Şahmat üzrə Avropa çempionu "Axar.az"a
danışır
Bugünkü müsahibimiz müsəlman dünyasının hazırkı bir
nömrəli şahmatçısı, şahmat aləmində "Şah" ləqəbi ilə tanınan
Şəhriyar Məmmədyarovdur. Müsahibimizi əvvəlcə Varşavada baş tutan
Avropa Çempionatındakı qələbə münasibətilə bir daha təbrik etdik.
Daha sonra səmimi ortamda söhbətimizə başladıq:
- Necəsiniz?
- Turnirdən sonra yaxşıyam, yorğunluğu çıxmaq şərtilə. Teymur
Rəcəbovla mən, əslində, dünya çempionatına getməliydik, amma yorğun
olduğumuza görə istirahət etmək qərarına gəldik.
- Yarış öncəsi komandada əhval-ruhiyyə necə
idi?
- Bilirsiz, Azərbaycan milli komandası Avropa çempionatlarında,
demək olar ki, çox uğurlu çıxış edir. 2007-ci ildən başlayaraq
Avropanın üçüncüsü, 2009-cu ildə Avropa çempionu, 2011-ci ildə isə
ikinci yerə çıxmışdıq. Avropa çempionatı iki ildən bir olduğu üçün
çox güclü çempionat sayılır. Onu da əlavə edim ki, Azərbaycan
şahmatında son ildə ağır itki baş verib. Belə ki, Azərbaycan
şahmatının çox güclü şahmatçılarından biri, dünyanın 10 şahmatçısı
siyahısına daxil ola bilmiş Vüqar Həşimov son zamanlar sağlamlığı
üzündən çox təəssüflər olsun ki, milli komandaya kömək edə bilmir.
Bu itki də özünü komandada büruzə verir. Onu deyə bilərəm ki,
turnirdən qabaq biz 6 nömrə kimi başlamışdıq. Bizdən qabaq Rusiya,
Ermənistan, Ukrayna, İngiltərə, Fransa kimi çox güclü komandalar
var idi. Biz hətta planlaşdırmışdıq ki, turnirdə üçüncü yerə
çıxsaq, super olar. Amma bu il bəlkə də hamısından rahat oldu.
Birinci turdan başlayaraq sona qədər qələbəni əldən vermədik.
Biz heç vaxt onlara məğlub
olmamışıq
- Varşavada baş tutan Avropa çempionatının 9-cu turunda
Ermənistan millisi ilə qarşılaşmısınız. Bu oyunu necə xarakterizə
edərdiniz?
- Ermənistanda həqiqətən ən güclü idman növü şahmatdır. Tarixən
və indi də yetərincə güclü şahmatçıları var. Ermənistan millisinin
ona görə bəxti gətirib ki, Ermənistan Şahmat Federasiyasının
prezidenti Ermənistanın dövlət başçısıdır. Hər dəfə də yarışlara
şəxsən özü gəlir. Biz oynayanda da gəlir başımızın üstündə durur,
gedişlərə maraqla baxır. Bir dəfə hətta belə bir hadisə olmuşdu.
Mən Olimpiada vaxtı tələsirdim və gedəndə bilmədən onun ayağını
tapdaladım. O da "Şəhriyar, narahat olma, Şəhriyar, narahat olma",-
dedi. Yəni ki, hamımızı tanıyır. Onlar üçün hər bir turnir böyük
sınaqdır. Ermənistanla oynayanda qəribə situasiya yaranmışdı. Bizim
13, onların isə 12 xalı var idi və Ermənistan bizə qalib gəlsəydi,
avtomatik çempion olurdu. Lakin bizə qalib gələ bilməsəydi, medal
götürmürdü. Bizim isə əsas məqsədimiz Ermənistana uduzmamaq idi.
Çünki heç-heçə də bizə sərf edirdi. Turnirdən qabaq Ermənistan
milli komandası ikinci idi və onların bir nömrəli oyunçusu dünyanın
iki nömrəli şahmatçısı idi. Ümumilikdə Ermənistan millisiylə 6 dəfə
qarşılaşmışıq. Onun da üçü heç-heçə olub, üçündə isə biz qalib
gəlmişik. Biz heç vaxt onlara məğlub olmamışıq. Oyuna çox rahat
başladıq və başlayan kimi də üstünlüyü ələ aldıq. Onlarla heç-heçə
elədik və Ermənistan millisi 4-cü yerə çıxdı.
- İndiyəcən qazandığınız uğurların ən yadda qalanı hansı
olub?
