Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibəti ilə ölkəmizin Kubadakı səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində bayram tədbiri keçirilib.
Kult.az xəbər verir ki, tədbirdə Kubanın Əmək və Sosial Müdafiə naziri Marqarita Qonsales Fernandes, Xarici İşlər nazirinin müavini Roxelio Sierra Dias, Kubanın müxtəlif dövlət və hökumət qurumlarının rəsmiləri və bu ölkədə akkreditə edilmiş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.
Bayram tədbiri Kuba və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehov çıxışında AXC-nin yaranması və mövcud olduğu qısa müddət ərzində ən aparıcı demokratik prinsiplər əsasında əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib. Şərq aləmində ilk dəfə Azərbaycanda demokratik respublikanın yaradılmasının ölkəmizin dövlətçilik tarixinin ən qürurlu səhifələrindən biri olduğunu bildirib.
O, Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinin nəticələrindən bəhs edərək, ölkəmizin iyirmi faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin indiyədək işğal altında saxlandığı və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini deyib.
Tədbirdə çıxış edən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzinin birinci vitse-prezidenti Elio Gamez Neyra Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə təmsil etdiyi təşkilat adından Azərbaycan səfirliyinə təbriklərini çatdırıb.
Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunu olmuş Elio Gamez səmimi, alicənab və mehriban Azərbaycan xalqının dostluq əlaqələrinə daim sadiq qaldığını söyləyib. O, 2012-ci ildə Bakıya səfərini xatırlayaraq, xalqlarımız arasında dostluq əlaqələrinin daha da inkişaf etdiyini və Azərbaycanda Kuba xalqına və Kuba inqilabının tarixi lideri Fidel Kastroya bəslənən xüsusi münasibətin şahidi olduğunu bildirib.
Tədbir zamanı Azərbaycan bəstəkarlarının klassik əsərləri və xalq mahnıları səsləndirilib.