Ana səhifə Gündəm |
Prezidentin xüsusi nümayəndəlikləri institutunun işğaldan azad edilən ərazilərdə və Naxçıvanda tətbiq edilməsi ilə bu təcrübənin bütün ölkəni əhatə edəcəyi gözləntisi uzun müddətdir ki, müzakirə edilir.
Axar.az xəbər verir ki, Azərbaycanın hər rayonunda İH-lərin fəaliyyət göstərməsini ekspertlər idarəetmədə çevikliyə mane olan, eyni zamanda büdcənin izafi yüklənməsinə şərait yaradan səbəblərdən hesab edirlər. Bu, həmçinin yerli özünüidarəetmə strukturlarının fəaliyyəti ilə də üst-üstə düşmür və yerlərdə “ikihakimiyyətlilik” yaradır.
Buna görə də Qarabağ, Şərqi Zəngəzur və Naxçıvandakı modelə uyğun olaraq, Azərbaycanın 14 iqtisadi rayonunda Prezidentin xüsusi nümayəndəliklərinin (valilik strukturunun oxşarı) yaradılacağı, nəticədə onlarla İH-lərin ləğv ediləcəyi, yerli özünüidarəetmə strukturunun inkişafını ekspertlər prioritet hesab edir.
İcra hakimiyyətləri struktur olaraq Konstitusiyada nəzərdə tutulduğundan, idarəetmə formasının dəyişməsi üçün konstutisional islahata ehtiyac var. Milli Məclisin Hüquq komitəsinin müavini Qüdrət Həsənquliyev də bundan öncəki açıqlamasında İH-lərin ləğvi və yeni idarəetmə forması üçün yeni Konstitusiyaya ehtiyac olduğunu bildirmişdi.
Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc artıq prosesə start verildiyini anons edib. O bildirib ki, “Konstitusiya və Suverenlik ili” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələr təşkil ediləcək.
Zahid Oruc yeni referendumun keçirilməsi və Zəfər Konstitusiyasının qəbuluna hazırlıq getdiyinə də eyham vurub və açıq mətnlə “icra hakimiyyətləri sistemi ilə paralel xüsusi nümayəndəlik institutunun” formalaşmasına diqqət çəkərək, birincinin ləğv edilməsi versiyasını önə çıxarıb.
Beləliklə, bu il böyük ehtimalla referendum keçiriləcəyi, yeni Konstitusiyanın qəbulu və idarəetmə formasının dəyişəcəyi aktualdır.
Tarix
2025.01.23 / 12:15
|
Müəllif
Axar.az
|