"Qarabağ"ın özünün və adının Avropa Liqasında yer alması
Azərbaycan adına ciddi uğurdur".
Axar.az xəbər verir ki, bu sözləri Fazil Mustafa ötən gün
"Qarabağ" futbol klubunun "Tvente" komandası ilə 1:1 bərabərliklə
AL qrup mərhələsinə yüksəlməsinə münasibət bildirərkən qeyd edib.
Millət vəkili bildirib ki, futbolda yaxşı oyundan daha çox,
nizam-intizam və tərbiyəyə ciddi əhəmiyyət verir:
"Neftçi"də tərbiyəvi iş yetərli səviyyədə olsaydı, turu keçə
bilərdi. Hətta uduzanda rəqibə qarşı daha çox tərbiyəli
davranmalısan. "Qarabağ" futbolçularının alicənablığını və
intizamlı davranışını xüsusilə qeyd etməliyəm. Məhz bu amil fədakar
oynayan komandanın güclü bir Hollandiya komandasınının Avropa
Liqasına gedən yolunu kəsdi. Bir şeyi də qeyd edim ki, kimlərsə bir
neçə gün öncə bir şəxsin stadionda namaz qılmasını bəhanə edərək
belə bir informasiya yayırdı ki, "Qarabağ"ı vəhhabilər dəstəkləyir.
Sadəcə, bu utanmazlar bir azərbaycanlı məşqçinin illərdir sabit
uğurunu, insanlarımıza gətirdiyi sevinc anlarını kölgələmək üçün
belə ucuz, sifarişli variantlardan istifadə edirlər. Kimsə
stadionda araq içəcək, dərhal yazacaqsınız ki, filan komandanı
alkoqoliklər dəstəkləyir? Bu qədər paxıllıq duyğusu daşımaq doğru
deyil. Komandada kimlərsə inanclı insanlardır deyə, dərhal
yarlıqlar qoşaraq həvəsdən salmaq yanlış hərəkətlərdir.
Əminəm ki, qrup mərhələsindəki fədakar oyunu ilə "Qarabağ" bir
çoxlarını utandıracaq. Kaş ki, oyunlarını da Qarabağda keçirib, o
bölgənin insanlarının da xoş ovqat qazanmasına töfhə verərdi.
Komandanın sponsorlarını, Qurban Qurbanov başda olmaqla məşqçi
heyətini, bütün futbolçularını təbrik edirəm".