- Bilirsiz, şahmatda titullar belə başlayır. Yeniyetmələrin
Avropa, dünya çempionatı. Mən hər ikisinin qalibi olmuşam. Sonra
Gənclərin dünya çempionatı. Gənclərin dünya çempionatı tarix boyu
48 dəfə keçirilib. Gənclər arasında bu titulu 2 dəfə qazanmışam.
Bununla da dünya rekorduna imza atmışam. Sonra klublar arasında
Avropa çempionu olmuşam. Dünya çempionatının ən yaxşı oyunçusu
olmuşam. Şahmat olimpiadasının iki dəfə qızıl medalçısıyam. Blits
üzrə Dünya çempionatında 3-cü yerə çıxmışam, rapid üzrə dünya
çempionu olmuşam. Lakin klassik şahmat üzrə dünya çempionatında
medalım yoxdur. İnşallah mart ayında baş tutacaq.
- Belə çıxır ki, gələn il üçün hədəfiniz məhz klassik
şahmat üzrə dünya çempionatında medal qazanmaqdır?
- Sözsüz, mənim ən vacib yarışmam mart ayında olacaq. Dünya
çempionatına getməməyimin də bir səbəbi budur. Bu turnirdə ciddi
hazırlaşmağıma görə azad edilmişəm.
- Şahmatçı ailəsində anadan olmusunuz. Bacılarınız da
Türkan və Zeynəb məşhur şahmatçıdırlar. Hətta toyunuzda tort da
şahmat formasında olub. Bəs şahmatdan bezdiyiniz an
olubmu?
- Bilirsiz, bezmək əlbəttə ki, mümkündür. O qədər gözəl nemətlər
var ki, adam yeyir, doyur. İnsanların çoxu sevmədiyi işlə məşğul
olur. Amma Allahıma şükür edirəm ki, sevdiyim işlə məşğulam. Ona
görə gərək belə bir hədiyyəni qiymətləndirəsən. Bu işlə məşğul
olmağı məni heç kim məcbur eləmir. Sadəcə, özümü yormuram. Bezəndə
ara verirəm, 1-2 ay oynamıram.
Dərsdən qaçmağı planlaşdırırdım
- Əldə etdiyiniz uğurların qazanılmasında kimin əməyi
var?
- Bir çoxumuzda olduğu kimi, mənim də uğurlarımın qazanılmasında
valideynlərimin rolu əvəzedilməzdir. Cəmi 8 yaşım olanda atam məni
şahmata qoyub, o vaxtdan da mən bu idman növünü sevməyə başladım.
Atam mənə şahmatı sevdirdi. Onların məni hansı çətinliklərə
yarışlara göndərmələrinin şahidi olmuşam. Ona görə onların əməyini
dana bilmərəm.
- Deyirsiniz ki, 8 yaşından şahmata gedirsiniz. Bəs
şahmatla paralel olaraq dərsləri necə çatdırırdınız? Ümumiyyətlə,
məktəbdə necə oxumusunuz?
- Çox dəcəl, eyni zamanda ağıllı uşaq olmuşam. Artıq 7 yaşım
olanda 3 rəqəmlini çox rahat şəkildə bir-birinə vurmağı bacarırdım.
2 rəqəmlini bir-birinə vurmaq isə, sadəcə, gülünc idi. Mənim bu
istedadıma görə qonşular hesab-kitab məsələlərini etmək üçün
mağazaya aparırdılar. Bunun da qarşılığında onlar mənə konfet
alırdılar, mən də sevinirdim (gülür). Birinci sinifdən hamı mənim
oxumağıma həsəd aparırdı. 2-3-cü sinifdən dərsdən fəal şəkildə
qaçmağı planlaşdırırdım. Get-gedə dərsdən qaçmaq xoşuma gəlməyə
başlayırdı. Qaçanda çox vaxt "Seqa", "dendi" kimi oyunlar
oynayırdım, bəzi "xuliqanlıqlar" edirdim. Şahmata başlayandan sonra
dərslərə daha az vaxt ayırmağa başladım. Onu da deyim ki, məktəb
direktorları da şagirdlərinə şərait yaratmalıdır. O cəhətdən mənim
bəxtim gətirib. Təhsil Nazirliyindən də, məktəbdən də yarışlara
getməyimə şərait yaradırdılar.
Adam nə qədər eyni işlə məşğul
olar?
- Şahmatdan başqa nə ilə maraqlanırsınız?
