Axar.az-ın bugünkü qonağı doqquz qat dünya çempionu,
üç dəfə dünya kubokun sahibi və Avrasiya çempionu Emil
Hacıyevdir.
Onunla müsahibəni təqdim edirik.
- Emil bəy, idmana həvəs sizdə necə
yarandı?
- Orta məktəbin 5-ci sinfində oxuyarkən idmanın sərbəst güləş
növünə böyük həvəs göstərdim. Atam Azərbaycanın Əməkdar idman
müəllimi, Azərbaycan bədən tərbiyyəsi və idman xadimidir. O, həm də
mənim məşqçim idi. Pis də alınmadı. Güləş üzrə uğurlu nəticələrim
oldu. Dəfələrlə beynəlxalq turnirlərin qalibi oldum. 2003-cü ilə
qədər sərbəst güləşlə məşğul oldum. O ildən sonra qərar verdim ki,
keçim uşu-sando döyüşünə və yenə də uğurlarım göz önündədir.
- Uşu-sando üzrə müəlliminiz kim idi?
- Uşu-sando üzrə ilk müəllimim Canpolad Budaqov olub.
Azərbaycanda bu idman növünün təməlini qoyanlardan biridir.
Canpolad müəllim Azərbaycanın əfsanəvi idmançısıdır.
- İlk dəfə dünya çempionu adını neçənci ildə
qazanmısınız?
- 2005-ci ildə İtaliyada qızıl medal qazandım və bu uğurlarım
növbəti illərdə davam etdi. Azərbaycanın bayrağını ölkə prezidenti
və idmançılar qaldırıb dalğalandırır. İnanın ki, bu bizim üçün
böyük bir şərəfdir. Əlimizdən gələni edirik ki, Azərbaycan
bayrağını beynəlxalq tədbirlərdə qaldıraq.
- Həmin döyüşdə sizin rəqibiniz kim idi?
- İlk dünya çempionatında üç döyüş keçirtdim. Birinci rəqibim
Belorusiya, ikinci Fransa və üçüncüsü İtaliya idmançısı idi.
İtaliya idmançısı həddindən artıq təcrübəliydi. Artıq o bir neçə
dünya çempionatında öz qüvvəsini sınamışdı. Lakin buna baxmayaraq,
müəllimlərim, federasiyamızın prezidenti və atam başa salmışdı ki,
yarışa getdinsə, özünü itirmə. Həmin məqamda rəqibi, ölkəni və
bayrağı düşünmək lazımdır ki, onlar bizim üçün müqəddəsdir.
Ümumiyyətlə, bizim ailə idmançılardan ibarətdir. Qardaşım sərbəst
güləş üzrə idman ustasıdır, atam da 48 ildir ki, idmanla məşğuldur.
2011-ci ildən Gənclər və İdman naziri cənab Azad Rəhimov tərəfindən
sərbəst güləş və uşu-sando üzrə Əməkdar idman ustası adına layiq
görülmüşəm. Hal-hazırda profilimi dəyişib Kinq-boksinq
federasiyasına keçmişəm. Həmin federasiyanın prezidenti hörmətli
millət vəkili Adil Əliyevdir. Biz onunla fəxr edirik, çox gözəl
insandır. Bu ilin oktyabrının 18-i və 22-i İspaniyanın Madrid
şəhərində kinq-boksinq üzrə Avropa çempionatıdır və bizim də
çalışdığımız odur ki, İspaniyadan Azərbaycana medal gətirək.
- Emil bəy, 9 dəfə dünya çempionu olmaq böyük
nailiyyətdir...
- İnanın, hər dəfə nailiyyət artdıqca məsuliyyət bir az da
artır, hamının gözü səndə olur. Bu, elə bir hissdir ki, məsuliyyəti
daha da artırır. Yəni əgər bir az xəstələndinsə, ağrıdınsa,
qızdırman qalxdısa, artıq medal əldən çıxır. Biz yarışlara
hazırlaşanda ən azı 6-7 ay, bəzən hətta 1 il vaxt sərf edirik.
Həmin bir ilin zəhmətini bir-iki gün həll edir. Yəni əgər həmin
müddətdə xəstələndinsə, bir ilin hədər gedir.
- Qeyd etdiniz ki, Əməkdar idman xadimi adına layiq
görülmüsünüz. Bu gün elə bir tələbəniz varmı ki, ondan nəsə
gözləyəsiniz? Yəni o, gələcəyin Emil Hacıyevi ola
bilərmi?
- Bəli, artıq mənim dünya və Avropa çempionu tələbələrim var ki,
artıq beynəlxalq arenalarda öz sözlərini deyir, Azərbaycana
medallarla gəlirlər. Bu, çox sevindirici haldır, millətimiz üçün
gələcək əsgərlər yetişdirilir.
- Bildiyim qədər, dördüncü dəfə dünya çempionu olduqdan
sonra, idmandan getmək istəmisiniz. Bir az bu haqda
danışaq.
- İdman sahəsində getdikcə yüksələndə, nailiyyətlər çoxaldıqca
dəstək, qayğı görməyəndə, hardasa insan inciyib-küsür. Ölkənin
bayrağını qaldır, himnini səsləndir və nəticədə yetərincə dəyər
verilməsin. Artıq 7-8 ay idi ki, məşq eləmirdim, fikrimi tam
dəyişmişdim. Marağımı sırf başqa bir sahəyə yönləndirmişdim.
Dostum, tələbəm, rejissor Kənan Mahmudov məni qoymadı. Dedi,
idmandan ayrılmaq olmaz, bu sənin sahəndir və sən idmanda hələ çox
uğurlar əldə edəcəksən. Mən də onu dinlədim, davam etdim. Artıq
üstündən illər keçib, nailiyyətlərim artıb və görürəm ki, Kənanı
dinləməkdə doğru etmişəm. Mənim idman karyeramda Kənanın böyük rolu
var və bu, danılmazdır.
- Dəfələrcə dünya çempionu olan Emil Hacıyevə verilən
dəyər onu qane edirmi?
- İstəməzdim bu haqda nəsə deyim. Lakin bizim cənab Prezidentin
idmana olan siyasətindən çox razıyam. Bizim üçün çox sevindirici
haldır ki, 2015-ci ildə Avropa Olimpiadası Azərbaycanda olacaq. Bu,
idmançılarımız üçün bir bayramdır. Hansı idman növü olursa-olsun.
Əsas əldə olunan naliyyətlərdir.