1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə
etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı
yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş
alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı.
Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət
boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün
ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci
ilin mayın 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən
özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini
göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi
təhlükəsi yarandı.
Axar.az xəbər verir ki, vətənin belə ağır günündə xalq
Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət
etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin
təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin
qarşısını ala bildi.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası
Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli
Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis
1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı
ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni
həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara,
beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu
prosesi başlanıb. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz
tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun
formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir
nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə
olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə
nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış,
bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati
əhəmiyyət kəsb edən atəşkəsə nail olunub.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq
aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü
ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft
müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev
tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi
inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata
keçirilməsinin parlaq təzahürüdür.
Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin
fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası
oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə
cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı
dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda
dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait
yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə
olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi
cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış,
dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də
ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət
quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını
müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi.
Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və
demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata
keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca
qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik,
demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər
təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər
Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına
azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını
yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyevin
fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar
olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya
iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar
islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.
Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində
davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının
başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin
yaradıb.
Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici
siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları
ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə
əsaslanan xətlə inkişaf etməyə başlayıb.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət
verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli
addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan
bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu
günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub.
Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan
dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai
təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı
münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib.
Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq
normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına,
dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı
əməkdaşlıq prinsipləri təşkil edib. Onun dünya təcrübəsinin bütün
nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən
sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli
müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə
yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu
ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və
mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan
hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri
dayanırdı.
Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər
arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin
genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin
fəaliyyət göstərib. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti
kimi şöhrət qazanıb.
Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli
coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli
mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş
irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və
həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli
fəaliyyət göstərib. Onun böyük siyasi iradəsi və müdrik
uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza
atılmış və onların həyata keçirilməsinə başlanıb. Heydər Əliyevin
təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı
iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol
oynayıb. Böyük bir coğrafi məkanda region qüvvələrinin
birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olub.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı
ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış
azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində
Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya
azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil
Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy
göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul
edib.
Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın
bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın
gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də
Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir
azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi
var.
Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir
azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev eyni
zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir.
O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil
Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya
əsasını məhz Heydər Əliyev yaradıb.
Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin
siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının
tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə
çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük
məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin
inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.