bir Olan Yaradanın
adı ilə!
Milyonlarla azərbaycanlının iradə və hisslərini ifadə edərək,
Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın 22-ci ildönümü
ərəfəsində dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən
asılı olmayaraq bütün dünya ictimaiyyətinə müraciət edirik. Əminik
ki, ümumbəşəri dəyərlərə zidd olan zorakılıq, təcavüz, qətliam kimi
cinayət əməllərinə heç bir cəmiyyət, heç bir din haqq
qazandırmır.
Tarixi gerçəklik ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən
26-na keçən gecə minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakini
erməni qəsbkarlarının qəfil və amansız basqınına məruz qalmış, 613
nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş, qocalara, uşaqlara,
hamilə qadınlara belə rəhm olunmamışdır. Nəticə etibarilə, 150
nəfər də itkin düşmüş, 1275 nəfər əsir götürülərək ağır işgəncələrə
məruz qalmış, şəhid edilmişlərin cəsədləri üzərində ağlasığmaz
təhqiramiz hərəkətlər törədilmişdir.
Zaman-zaman Azərbaycan xalqına qarşı etnik təmizləmə, fiziki və
maddi- mənəvi terror gerçəkləşdirən erməni ekstremistləri
ərazimizin 20 faizini işğal edərək, bir milyondan artıq
azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri
Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi,
dini və mədəniyyət abidələrimizi xarabalığa çevirmişlər. Təəssüflər
olsun ki, onlar törətdikləri cinayətlərə görə hələ də layiqli cəza
almamış, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4
məlum qətnaməsinə belə məhəl qoymamışlar. Xocalıda həyata
keçirdikləri məqsədyönlü soyqırımı aktı isə onların törətdikləri
vəhşiliklərin kulminasiya nöqtəsidir.
Azərbaycan illərdir ki Xocalı soyqırımı faktının lazımi
səviyyədə siyasi, hüquqi qiymətini alması, beynəlxalq miqyasda
qınaq obyektinə çevrilməsi ilə bağlı müraciətlər edir. Ümidlərimizi
artıran məqam isə bundan ibarətdir ki, artıq dünyanın bir sıra
dövlətləri və beynəlxalq təşkilatları Xocalı soyqırımı
həqiqətlərini tanımış və tanımaqdadır. Bu gün geniş vüsət alan
"Xocalıya ədalət" kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq
səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılmasında, haqqın
və tarixi ədalətin bərpasında önəmli rol oynayır.
Qafqaz
Müsəlmanları İdarəsi dünya ictimaiyyətini erməni ekstremistlərinin
məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən təcavüzkar
dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı
qırğını - Xocalı soyqırımı faktını öz adı ilə çağırmağa və
pisləməyə səsləyir. Belə ki, bütün səmavi dinlərin müqəddəs
kitablarında, o cümlədən Qurani-Kərimdə bir günahsız insanın qətlə
yetirilməsinin günahı bəşəriyyətin məhvinin günahına bərabər
tutulur.
Biz, din xadimləri olaraq, bütün dünya xalqlarına sülh, səadət,
əmin-amanlıq və rifah diləyirik. Hər birimizin Rəbbimiz qarşısında,
bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin
bərqərar olmasına nail olmaqdır. Odur ki, üzümüzü bir daha dünyanın
dini liderlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara, o
cümlədən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə tutaraq, onları
Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və
vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda
törədilən cinayəti insanlığa qarşı soyqırımı aktı kimi tanımağa
çağırırıq.
Qoy Uca Yaradan hamımıza savab əməllərdə, düzgünü yanlışdan
seçməkdə və ədalətli olmaqda yardımçı olsun! AMİN!"