Roma şəhərində keçirilmiş Azərbaycan Respublikası və
İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın 4-cü iclasında çıxış edən İtaliyanın
xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paulo Centiloni
Azərbaycanı İtaliya üçün Cənubi Qafqazda istinad ölkəsi kimi
xarakterizə edib. O, Azərbaycanın geosiyasi baxımdan strateji
mövqeyə və böyük iqtisadi potensiala malik, Asiya ilə Avropanı
birləşdirən açar ölkə, İtaliyanın isə təbii tərəfdaşı olduğunu
vurğulayıb.
Axar.az xəbər verir ki, nazir İtaliya ilə Azərbaycan arasında
münasibətlərin son illərdə inkişaf etdiyini bildirib, qarşılıqlı
çoxsaylı səfərləri, xüsusilə də Azərbaycan Prezidenti İlham
Əliyevin 2014-cü və 2015-ci illərdə İtaliyaya səfərlərini qeyd
edib. O, İtaliya tərəfinin Azərbaycana rəsmi səfərləri artırmaq
istəyini bəyan edərək növbəti aylarda özünün Azərbaycana səfər
edəcəyini söyləyib.
İtaliya-Azərbaycan tərəfdaşlığının gücləndirilməsində
Trans-Adriatik qaz boru kəməri layihəsinin əhəmiyyətinə toxunun
nazir bu layihənin İtaliya milli iqtisadiyyatı üçün strateji dəyərə
malik olduğunu və bu kəmərlə 2020-ci ildə Azərbaycan qazının
İtaliyaya çatdırılacağını deyib.
Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard avro olduğunu
bildirən nazir İtaliyanın Azərbaycana öz ixracatını artırmaq,
bununla da ticarət dövriyyəsindəki qeyri-tarazlığı aradan götürmək
istəyini qeyd edib. İki ölkə arasında iqtisadi əməkdaşlığın yalnız
enerji sektoru ilə məhdudlaşmamalı olduğunu, müxtəlif sahələrdə
əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu deyən nazir
P.Centiloni növbəti illərdə Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsi və ölkənin iqtisadi inkişafında yeni dinamikanın
təmin olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı
son sərəncamlar və müəyyən etdiyi yol xəritəsini xüsusi qeyd
edib.
İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafının da
əhəmiyyətinə toxunan nazir bu sahəyə Azərbaycan tərəfindən,
xüsusilə də Heydər Əliyev Fondu tərəfindən göstərilən diqqəti
vurğulayıb.
Qafqazda sülh və sabitliyin bərqərar olması, Azərbaycanla Avropa
İttifaqı arasında konstruktiv və səmərəli əməkdaşlıq üçün
İtaliyanın çalışmalı olduğunu qeyd edən nazir P.Centiloni
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail
olmaq üçün ölkəsinin Almaniyanın ATƏT-in sədri kimi səylərini
dəstəklədiyini və İtaliyanın 2018-ci ildə ATƏT-ə sədr seçiləcəyi
təqdirdə münaqişənin həlli üçün öz səylərini əsirgəməyəcəyini
əminliklə bildirib.
Nazir Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycan ilə
Avropa İttifaqı arasında yeni və dinamik münasibətlərin
qurulmasının əhəmiyyətli olduğunu vurğulayıb.