"Neftçi"-davam, yoxsa tamam?
Bu gün Azərbyacan Premyer-Liqasında 24-cü turun oyunları
keçiriləcək.Publika.az xəbər verir ki, turun mərkəzi
qarşılaşmasında "Neftçi" "Qarabağ"la üz-üzə gələcək. Bu
qarşılaşmanı "ağ-qaralar" üçün "davam-tamam" qarşılaşması kimi də
xarakterizə etmək olar. Qarşısına çempionluq məqsədi qoyan "Neftçi"
hazırda turnir cədvəlinin vahid lideri "Qarabağ"dan 7 xal geri
qalır. "Neftçi"yə qayıdarkən iddialı açıqlamalr verən Böyükağa
Hacıyevin yetirmələri bu qarşılaşmada məğlub olsalar, çempionluq
uğurunda mübarizədən demək olar ki, qopacaqlar. Hazırda çətin
dönəmini yaşayan "Neftçi"nin düşərgəsində əhval-ruhiyyə yerində
deyil. "Köhlən atlar" "ağ-qaralar"ın bu durumundan mütləq
yararlanmalıdırlar. Böyükağa Hacıyev "Simurq"la oyundan sonra
"Neftçi" hazır maşındı, "xodda", sür" demişdi. Ancaq elə həmin
qarşılaşmadan sonra "Neftçi"nin "matoru" işə düşmür ki, düşmür.
Görək, "Qarabağ"la oyunda Böyükağa Hacıyev "hazır maşın"ı "xoda"
sala biləcək?
Qeyd edək ki, tərəflər 55-ci dəfə qarşılaşcaqlar. "Neftçi" şəxsi
görüşlərdə cüzü üstünlüyə malikdi. Belə ki, "ağ-qaralar" 17,
"Qarabağ" 16 qələbə qazanıb, 21 oyun sülhlə başa çatıb. "Neftçi"nin
52 qoluna ağdamlılar 47 dəfə cavab verə bilib.
Ancaq "Neftçi" son 6 qarşılaşmada cəmi 1 dəfə qalib gəlib.
"Xəzər Lənkəran" bəraət almağa borcludu
Günün daha bir prinsipial qarşılaşması Lənkəranda baş tutacaq.
Düzdü, "Xəzər Lənkəran" çempionatda iddiasını demək olar ki,
itirib. Əvəzində "İnter" qış fasiləsindən sonra topladığı xallarla
bu mübarizəyə qoşulub. Ancaq "ağ-yaşıllar"ın bu oyuna məsuliyyətsiz
yanaşacağını iddia etmək olmaz. Mustafa Dənizlinin komandası
"Fırtınalar meydanı"nda "Bakı"ya məğlubiyyətin əvəzini çıxıb,
azarkeşləri qarşısında bəraət almağa borcludu. Bu, tərəflər
arasında çempionatda 27-ci oyun olacaq. İndiyədək baş tutan
oyunlarda "İnter"in üstünlüyü var. Belə ki, "bankirlər" 8,
lənkəranlılar 4 qələbə qazanıb. Bu komandaların qarşılaşmalarında
çox vaxt "sülh" bağlanır - 14 oyun. "İnter"in 26 qoluna "Xəzər
Lənkəran" 23 dəfə cavab verib. "Bankirlər" son 5 qarşılaşmada
uduzmayıb. "Xəzər Lənkəran" son 4 ev matçından 3-də məğlub
olub.
"Qəbələ"-yoxdu yol geriyə
Lider "Qarabağ"ın ən yaxın izləyicisi "Qəbələ" "Simurq"un qonağı
olacaq. Yuri Syominin yetirmələri qış fasiləsindən sonra bəs
deyincə xal itiriblər. "Simurq"la qarşılaşmanın asan olmayacağı
şəksizdi. Atletik futbola üstünlük verən zaqatalalılar ötən tur
səfərdə "Qarabağ"dan xal almağı bacarıblar. Ancaq "Qəbələ" üçün
geriyə yol yoxdu. Əks təqdirdə, lider "Qarabağ" uzaqlaşa, yaxın
izləyicilər yaxınlaşa bilər. Bu gün tərəflər 21-ci dəfə
qarşılaşacaqlar. Premyer Liqaya eyni vaxtda yüksələn komandalar
eyni sayda da qələbəyə malikdi - 7. Daha 6 qarşılaşmada qalib
müəyyənləşməyib. Tərəflər qələbə sayında bərabər olsa da, "Qəbələ"
top fərqində öndədi. Belə ki, Qəbələ təmsilçisinin 20 qoluna
zaqatalalılar 18 dəfə cavab verib. "Simurq"un meydanındakı son iki
görüşdə qonaqlar qol vura bilməyib.
