Ortada olan həll
variantları, xüsusən, Rusiyanın təklifləri, Qarabağın status
məsələsi, ermənilərin Vardenisdən Ağdərəyə çəkdikləri yola Laçın
dəhlizi statusunun verilməsi haqqında məsələ qaldırmaları
danışıqlar prosesinə qarışıqlıq gətirib.
Bu barədə Axar.az-a politoloq Qabil Hüseynli danışıb. Sabiq
dövlət müşaviri bildirib ki, bu gün Ermənistanda həddindən artıq
radikal, təcavüzkar bir ovqat var:
"Ermənilər, necə ki, Laçın koridoru və onun ətrafında 15
kilometrlik xüsusi bufer zonanın yaradılması istəyirlər, eləcə də
Kəlbəcərlə bağlı da eyni fikrə düşüblər. Beləliklə, Kəlbəcər və
Laçının geri qaytarılması natamam baş tuta və bu nöqteyi-nəzərdən
danışıqlar prosesi ləngiyə bilər. Məsələ burasındadır ki, bu gün
Ermənistanda həddindən artıq radikal, təcavüzkar bir ovqat var.
Moskva İrəvana təzyiq edən kimi, dərhal anti-rus dalğası baş
qaldırır. Rusiya apreldən sonra Azərbaycana ehtiyatla yanaşır.
Vyana və Sankt-Peterburq görüşlərilə Bakı-Moskva arasında ticari,
hərbi əlaqələr genişlənəcək. Azərbaycanın qarşıya qoyduğu əsas
strateji məqsədi Dağlıq Qarabağla bağlı hədəfləridir. Bölgədə
normal sülh şəraiti üçün lazım olan şərtlərin meydanda olduğunu
iddia edə bilmərik. Çünki ermənilər özlərini son dərəcə pis
aparırlar, üstəlik, yeni havadarları da peyda olub".
Siyasi konyunkturanın geniş hərbi əməliyyatların aparılmasına
imkan vermədiyini qeyd edən politoloqa görə, bu şəraitin dəyişməsi
Rusiya və Amerikanın irəli sürəcəyi şərtlərdən asılı olacaq:
"İndiki vəziyyət diktə edir ki, Azərbaycan istər hərbi, istərsə
də siyasi sahədə tələsməməlidir. Bizi qarşıda çox böyük diplomatik
döyüşlər gözləyir. Yalnız 5 rayon ətrafında ciddi söhbətlər gedir,
Kəlbəcər və Laçınla bağlı ciddi konsensusa nail olunmayıb. Dünyada
baş verən son dəyişiklər Azərbaycanın fəal mövqeyini getdikcə
artırır. Uzağı 3-5 ilə daha güclü olacağıq və təsir imkanlarımız
xeyli artacaq. Gözlədiyimiz əlverişli məqam arzu etdiyimiz
nəticələrlə başa çata bilər. Qarabağ məsələsi siyasi və hərbi
sahədə həlledici fazaya daxil olub. Hər iki fazanın təsir gücü
hazırda bərabərdir və istəsək, avqustda vəziyyəti kökündən dəyişə
bilərik. Lakin Bakı sülh xəttinə sadiqdir və danışıqlar prosesində
çox ciddi mübarizə aparacaq".