ATƏT-in Minsk Qrupu həmsədrlərinin ortaq bəyanatı
münaqişənin həlli ilə bağlı əsas məsələnin mahiyyətindən daha çox
detallarla zəngindir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu
deyib. Siyasi şərhçi görüşün yekunu ilə bağlı bəzi məqamları
açıqlayıb:
"Birincisi, Ermənistan danışıqları əvvəlkitək uzadarsa,
Azərbaycanın qarşı tərəfə apreldə olduğu kimi gücünü göstərməkdən
başqa alternativ yolu qalmayacaq. İkincisi, vasitəçilər
insidentləri araşdırmaq istəyirlər. İnsidentlərin araşdırılması
Ermənistanın status-kvonu uzatmaq siyasətinə uyğundur. Biz işğalçı
Ermənistan ordusunu Ağdam, Füzuli və digər istiqamətlərdə daim
təzyiq altında saxlamasaq, İrəvan öz xoşu ilə işğal altındakı
torpaqları boşaldarmı? Ermənistan hakimiyyəti Dağlıq Qarabağ
ətrafındakı rayonları boşaltmayana qədər insidentlərin
araşdırılmasına razılaşmaq olmaz. Necə ki, işğal ortadan
qaldırılmayana qədər snayperləri və ağır hərbi texnikanı da geri
çəkə bilmərik. ATƏT-in bəyanatı imzalanan sənəd deyil, üzərimizə
məsuliyyət qoymur. Ona görə də bəyanata riayət etmək kimi
öhdəliyimiz yoxdur".
Politoloq Lavrovun açıqlamasına da toxunub:
"Lavrov deyib ki, çox güman, tərəflər arasında vəziyyətin
kifayət qədər gərgin olduğunu nəzərə alaraq, münaqişənin
nizanlanmasını mərhələli şəkildə həll etmək lazım olacaq". Bu cümlə
o deməkdirmi ki, vasitəçilər Ermənistanı status məsələsini
qabartmadan Dağlıq Qarabağ ətrafındakı ilkin olaraq 5 rayonun azad
olunmasına razı sala bilərlər?
Yaxın iki ayda bu cümlənin arxasındakı məntiqi görməliyik. Əgər
əvvəlkitək Ermənistan hakimiyyəti ilkin olaraq 5 rayonun
boşaldılmasını (Laçın və Kəlbəcərdən başqa – red.) Dağlıq Qarabağın
statusunu müəyyənləşdirəcək referendum tarixinə bərabər tutacaqsa,
Lavrovun sözlərinin əhəmiyyəti olmayacaq, danışıqlar apreldən
əvvəlki vəziyyətinə qayıdacaq".
E.Şahinoğlu hesab edir ki, bütün hallarda Vyana görüşü bizə
lazım idi:
"Bütün dünya gördü ki, Azərbaycan nəticəsiz danışıqlardan bezib
və işğal altındakı torpaqları azad etmək əzmindədir. Vyana bu
əhval-ruhiyyənin daşıyıcısına çevrilməli idi. Ancaq Vyanadan
sonrakı müddətdə Ermənistan heç bir addım atmazsa, növbəti görüşlər
bizim əleyhimizə işləyə bilər. Çünki münaqişənin həllində konkret
addımlar atılmadan görüşlərin davamı dövlət başçısı İlham Əliyevin
dediyi kimi, imitasiya xarakteri daşıyacaq. İmitasiya isə
status-kvonun davamı deməkdir. Ona görə də səngərdəki hərbçimiz
silahı əlində apreldə olduğu kimi möhkəm tutmalıdır".
Qeyd edək ki, dünən Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin
vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan
Prezidenti Serj Sərkisyan arasında görüş keçirilib. Görüşdə Minsk
Qrupunun həmsədrləri, həmsədr ölkələrin xarici işlər nazirləri,
Azərbaycan və Ermənistan XİN başçıları, o cümlədən ATƏT sədrinin
şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.