"Qarabağ"ın baş məşqçisi qurban Qurbanov "Gündəlik
Teleqraf" qəzetinin "Brifinq" layihəsinin qonağı olub.
"Gündəlik Teleqraf" qəzetinin və "Publika.az"
saytının əməkdaşlarının suallarını cavablandıran Qurban müəllim
hədəflərindən bəhs etdi, qalmaqaldan uzaq durmasının sirrini açdı.
Baş məşqçi Q.Qurbanov internetdən özünü tamamilə uzaq durmasının
səbəblərinə də aydınlıq gətirdi. O, qadınların futbolla
maraqlanmasına münasibətini bildirdi, "Qarabağ"dakı futbolçuların
dini baxışı ətrafında geniş müzakirələrə redaksiyamızda son
qoydu.
"Onlar məndən başqa heç kimə qulaq
asmazlar"
Natiq Muxtarlı: Qurban müəllim,
eyforiyadasınız?
- İnşallah, yox.
N.Muxtarlı: Bu sualı ona
görə verdim ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinə düşəndən
sonra siyasətçilərdən tutmuş aktyorlara, müğənnilərə, sadə
azarkeşlərədək hər kəs "Qarabağ"ın uğurundan danışanda təbriki belə
ünvanlayırdılar: "Təbriklər Qarabağ, təbriklər Qurban Qurbanov!".
Kim olsa, başı gicəllənərdi...
- Hər şey normaldır. Düşünürəm ki, eyforiyada olmalı da deyilik.
Çünki bu, bizim işimizdir. Biz buna iş kimi yanaşırıq. İdmanda biri
qalib, biri məğlub olmalıdır. Bunu nəzərə alıb irəliləyirik.
N.Muxtarlı: Amma "Bakı" ilə
oyunda futbolçularda eyforiya hiss olundu...
- Ona eyforiya deməzdim, sadəcə, böyük oyunlardan çıxıb bu oyuna
köklənə bilməmək problemi ola bilərdi.
Aygün İlqarqızı: Futbolçularınızın xarakterlərinə görə
narahat olduğunuzu demişdiniz...
- Çoxdan bəzilərinin xarakterinə görə narahatam. Bunu bir daha
hiss elədim.
N.Muxtarlı: Avroliqanın qrup
mərhələsinə düşmək mənə elə gəlir ki, həm uzun, həm də çox çətin
oldu.
- Doğrudan da, uzun oldu, amma düşünürəm ki, bir tərəfdən də
bizim üçün maraqlı oldu. Mənim üçün də böyük təcrübə idi. Bəlkə
Avroliqaya birbaşa düşsəydim, onda eyforiyada olardım. Amma
get-gedə təcrübənin çoxalması, böyük komandalarla oyunlar,
məğlubiyyət və qələbələri hiss etmək işimizin xeyrinə oldu.
N.Muxtarlı: Amma əsl
çətinlik bundan sonra başlayır. "Qarabağ" bu uğuru təkrarlamasa,
təsadüf kimi qələmə veriləcək. Çətinlik bundadır, yükün altından
necə çıxacaqsınız?
- Çətinlik ola bilər. Ümumən uğurlardan sonra futbolçuların
xarakterində problem olur. Bütün bunlara hazıram.
Nərgiz Ehlamqızı: Futbolçuların psixoloji hazırlığı ilə
şəxsən özünüz məşğul olursunuz?
- Demək olar ki, bütün məsuliyyəti öz üzərimə götürürəm. Çünki
futbolçularla daha çox təmasda olan mənəm. Başqa kiməsə desəm ki,
futbolçuların psixologiyası ilə məşğul ol, onda həm özüm narahat
olaram, həm də onlar məndən başqa heç kimə qulaq asmazlar.
"Azərbaycanda keyfiyyətli
futbolçu tapmaq çətindir"
Amil Hacıyev: Kimi oyuna kökləmək daha rahatdır:
yerliləri, yoxsa legionerləri?
- Hərənin özünəxas çətin və asan dili var.
A.İlqarqızı: Legionerlərlə
necə anlaşırsınız? Tərcüməçi vasitəsilə ünsiyyət istənilən
səviyyədə alınır?
- Futbol dili, demək olar ki, birdir. Bəzi terminlər həm
azərbaycanlılara, həm də legionerlərə tez çatır. Yaxşı tərcüməçimiz
var. O, fikirlərimi tam izah edə bilir.
A.İlqarqızı: Bəs, tərcüməçi əsəbinizi futbolçulara necə
çatdırır?
- Onu kənardan görmək lazımdır (gülür).
N.Muxtarlı: Dias "Qarabağ"a
gələndən təxminən bir ay sonra belə açıqlama vermişdi: Qurban
Qurbanov mənə böyük qardaş kimidir. Hörməti dərhal necə
qazanırsınız?
