Milli Məclisin Elm və
təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin
rektoru (ADİU) Şəmsəddin Hacıyev son vaxtlar ali təhsil
müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları ilə
bağlı müxtəlif rəylərə və yaranan narazılıqlara münasibət
bildirib.
Ş. Hacıyev bildirib ki, bu qaydaların tənzimləyici sənəd kimi
təsdiq olunması Azərbaycan ali təhsilinin Avropa Ali Təhsil
məkanına inteqrasiya olunması yolunda keyfiyyətcə yeni mərhələdir.
Onun sözlərinə görə, ali təhsil müəssisələrinin bakalavriat və
magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili
qaydaları tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində
fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil edilir.
Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin
xüsusiyyətlərinin Boloniya prinsiplərinə uyğun olaraq müəyyən
edildiyini deyən rektor vurğulayıb ki, bu qayda həm də hər bir
təhsil alanın fərdi tədris planının olması və onların bu planın
tərtib edilməsində iştirak etməsi, ali təhsil müəssisəsinin tədris
planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə
kreditlərin miqdarının, təhsil verənlərin və akademik
məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin
edilməsi və tələbəyə sərbəst iş üçün şəraitin yaradılmasını özündə
əks etdirir: "Göründüyü kimi, burada tələbənin daha çox akademik
uğurlarına yaradılan imkandan söhbət gedir. Kəsiri olan tələbənin
bu kəsirə görə ödəniş etməsi əslində çox nadir hallarda baş verən
bir hal olacaq. Əslində bizim ali təhsil müəssisələrində krediti
ödəyə bilməyən tələbələr üçün yay semestrlərinin təşkili təcrübəsi
xeyli müddətdir ki, var. Boloniya prinsiplərinə uyğun olaraq tələbə
Avropa ali təhsil məkanında olduğu kimi, toplaya bilmədiyi
kreditləri yay semestri ərzində yenidən öyrənərək toplayır və
burada heç bir qanunsuz fəaliyyət yoxdur. Bu zaman tələbənin
ödədiyi vəsait ancaq onun öyrənməsi üçün yaradılan şəraitə görə
hesablanır. Bu da Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalarda
daha sistemli qoyulub. Həmin qaydalar bizə imkan verəcək ki, bütün
ali təhsil müəssisələri vahid qaydada bu işi tənzimləsin. Əvvəllər
isə hər universitetin özünəməxsus qaydası mövcud idi".
Son günlər yayılan informasiyaya görə ADİU-da həmin qaydaların
tətbiqi ilə bağlı akademik borclara görə ödənişlərin ləğv
edilməsinə gəlincə, Ş. Hacıyev qeyd edib ki, bu, tamamilə
yanlışdır. Onun sözlərinə görə, yüksək instansiya tərəfindən
verilən qərar təftiş olunmur, icra edilir: "Bir daha qeyd edim ki,
ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili
qaydaları ilə tanış etməli və təhsil müddətində tələbəyə tədris
planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaratmalıdır"
(APA).