Martın 7-də keçirilən AFFA İcraiyyə Komitəsinin
iclasında bir sıra qərarlar qəbul olundu.
əmişə olduğu kimi, bu dəfə də qəbul olunan qərarlar futbol
ictimaiyyəti arasında birmənalı qarşılanmadı. İK bundan əvvəl qəbul
etdiyi qərarları qüvvəyə minməmiş ləğv etməklə, Azərbaycan
futbolunun xaosla idarə olunduğunu ortaya qoydu. Qəbul olunmuş
qərarlardan aydın görünür ki, AFFA üçün qanun, əsasnamə anlayışı
yoxdu. Qrum rəhbərliyi qərar qəbul edərkən kimlərinsə şəxsi
maraqlarından çıxış edir, qanunların kağız üzərində yazılması üçün
qəbul edildiyi görüntüsü yaradır. Növbəti dəfə Premyer-Liqadan
hansısa klubun düşməyəcəyini elan etmək qanunlara hörmətsizliyin
bariz göstəricisidi. AFFA prtezidenti protokol qaydalarını belə
nəzərə almadan "mən "Sumqayıt"ın Premyer-Liqadan düşməsinə imkan
verməyəcəm" deməklə, elə qanunların özü tərəfindən pozulduğunu
göstərdi. Təbii ki, belə qeyri-sabit və qeyri-peşəkar idaretmə
sistemində futbolun inkişafından danışmaq yersizdi. Futbolun
inkişafını təmin etmək üçün ilk növbədə nizam-intizam və hamı üçün
keçərli olan qanunlar lazımdı. Təəssüf ki, biz bunu AFFA-nın
timsalında görmürük. AFFA prezidenti özü də etiraf etdi ki, futbola
xərclənən vəsaitin nəticəsi yoxdu. Təbii ki, belə idarəetmə ilə
nəticə olmamalıdı.
Klubların mənafeyi tapdalanır
Gəlin, AFFA İcraiyyə Komitəsinin çıxardığı və ləğv etdiyi
qərarlara bir daha nəzər salaq. Ötən ilin mart ayında İK qərar
qəbul etdi ki, 1-ci divizion klublarının heyətində 21 yaşa qədər 8
futbolçu çıxış etməlidi. Düşünülməmiş, Azərbaycan futbolunun
reallıqları nəzərə alınmadan qəbul edilmiş qərar idi. Qərar qüvvəyə
minməmiş avqustda keçirilən iclasda ləğv olundu. İK qərarı qəbul
edəndən sonra öyrənə bilib ki, Azərbaycanda 21 yaşa qədər
futbolçuların qıtlığı yaşanır.
Qərar ləğv olundu, amma əvəzində daha bir absurd qərar qəbul
olundu. Birinci dəstədə oynayacaq səviyyədə 21 yaşa qədər
futbolçularını qıtlığı məlum ola-ola, İK qərar qəbul etdi ki,
Premyer-Liqa klubları start heyətinə 21 yaşa qədər 2 futbolçu daxil
etməlidirlər. Heç cür anlamaq olmurdu ki, İK bu qərarı hansı
məntiqlə qəbul edib. Növbəti dəfə narazılıqlar baş qaldırdı.
Növbəti dəfə İcraiyyə Komitəsi qərarı qüvvəyə minməmiş
dəyişdirdi.
Özü də klubların mənafeyinə zərbə vurmaqla. Fikir verin,
avqustda qəbul edilmiş qərara əsasən klublar qış transfer pəncərəsi
zamanı heyətə 21 yaşa qədər futbolçular cəlb etdilər. Müqavilə
bağlandı, onlara müəyyən vəsait də ödənildi. Amma martın 7-də İK
avqustda qəbul etdiyi qərarı ləğv etməklə klubların qışda etdiyi
transferləri heçə endirdi. İndi həmin klublar neynəməlidi? Onların
transfer etdiyi futbolçular artıq bu klublara lazım deyil. Üstəlik
klublar bu futbolçulara ödədikləri vəsaiti də havaya sovurmuş
oldular. AFFA-nın belə qeyri-peşəkar idarəçiliyi istər-istəməz
futbol təsərrüfatında xaos formalaşdırır.
Messi yox, Banişevski nümunəsi
Ötən il çempionatın 10 komandalı sistemlə keçirilməsinə qərar
verilib. Bu mövsüm "Sumqayıt"ı elitada saxlamaq üçün Premyer-Liqada
klubların sayı yenidən artırılır.