- (Gülür) Ağıllı futbolçular bəzən öz açıqlamalarında bunu tez
ifadə edirlər. Amma məncə həqiqəti deyib. Həqiqətən, mən təkcə
məşqçi kimi yox, bir yoldaş kimi onlara fikrimi çatdırıram,
gələcəkləri üçün çalışıram. İstəyirəm ki, bütün işləri uğurlu olsun
və daha yaxşı futbolçu kimi yetişsinlər. Bəlkə buna görə belə bir
fikir formalaşıb.
N.Muxtarlı: Qurban Qurbanov
əvvəllər deyirdi ki, strategiyam yerli futbolçularla çempion
olmaqdır. Braziliyalılarla çempion olandan sonra əmin oldu ki,
yerli futbolçularla çempion olmaq mümkün deyil?
- Yerli futbolçuların dəyərini bilməliyik. Yerli futbolçularla
hər dəfə çempionluğun bir addımlığında qalmışıq. Ümumən götürsək,
bütün komandalarda legionerlərin sayı çoxdur. Azərbaycanda 9 milyon
əhalinin içində hazırda keyfiyyətli futbolçu tapmaq çətindir.
Digərləri ilə başabaş mübarizə aparmaq üçün mütləq bir neçə
legionerə ehtiyacımız var. Ola bilər ki, gələcəkdə yerli
futbolçularla belə uğur əldə edək.
Dilqəm Əhməd: Sizi məşqçi
həmkarlarınızdan kimlər təbrik elədi? İlk təbrik edən kim
oldu?
- Demək olar ki, hamı təbrik etdi. Kimi mesaj göndərdi, kimi
zəng elədi. Amma ilk kimin təbrik etdiyini xatırlamıram.
A.İlqarqızı: Bəs AFFA-dan təbrik gəldi?
- AFFA-dan oyundan dərhal
sonra təbriklər gəldi. Səhəri günü Rövnəq müəllim (AFFA-nın
prezidenti Rövnəq Abdullayev - N.E.) zəng edib, təbrik
elədi.
Amil Hacıyev: "Qarabağ" çempion olanda sonuncu oyunda
mən orada idim, Sizin göz yaşınız vardı. Çempion olmaqla
Avroliqanın qrupuna düşmək eyni hisslər idi?
- Fərqli hisslərdir. Demək
olar ki, hər il eyni ssenari təkrar olunurdu. Avropa arenası
başqadır, daxili çempionat başqa. Sadəcə, Avropada bu hissləri iki
ayın içində, amma çempionatda il ərzində keçirirsən. Çempion olmaq
mənə başqa cür təsir elədi.
D.Əhməd: Hamı düşünür ki,
sizə Azərbaycan millisinin baş məşqçisi postu təklif olunacaq.
Bəziləri isə deyir ki, hələ tezdir, "Qarabağ"ı uğura aparmaq
lazımdır. Bəs, özünüz necə düşünürsünüz, təklif gözlənilirmi, gəlsə
qəbul edərsinizmi?
- Açığı, hazırda bu barədə düşünmürəm. İşimi nəzərə alsaq, bu,
mənim üçün böyük təcrübədir. İl boyu komandanı daim oyuna
hazırlamaq, oyuna çıxmaq məşqçilik təcrübəsi üçün böyük köməkdir.
Milli komandanın ola bilər ki, il ərzində 5-10 oyunu olsun. Bu,
daha rahat olar. Böyük klublara gedib təcrübə toplamaq şansı da çox
olar. Amma hazırda belə bir təklif yoxdur. Bu barədə düşünmürəm.
Əlbəttə, hər bir məşqçi istəyər ki, milli komandanın başında olsun.
Bu, bir imicdir, böyük təcrübədir. Klubdan başqa milli komandanın
baş məşqçisi olmaq əlavə və çox fərqli təcrübədir. Masa arxasında
təkliflər olanda geniş müzakirələr olacaq. Tam razılığa gələndən
sonra belə bir təklifi qəbul etmək olar.
N.Muxtarlı: Berti Foqts
demişdi ki, Qurban Qurbanov məndən sonra millinin baş məşqçisi
olacaq. Artıq buna işarə vurulub. Amma bilirsiniz ki, millinin baş
məşqçisi olmağınızın tamamilə əleyhinəyəm. Məşqçi kimi Sizi itirmək
istəmirəm. Səbəbini deyim: Avroliqa oyununda meydana 8 legionerlə
çıxan Qurban Qurbanov milli komandada 11 yerli futbolçunu
oynadacaq. Əminsiniz ki, yerlilərlə nəyəsə nail
olacaqsınız?
- Mən heç bu gün də əmin deyiləm ki, 8-10 legionerlə meydana
çıxsam, uğur əldə edə bilərəm. Futbolda mümkünsüz heç nə yoxdur.