- Hər şeylə. Mən özümü sırf şahmatçı saymıram. Sırf şahmatçı
saysam, elə bilərəm ki, 1-2 ilə dəli olaram. Adam nə qədər eyni
işlə məşğul olar? Çalışıram nə maraqlı xəbər varsa, onu öyrənim.
Məndə universallıq var. Elə bir iş yoxdur ki, ondan başım çıxmasın.
Onu da əlavə edim ki, ümumiyyətlə, Azərbaycan gənclərində mövzu
eyniliyi var. Fikir verirəm ki, onlar ancaq eyni söhbətlər eləyir.
Bu, heç də xoş hal deyil. Əksəriyyəti eyni həyatı yaşayırlar.
- Sizcə, bu, nədən qaynaqlanır?
- Gənclər arasında sağlam rəqabətin olmamasından. Onlar
bir-birindən ancaq mənfi xüsusiyyətləri götürürlər. Mənim Avropada
çoxlu dostlarım var. Onlarla tamamilə fərqli mövzuda söhbətlər
eləyirik. Həyatda dəyişiklik olmalıdır. Həyat elədir ki, gedən bir
dəqiqə geri qayıtmır. Ona görə də risk eləyib fərqlənmək lazımdır.
Bilirsiz, gənclik insana ona görə verilib ki, öz qocalığını təmin
eləsin. Əgər gəncsənsə, güclüsən. Avropa insanları gəncliyində
işləyirlər, qocalığında istirahət edirlər. Bizdə insanlar
istirahətlə əyləncəni səhv salırlar. Ona görə mənim gənclərlə
ünsiyyətim alınmır.
Hirsimdən o qədər ağlamışdım ki...
- Teymur Rəcəbovla münasibətləriniz
necədir?
- Bilirsiniz, lövhədə oynayanda rəqibik. Bu da normaldır. Çünki
bu idmandır, burada mütləq biri udur, biri də uduzur. Komanda
tərkibində biz dostuq. Lakin ayın 10-da yarışda Teymurla
oynayacağam. Onda biz artıq rəqib olmağa məcburuq. Təbii ki, mən də
udmaq istəyirəm, o da. Mən deyim ki, oyunu sənə hədiyyə edirəm?! Bu
olmur axı... Hətta elə olub ki yarışda bacımla düşmüşəm və bir dəfə
uduzmuşam. Ona görə hirsimdən o qədər ağlamışdım ki... Nəticədə,
heç birimiz pul udmadıq. İntellektual insanlar rəqabəti normal
qarşılayır.
- Gənc şahmatçılardan kimi perspektivli hesab
edirsiniz?
- Azərbaycan şahmatı 2000-ci ildən çox böyük inkişafdadır.
Şahmatçıların axın dövrü isə 2000-ci ildən 2008-ci ilə təsadüf
edir. 2002-ci ildə Milli komandanın şərəfini qoruyan şahmatçılar
indi də qoruyur. Bu, mənfi cəhətdir. Komandanın tərkibi
dəyişməlidir. Biz də hiss eləməliyik ki, bizdən daha yaxşıları
gəlir. Təəssüflə deyə bilərəm ki, elə oyunçu yoxdur.
İdmançılar dəli olurlar
- Azərbaycan Milli komandası bir neçə dəfə Avropa
çempionu olub. Lakin hələ Dünya çempionu ola bilməmişik. Bizə mane
olan nədir?
- Dünya çempionatı təcrübəsi bizdə çox azdır. Tarix boyu cəmi
iki dəfə oynamışıq və oynadığımız o anlarda xoş olmayan anlar
yaşanıb. Komanda daxilində bəzi problemlər olub. Heyflər olsun ki,
bu il də böyük uğur gözlənilmir. Çünki Teymurla mən iştirak edə
bilməyəcəyik. İnandırım sizi ki, Avropa çempionu olduğumuza görə
indi başqa ölkələr bizi məhv eləmək istəyir, bizimlə yarışmaq
istəyir. Biz də istəmirik onlara bu şansı asanlıqla verək. Şahmat
oyunu digər idman növlərindən fərqli olaraq başla oynanılır.
Məsələn, boks da gözəl idman növüdür. Boksda zərbə vurandan sonra
gözün qaralır və 10-15 gündən sonra sağalır. Amma başa vurulan
zərbə ömür boyu getmir. Olur ki, yatıram, 2002-ci ildə uduzduğum
oyun yadıma düşür. Ona görədir də, idmançılar karyerasını düzgün
qurmayanda dəli olurlar.