Rza Zərrabın çirkli pul yuması və üst-üstə İranla 87
milyard dollarlıq əməliyyatının arxasında birbaşa Ərdoğan və AKP
hakimiyyəti dayanır.
"Axar.az"a Türkiyədəki mənbələrdən daxil olan
məlumata görə, bu barədə artıq ciddi çevrələrdə açıq-aydın
danışmaqdan çəkinmirlər. Bildirilir ki, İrana qarşı tətbiq edilən
sanksiyalardan istifadə etməyə qərar verən AKP hakimiyyəti
qeyri-rəsmi olaraq idxal etdikləri çox ucuz qiymətə (litri 30
kuruş, təxminən 15 qəpik) neftə qarşılıq ödənişləri əslən İrandan
olan azərbaycanlı iş adamı Rza Zərrab (qızılla), həmçinin
"Halkbank" rəhbəri Süleyman Aslan və iş adamı Əli Ağoğlu (xarici
valyuta) vasitəsi ilə həyata keçirib.
Qeyd olunur ki, bunun nəticəsində ilin əvvəli üçün nəzərdə
tutulan büdcə kəsiri heç bir problem olmadan doldurulub.
Mənbənin sözlərinə görə, 2013-cü il üçün Türkiyənin dövlət
büdcəsi 404 milyard (təxminən 201 milyard manat), büdcə kəsiri isə
34 milyard lirə (17 milyard manat) nəzərdə tutulsa da, ilin sonunda
qardaş ölkədə büdcə kəsirsiz başa vurulub.
Qeyri-rəsmi əməliyyatların hələ 2012-ci ilin sonundan başlayaraq
bəhrəsinin verdiyi də mənbənin verdiyi məlumatlar sırasındadır.
Yəni 2013-cü ilin yanvar ayında Türkiyədə artıq büdcə artımı
müşahidə olunmağa başlayıb. Belə ki, əgər 2012-ci ilin ilk ayı üçün
Türkiyənin dövlət büdcəsində 3,121 milyad (1,56 milyard manat) lirə
kəsir yaranmışdısa, 2013-cü ilin yanvarında nəinki kəsir olmamış,
hətta 1,05 milyard lirə (505 milyon manat) artım olmuşdu. Bu,
Türkiyə tarixində ilk belə iqtisadi uğur sayılırdı.
Qlobal iqtisadi böhrandan Türkiyəni qorumaq və İrana qarşı
sanksiyalardan istifadə etmək kursu götürən AKP hökumətinin
qeyri-rəsmi razılıq verdiyi bu əməliyyatın üstünün açılması isə
xarici qüvvələrin düşünülmüş planının tərkib hissəsidir.
Mənbəmizin bildirdiyinə görə, Avropa və Qərbin təzyiqləri
qarşısında İranla açıq deyil, qeyri-rəsmi ticari əməliyyatlar
aparmağa göstəriş verən Ərdoğan hökuməti bu əməliyyatlara qarşı
tərəfin inanması üçün təminatlı "vasitəçilər" kimi məmur
övladlarının istifadə olunmasına da razılıq verib. Və bu məqamda
qeyri-qanuni dövriyyəçilərin öz mənfəətlərini güdmələrinə də göz
yumulub. Nəticə bütün hallarda Türkiyənin dövlət maraqlarına xidmət
etdiyindən, hətta qonşu ölkələrin mühüm vəzifə tutan şəxslərindən
də xahişlər edilib.
Əvəzində isə gözlənilməz bir şok yaşanıb: xarici xüsusi-xidmət
orqanları bu qeyri-rəsmi əməliyyatları ifşa etməklə, görüntüdə
"korrupsiya əməliyyatı" adlı bir ağır ittihamı gerçəkləşdiriblər.
Nəticədə dekabrın 17-dən başlayan əməliyyat nəticəsində Türkiyə
iqtisadiyyatı 140 milyard dollar civarında itki verdi, 2 illik
əməliyyat uğurları sıfra endirildi və Ərdoğan hakimiyyətinin
korrupsioner imici formalaşdırıldı.
Mənbəmizin sözlərinə görə, Türkiyədəki korrupsiya əməliyyatına
töhfə verən Qərb dövlətlərinin xüsusi xidmət orqanları İrana qarşı
beynəlxalq sanksiyaları öz dövləti maraqları naminə pozmağın acı
nəticələrini Ərdoğan hakimiyyətinə yaşatdılar. Ərdoğan isə nəinki
qeyri-rəsmi əməliyyatlarda qazandıqlarını itirdi, həm də siyasi
karyerasında böyük zərbə aldı. Yaxınlaşan seçkilərdə Ərdoğanın
bələdiyyələrdə heç də mütləq uğur qazanmayacağı barədə deyilənlər
də bunu təsdiqləyir.

Hazırda Ərdoğanın siyasi
çevrələrdə bu həqiqəti etiraf etdiyi və fəsadların aradan
qaldırılması üçün bütün üsullardan istifadə etdiyi qeyd olunur.
Mənbənin sözlərinə görə, Türkiyə istisadiyyatının son itkiləri və
iş adamlarının hazırkı durumu artıq Ərdoğanın bütün çevrələrdə
dəstəklənməsinə səbəb olur. Süleyman Aslanın ardınca Ali Ağoğlunun
azadlığına da nail olan Ərdoğanın bu addımı bir neçə gündə vurulan
inanılmaz zərbələrdən 2 ay ərzində yalnız kiçik bir hissəni dəf
etməsi kimi dəyərləndirilir.
Mənbənin sözlərinə görə, bələdiyyə seçkilərində uğur qazanacağı
təqdirdə artıq Ərdoğan hakimiyyəti "korrupsiya əməliyyatı"nı
körükləyən bütün gücləri və fəsadları aradan qaldırmağa nail ola
bilər. Bunun üçün də Ərdoğan hər vasitədən istifadə edir. Çünki
uduzacağı təqdirdə Türkiyə uzun illərdən sonra bərpa olunan stabil
iqtisadi durumu, Ərdoğan isə böyük bir çevrəsi ilə təkcə
karyerasını deyil, gələcəyini də itirə bilər.