Nəyin xətrinə? AFFA rəsmiləri deyirlər ki, "Sumqayıt"da gənc
futbolçular çıxış edirlər. Absurddu. "Sumqayıt"ın "İnter"lə oyunda
meydana çıxan futbolçularının orta yaş həddi 24-dü. 24 yaş futbolda
heç vaxt gənclik dövrü hesab edilmir. Avropda gənc futbolçu meyarı
17-18 yaş arasında qəbul edilir. İndini demirik ha, elə əvvəllər də
belə olub. Messi 23 yaşında artıq 3 "Qızıl Top" almışdı. Runi 17
yaşında "Mançester Yunayted"ə transfer olunmuşdu.
Azərbaycan futbol məktəbinin yetirməsi Anatoli Banişevski
1966-cı ildə İngiltərə kraliçasından "Bakı nefti sovetlər üçün nə
qədər əhəmiyyətlidirsə, sizin də oyununuz SSRİ yığması üçün o qədər
önəmlidi" kəlmələrini eşidərkən cəmi-cümlətanı 19 yaşda idi.
Banişevski SSRİ boyda nəhəng dövlətin formasını geyinərkən isə 18
yaşındaydı. Necədi? İndi AFFA "Sumqayıt"ın heyətində oynayan 24-25
yaşlı "gənclərə" görə Azərbaycanın futbol təsərrüfatının altını
üstünə çevirir.
Qurban Qurbanovun verdiyi dərs
İK-in qəbul etdiyi daha bir qərara görə növbəti mövsümdən
komandaların heyətində yerli futbolçuların sayı artırılacaq. Limit
6+5 olacaq. Bu addım klub futbolunun inkişafına arxadan vurulan
zərbədi.
Bu qərardan sonra yerli futbolçuların yüksək olan qiyməti
istər-istəməz qalxacaq. Yerli futbolçuların illik məvacibi onların
dəyərini onsuz da qat-qat üstələyirdi. Bu qərardan sonra Mahir
Şükürov hər hansı bir klubun illik 500 min manatlıq təklifinə heç
gözünün ucu ilə də baxmayacaq. O, artıq 700-800 min manat tələb
edəcək.
Etiraf etmək lazımdı ki, Azərbyacanda futbolçu potensialı yoxdu.
Klub komandaları səviyyəsində qazanılan nisbi uğurlar da
əcnəbilərin hesabına baş verib. "Neftçi" Avroliqanın qrup
mərhələsinə əcnəbi futbolçuların ustalığı sayəsində düşə bildi. Elə
"Qarabağ"ın da Avroliqadakı uğuru birbaşa legionerlərlə bağlıdı.
Hazırda çempionatın lideri olan "Qarabağ" parlaq oyun göstərir.
Kimin hesabına? Təbii ki, legionerlərin. Azərbaycan çempionatının
sonuncu turunda "Bakı" ilə qarşılaşmada "Qarabağ"ın baş məşqçisi
Qurban Qurbanov adi bir əvəzetmə ilə AFFA rəsmilərinin qəbul etdiyi
qərarların absurdluğunu çılpaqlığı ilə göstərdi.
Qurban Qurbanov oyunun 78-ci dəqiqəsində Leroy Corcu Vüqar
Nadirovla əvəzlədi. Bu dəyişikliyə qədər meydanda legionerlərin
sayı yerlilərin sayından çox idi. "Qarabağ" da parlaq, baxımlı oyun
göstərirdi. Vüqar Nadirovun meydana daxil olması ilə balans
dəyişdi. Yerlilərin sayı legionerlərdən çox oldu meydanda. Bununla
da "Qarabağ"ın oyun keyfiyyəti də xeyli aşağı düşdü. Qurban
Qurbanov adi bir əvəzetmə ilə hər kəsə hər şeyi çılpaqlığı ilə
anlatdı. Anlatdı ki, növbət mövsüm 80-ci dəqiqəyə qədər olan yox,
ondan sonra meydanda olan "Qarabağ"ı görəcəksiz. Amma nə yazıq ki,
İK üzvlərinin futbola baxışı belə işarələri anlamaq üçün yetərli
deyil. Yetərli olsaydı, onlar Azərbaycan futbolunun kürəyinə
arxadan zərbə vurmazdılar ki...