Türkiyə və Avropa Birliyi arasında imzalanmış qaçqınlar
və viza anlaşmasının reallaşması artıq mümkünsüz
görünür.
Musavat.com
xəbər verir ki, Almaniya parlamentinin "erməni soyqırımı"
qərarından sonra anlaşmanın "rəfə qaldırılması" gözlənilir.
Xatırladaq ki, bu ilin əvvəlində Türkiyə ilə Avropa Birliyi
arasında viza və suriyalı qaçqınlar mövzusunda anlaşma əldə
olunmuşdu. Anlaşmaya əsasən Avropaya getmək istəyən qaçqınlar
Yunanıstan və digər Avropa ölkələrindən Türkiyəyə qaytarılacaq, AB
ölkələri isə geri qaytarılan qaçqınların sayı qədər qaçqını
Türkiyədən seçmə yolu ilə özləri qəbul edəcəkdi.
Bu anlaşmanın qarşılığında AB Türkiyə vətəndaşlarına Birlik
ölkələrinə (Şengen vizasına daxil olmayan İngiltərə, İrlandiya və
İslandiya xaric – K.R) vizasız səyahət haqqı tanıyacaqdı. Ancaq
mayın əvvəllərində məlum oldu ki, viza üçün Türkiyə qarşısında
qoyulan 72 şərt yerinə yetirilsə də, "Terrorla Mübarizə Qanunu"nun
dəyişməsi tələbi Türkiyə dövlət rəsmiləri tərəfindən qəbul
edilməyib. Almaniya parlamentinin məlum qərarından sonra isə
ümumiyyətlə, bu anlaşmanın gündəmdə qalması sual altına düşüb.
İndi necə deyərlər, işlər o qədər dolaşıb ki, bu anlaşmanın
mahiyyətinə diqqət etmək heç kimin yadına düşmür. Avropa mediası,
ictimai quruluşları, düşüncə mərkəzləri isə Türkiyəni ittiham edir.
Lakin diqqət etdikdə, bu anlaşma ilk baxışdan təqdim edildiyi kimi
Türkiyənin maraqlarına xidmət edən və ya Ankara üçün faydalı bir
anlaşma deyildi. Qaçqın anlaşması Avropanın maraqlarına xidmət edən
bir proses idi və rəsmi Ankara bu gedişatda necə deyərlər, oyuna
gətirildi. Son nəticədə türklər demiş, yenə də "fatura Türkiyəyə
kəsildi".
Sabiq baş nazir Əhməd Davudoğlunun "Kayseri bazarlığı" adı
verdiyi Avropa ilə anlaşmaya görə, Avropa Birliyi Türkiyənin
qaçqınları geri qəbul etməsi qarşılığında 3 milyard avro yardım
edir və eyni zamanda, geri qaytarılan qədər qaçqını özü seçib qəbul
edəcəkdi. Bunu hal-hazırda edir də. Bunun əvəzində isə Türkiyənin
vətəndaşları Avropaya vizasız səyahət edəcəkdi. Bu anlaşma əldə
olunmadı. Amma olunsaydı belə, Türkiyədə cəmi 3 milyon pasportu
olan vətəndaş bu hüquqdan yararlana biləcəkdi.
Eləcə də 3 milyard avro mövzusunda da Ankara ilə Brüssel anlaşa
bilmədi. Daha əvvəl yardımın Türkiyəyə ediləcəyi deyilsə də,
sonradan Avropa pulu beynəlxalq yardım təşkilatlarına verəcəyini
bəyan etdi.
Avropanın qaçqınları
Türkiyədən seçmə üsulla qəbul etməsinin səbəbləri sırasında birinci
ehtimal terrordur. Bir sıra mütəxəssislərə görə, qaçqınlar arasında
çoxlu sayda terrorçu da Avropaya gedə bilər və bu səbəbdən də AB
özü Türkiyədə daha təmiz "bioqrafiyası" olanları seçmək istəyir.
Amma razılaşmaq mümkündür ki, eyni işi rahat şəkildə Yunanıstanda
da etmək mümkündür.
Bir başqa versiya isə Avropanın suriyalı, əfqanıstanlı, iraqlı,
şimali afirkalı qaçqınlardan özünə yeni vətəndaş, gənc işçi qüvvəsi
alması planıdır. İddialara görə, Avropa Birliyinin bir çox ölkələri
məhz seçmə yolu ilə uyğun kriteriyalarda özləri üçün yeni vətəndaş
və işçi qüvvəsi əldə etməyə çalışır.
Məsələn, ötən ay "Azadlıq" radiosu "Ekonomist"ə istinadən
Almaniyanın 2060-cı ilədək 81 milyonluq əhalisinin 10 milyonunu
itirəcəyi və buna görə də Berlinin özünə yüz minlərlə qaçqın
şəklində "təzə qan" vurduğunu yazmışdı. Eyni zamanda məqalədə
deyilirdi ki, bu dərddə olan təkcə Almaniya deyil. Əhalisinin
tərkibində 65 yaşdan yuxarı olanların sayına görə ilk 10 ölkədən
9-u Avropada yerləşir. 10-cu Yaponiyadır.
Ötən il Avropa İttifaqından sığınacaq istəyən qaçqınların beşdə
dördü yaşı 35-dən aşağı olanlardır. Məqalədə deyilir ki, məhz
miqrasiyanın sayəsində Almaniya əhalisinin azalması 2011-ci ildə
dayanıb və o vaxtdan bəri fasiləsiz şəkildə artır.
Almaniya Federal Statistika İdarəsinin məlumatına görə,
demoqrafik tənəzzülün dayanması üçün Almaniyaya ildə 470 min iş
yaşında olan miqrantın gəlməsi lazım olardı. Həm də bu prosesin
daim davam etməsi lazımdır, çünki miqrantlar da qocalırlar və
miqrant qadınların da doğum reytinqi bir müddətdən sonra yerli
əhalininki qədər olur.
Göründüyü kimi, qaçqın anlaşmasında qəribə görünən seçmə üsulu
ilə qaçqın qəbulunun arxasında Avropanın incə maraqları dayanır. Və
bu proses Türkiyə üzərində oynanıldı. Əvvəlcə hökumətlə bir anlaşma
üzərində razılığa gəlindi, daha sonra bu anlaşma baş tutmadı. Hər
iki halda Avropa Birliyi bu mərhələdən uduşlu çıxmış kimi görünür.
Bu gündən sonra Avropanın qaçqınları qəbul etməsi (istədiyi sayda)
ən pis halda Avropa humanizmi kimi qarşılanacaq. Bu gün baxdıqda
qaçqın anlaşması prosesində günahkar kimi göstərilən Türkiyə
hakimiyyəti isə sadəcə bu incə oyunda təcrübəli Avropanın oyununa
düşdü. İndi hətta miqrantların Avropaya göndərilməsi sözləri belə
Avropanın əlində Türkiyəyə qarşı karta çevrilib. Və oyunun sonunda
bütün "fatura" Türkiyəyə kəsildi.