Baş ofisi Haaqa şəhərində yerləşən Benilüks ölkələri və
Avropa İttifaqı institutları üçün yayımlanan "Diplomat Magazine"
jurnalında Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərovun
"Uzunmüddətli təhlükəsizlik çağırışları Avropa ilə əməkdaşlıq
əhval-ruhiyyəsinə xələl gətirə bilməz" adlı məqaləsi dərc
yayılıb.
Axar.az xəbər verir ki, məqalədə Azərbaycanın Şərq-Qərb
dəhlizində tutduğu geostrateji mövqedən bəhs edilir. Bildirilir ki,
Şərq və Qərb arasında ticarət və nəqliyyat əlaqələrinin inkişafına
töhfə verən Azərbaycan sivilizasiyalar arasında körpü rolunu
oynayır. Azərbaycanın bölgədə tarixən oynadığı bu rol müxtəlif
etnik və dini azlıqların ölkədə sülh və əmin-amanlıq şəraitində
yaşamasına və multikulturalizm dəyərlərinin inkişafına imkan
yaradıb. Bu gün Azərbaycanda multikulturalizm və dini dözümlülük
cəmiyyətin həyat tərzidir.
Məqalədə qeyd edilir ki, hazırkı dövrdə Azərbaycan Şərq-Qərb
dəhlizinin əhəmiyyətini Bakı–Tbilisi–Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı–Tbilisi–Qars və yaxın gələcəkdə reallaşacaq "Cənub Qaz
Dəhlizi" kimi irimiqyaslı transregional layihələrlə gücləndirir. Bu
isə öz növbəsində Azərbaycanın Avratlantik strukturlarla
əməkdaşlığının inkişafına təkan verir. Azərbaycan Avropa
İttifaqının digər qonşularından fərqli olaraq Aİ ilə
münasibətlərində problem yaradan ölkə deyil, əksinə Aİ-nin strateji
maraqlarının təmin olunmasına töhfə verən etibarlı tərəfdaşdır. Bu
tərəfdaşlıq "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropaya alternativ
qazın nəqli perspektivləri ilə məhdudlaşmır. Azərbaycan radikalizm,
dini ekstremizm və insanlıq əleyhinə cinayətlərə gətirib çıxara
bilən müasir təhlükəsizlik təhdidlərinə qarşı mübarizə sahəsində Aİ
ilə birgə çalışmağa hazırdır. Bu təhdidlərlə mübarizə dini
dözümlülük və multikulturalizm kimi fundamental dəyərlərin
pozulması ilə müşayiət olunmamalıdır. Bu gün terrorizmə qarşı
mübarizə adı altında Avropa siyasi dairələrində artan islamofobiya
Avropa İttifaqı ilə müsəlman dünyası arasında qarşıdurma riski
yaradır. Azərbaycan əsrlər boyu multikulturalizm dəyərlərinə malik
ölkə kimi bu təhdidin aradan qaldırılmasında Aİ ilə əməkdaşlıq
etməyə hazırdır.
Bildirilir ki, yeni geosiyasi proseslər və Avropa İttifaqı
qonşuluğunda müşahidə olunan mürəkkəblik Aİ və Azərbaycan arasında
gələcək münasibətlərin formalaşmasına öz təsirini göstərir. Təcrübə
onu göstərib ki, illüziyalar üzərində qurulmuş yanaşma tərəflər
arasında yaxınlaşmaya xidmət etməyib. Məhz bu baxımdan Azərbaycan
Aİ ilə yeni hüquq öhdəlikli ikitərəfli sənəd üzərində işləməyə
başlayıb. "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla reallaşması
ikitərəfli münasibətlərdə qarşılıqlı asılılığı artıracaq və
tərəflər arasında siyasi dialoq və ticarət münasibətlərinin
genişləndirilməsinə xidmət edəcək.
Səfir məqalədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
davam edən işğalının regional təhlükəsizliyə təhdid olduğunu
vurğulayır. Bu xüsusda, cari ilin aprel ayında qoşunların təmas
xəttində baş vermiş hərbi qarşıdurmaya toxunulur və onun məhz həmin
dövrdə baş verməsinin səbəbləri açıqlanır. Bildirilir ki, aprel
hadisələrindən öncə yüksək vəzifəli Aİ rəsmiləri, o cümlədən Avropa
Komissiyasının iki vitse-prezidenti Azərbaycana eyni vaxtda səfər
edib, Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı müsbət
ismarıclar verilib. Azərbaycan Prezidenti ABŞ-a uğurlu səfər edib
və Birləşmiş Ştatlar ölkəmizi regional təhdidlərlə mübarizədə mühüm
tərəfdaş kimi qiymətləndirib. Bu gedişatlara cavab olaraq Ermənistan silahlı qüvvələri münaqişə
tarixində misli görünməmiş təxribatlara əl atıb.
Diqqətə çatdırılır ki, regionda sülh və sabiltiyin bərqərar
olunması üçün münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası
və digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamentinin
qətnamələri icra olunmalıdır. İşğalçı qoşunlar Azərbaycan
ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmalı, məcburi köçkünlərin
öz doğma yurd-yuvalarına təhlükəsiz şəkildə qayıtma hüququ təmin
olunmalıdır. Ermənistanın bu istiqamətdə atacağı addımlar Cənubi
Qafqazda regional əməkdaşlığın inkişafı və bu ölkənin mövcud və
gələcək transregional layihələrdə iştirakı üçün əlverişli zəmin
yaradacaq. Cənubi Qafqaz Avropa İttifaqına yaxın bölgədir və bu
şəraitin yaradılması Aİ-nin də marağında olmalıdır.
Səfir qeyd edir ki, uzun müddətdir davam edən təhlükəsizlik
təhdidləri Azərbaycanın Aİ ilə əməkdaşlıq əhval-ruhiyyəsinə xələl
gətirə bilməz.