"Bakı"-unutma "Neftçi"nin aqibətini…
Qış fasiləsindən sonra ən uğurlu komanda çıxışı "Bakı" göstərir.
"zolaqlılar" ard-arda qazandıqları qələbələr sayəsində turnir
çempionluq yarışınıa qoşuldular. Pantiçin yetirmələrinin qələbə
seriyası ötən tur "İnter"lə oyunda qırıldı. Prinsipial rəqiblər
hərəyə bir xalla kifayətlənməli oldular. "Bakı" ötən tur itirdiyi
xalları kompensasiya etmək üçün yaxşı fürsət qazanıb.
"zolaqlılar"ın rəqibi autsayder "Sumqayıt"dı. Autsayder olmağına
baxmayın, "Sumqayıt" ötən tur "Neftçi"yə qalib gəlməklə sürprizi
gerçəkləşdirdi. Pantiçin yetirmələri bu qarşılaşmaya barmaqarası
yanaşsalar, onları da "Neftçi"nin aqibəti gözləyə bilər.
Bu, tərəflər arasında çempionatda 7-ci oyun olacaq. "Bakı" bundan
əvvəlki 4 matçda qalib gəlib. "Sumqayıt" bir dəfə 3 xala sevinibsə,
digər bir matçda qalib müəyyənləşməyib. Bakılıların 6 qoluna
sumqayıtlılar 3 dəfə cavab verə bilib. Paytaxt təmsilçisi son 2
görüşdə də qalib gəlib.
Kurtar "Rəvan"ı son pillədən qurtaracaq?
Turun daha bir qarşılaşmasında isə "Rəvan" AZAL-ı qəbul edəcək.
"Təyyarəçilər"in çempionatda heç bir iddiası yoxdu. AZAL-ın nə
medal qazanmaq şansı var, nə də elitanı tərk etmək qorxusu. Ancaq
"Rəvan" turnir cədvəlinin sonuncu pilləsində qararlaşıb. Kurtarın
yetirmələri qeyri-sabit oyun sərgiləyən "təyyarəçilər"i
cəzalandırmaqla son pillədən qurtulmağı hədəfləməlidirlər. Vaqif
Sadıqovun yetirmələri iddialı klublarla qarşılaşmalarda bütün
qüvvələrindən yararlansalar da, autsayderlərlə oyunlarda motivasiya
çatışmazlığı yaşayırlar. Bu da "Rəvan"ın işinə yaraya bilər.
Tərəflər 11-ci dəfə üz-üzə gələcəklər. Paytaxt derbisinin
iştirakçıları öz aralarındakı tarazlığı pozmağa çalışacaqlar. Belə
ki, əvvəlki 10 matçda eyni sayda qələbəsi (4 qələbə, 2 heç-heçə)
olan rəqiblər, top fərqində də bərabərliyə malikdi. Lakin son 4
görüşdə "Rəvan" qələbə qazana bilməyib.
"Bakı" – "Sumqayıt"
Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir
Əhmədov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Füzuli Nəcəfov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu, 14:00
"Rəvan" – AZAL
Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Azər Əsgərov, Xəlil
Hüseynli
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Fazil Mürşüdov
"Bayıl Arena" stadionu, 19:00
"Xəzər Lənkəran" – "İnter"
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ramiz
Məhərrəmov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla
Feyzullayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Xəzər Lənkəran" mərkəzi stadionu, 16:00
"Neftçi" – "Qarabağ"
Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur
Fərhadov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"Bakcell Arena" stadionu, 17:00
"Simurq" – "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Mahir
Məmmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Şahin Cəfərov
Zaqatala şəhər stadionu, 15:00