Rusiyanın "Rossiya-1" televiziya kanalında Dmitri Kiselyovun aparıcılığı ilə yayımlanan "Həftə xəbərləri" (Vesti nedeli) proqramında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş reportaj göstərilib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, reportajda Moskva şəhərində Azərbaycan səfirliyinin yaxınlığındakı parkda Heydər Əliyevə abidə qoyulması planlarından bəhs edilib.
Bildirilir ki, Baykal-Amur Magistralının (BAM) tikinti işçiləri bu abidənin qoyulması xahişi ilə Moskvaya müraciət ediblər, çünki Heydər Əliyev "əsrin tikintisi"nin təşkilatçılarından biri olub və SSRİ Nazirlər Sovetinin BAM layihəsinin icrasına məsul komissiyasına rəhbərlik edib.
Bundan əlavə, ötən gün Rusiyanın "Birinci kanal"ında da eyni mövzuya dair reportaj yayımlanıb.
"Moskvada tezliklə Heydər Əliyevin abidəsi olacaq. Bu həftə Azərbaycan səfirliyinin yaxınlığındakı parkda abidənin təməli qoyuldu. Milyonlarla rusiyalı üçün bu siyasətçinin adı Baykal-Amur Magistralı ilə bağlıdır. Böyük miqyaslı və unikal logistika layihəsi əsasən Heydər Əliyevin səyləri və qərarlılığı sayəsində həyata keçirilib. Təbiət və texniki problemlərə əlavə olaraq iqtisadi çətinliklərə baxmayaraq, magistral vaxtında istismara verilib", - deyə aparıcı qeyd edib.