Dünya mətbuatı "Barselona" və Argentina millisinin ulduz
futbolçusu Lionel Messi ilə bağlı maraqlı faktları
toplayıb.
Bu məlumatlar hər kəsin diqqətini çəkib. Argentinalı ulduz
haqqında ən maraqlı 10 faktı təqdim edirik:
1. Messinin uşaq vaxtı ciddi xəstəliyi olub. 9 yaşına qədər onun
boyu sadəcə 124 sm olub. "Barselona"ya gələndə onun boyunda bir az
artım olsa da 136 sm-lik Messi yaşıdları ilə müqayisədə çox qısaboy
idi.
O vaxt Messinin xəstəliyinin müalicəsi üçün 700-1000 avroya
ehtiyac vardı. Çoxuşaqlı ailə üçün bu məbləğ olduqca böyük idi.
Argentinanın "River Pleyt" klubu futbolçunu müalicə etməkdən imtina
edir. Amma "Barselona" nümayəndələri gənc istedadla tanış olmaq
üçün onun vətəninə gedir. Kataloniya klubunda Messi ilə ayrıca
fiziki hazırlıq məşqçisi Xuanxo Brau məşğul olurdu.
2. "Barselona" ilə Messinin ilk müqaviləsi salfet üzərində
bağlanıb. Bu barədə xatirələrində klubun uşaq məktəbinin məşqçisi
Karles Reksaç məlumat verib: "Kafedə Messi, atası və böyük qardaşı
ilə oturmuşduq. Həmin vaxt yanımızda kağız yox idi. Ona görə də
müqaviləni salfet üzərində bağladıq".
3. Kataloniyada nəşr olunan qəzetlərdəki yazıların 70 faizi
Messi ilə bağlı olub.
4. Messinin evinin və özünün görünüşü ilə sevgilisi Antanella
məşğul olur. Bunu özü də etiraf edib.
5. İspan qadınlarının diqqətini Messidən çox Ronaldo çəkir.
İspan qadınları Ronaldoya daha çox aşiqdirlər. Ancaq Latın
Amerikasındakı qadınlar demək olar ki, tam bir Messi dəlisidir.
Karakasda keçirilən Argentina və Venesuela yığmaları arasında
görüşdə bir qadın fanat 5 metr hündürlükdən tullanaraq Messini
öpmək istəyib və ondan oğlunun xaç atası olmasını xahiş edib, ancaq
futbolçu bu təklifi rədd edib.
6. Messi Aqueronun oğlu, Maradonanın nəvəsi Benjaminin xaç
atasıdır. Qeyd edək ki, Maradonanın qızı futbolçu Serxio Aquero ilə
bu yaxınlarda boşanıb.
7. Peşəkar karyerasında Messi bir dəfə - Macarıstan-Argentina
görüşündə meydandan qovulub.
8. Doğma ölkəsində Messiyə münasibət bir qədər soyuqdur. Buna
sübut kimi onun 2012-ci ildə Argentinada "İlin idmançısı" seçimində
boksçu Serxio Martinesə məğlub olması göstərilir.
9. Messi özü də avtoqraf alıb. O, tennisçi Roje Federerdən
avtoqraf istəyib.
10. Messi 4 dəfə "Qızıl top" mükafatına layiq görülüb.
/Publika.az/