Get-gedə düşünürəm ki, bizim futbolçuların təcrübəsi də artır. Amma
bu suala milli komandada baş məşqçi olsam, tam cavab verə bilərəm,
uğur əldə etmək olar, ya yox.
"Qarabağ"a qarşı bir az
fərqli münasibətin şahidi oluram"
A.İlqarqızı: Qalmaqaldan
uzaqsınız. Özünüzü necə qoruyursunuz? Haqqınızda kiminsə dediyi
fikri şərh eləməkdən imtina etməklə buna nail
olursunuz?
- Qalmaqaldan doğrudan uzağam. Qalmaqal elə bir şeydir ki, buna
başladınsa, bu, daima uzanır. Bakı kiçik şəhərdir, hamı bir-birini
tanıyır, bütün futbol ictimaiyyəti, futbol mütəxəssisləri,
veteranlar haqda məlumatım var. Belə bir sual mənə gələndə, təxmini
bilirəm ki, o insan necə insandır, bu sözü işlədə, deyə bilərmi,
yaxud bundan mənə ziyan gələrmi? Hər birini tanıdığıma görə belə
suallardan uzaq dururam.
D.Əhməd: Legionerlər təmsil
etdikləri rayonu görüblərmi? Ağdamı görüb tanımaq imkanı əldə edə
biliblər?
- Görənlər də var. Amma yeni gələn legionerlər görməyib.
Qalanları görüb, hətta orada oyun da oynamışıq.
N.Ehlamqızı: Belə iradlar səslənir ki, bizim azarkeşlər
bir o qədər də sadiq deyil. Oyunu yarımçıq tərk edirlər.
Azarkeşlərdən razısınız?
- Bizim azarkeşlər "Zalsburq"la Bakıda keçirilən oyunda
göstərdilər ki, azarkeşlik edə bilirlər, çox çılğındırlar və
komandaya sadiqdirlər. Həqiqətən, azarkeşlərin bizim evdəki oyunda
qələbə qazanmağımızda böyük köməyi oldu. Hər şey çempionatımızdan
asılıdır. Çempionatımızda azarkeşlərin sayı çox olsa, get-gedə
azarkeş mədəniyyəti də formalaşacaq. Avropa oyunlarında
azarkeşlərimiz yaxşı nəticə, qələbə görmək istəyir. Bizim
azarkeşlər özlərini oyuna hazırlayanda komandanı sona kimi, hətta
məğlub olanda da dəstəkləyir.
N.Ehlamqızı: "Qarabağ"ın
oyunlarına həm "Neftçi", həm "Xəzər-Lənkəran"ın azarkeşləri, həm də
sıravi insanlar gəlir. Bu, komandanın oyununun, yoxsa Qarabağ
amilinin nəticəsidir?
- Düz qeyd elədiniz ki, son vaxtlar "Qarabağ"a simpatiya
çoxalıb. Bəzi rayonlarda oluruq, şəhərdə olanda da komandamıza və
hətta özümə qarşı insanların fikri başqa cürdür. Həm Qarabağ adı,
həm də son vaxtlar yaxşı təbliğatın aparılması "Qarabağ"a qarşı
insanlarda fərqli hiss yaradıb. Komandaya qarşı sevgi var. Bu
sevgiyə görə hər bir azarkeşə minnətdarlığımı bildirirəm. Get-gedə
"Qarabağ"a qarşı bir az fərqli münasibətin şahidi oluram.
A.İlqarqızı: Bir dəfə
demişdiniz ki, qadınların stadionda futbol izləməsinin əleyhinəyəm.
İndi qadınlar məhz "Qarabağ"a və Qurban Qurbanova görə stadiona
gəlir. Özünüzü günahkar sayırsınız?
- Olmasa daha yaxşıdı (gülür). Bu gün azarkeşlik bizdə tam
formalaşmayıb. İstər-istəməz biri söyüş söyür, biri nalayiq ifadə
işlədir, insanlar eyni deyil. Biri hirsindən ağzından söz qaçırır.
İstəmirəm ki, xanımlarımız o söyüşləri eşitsin. Ona görə demişdim
ki, qadınların stadiona gəlməsinin əleyhinəyəm. Hətta mən futbol
oynadığım dövrdə qardaşımın da stadiona gəlməsini istəmirdim.
Azarkeş belədir ki, yeri gələndə futbolçunu da söyür, nalayiq
ifadələr işlədir. Qardaş da eşidəndə reaksiya verəcək, dava
düşəcək.
A.İlqarqızı: Övladınız
"Qarabağ"ın oyunalrına baxmağa gəlir?
- Oğlum gəlib baxır.
Rəbiqə Nazimqızı: Bəs,
ailənizdəki xanımlar televiziyadan oyunları izləyirlər? Qadın
olaraq futbola maraqları varmı? Yoxsa, Sizə görə baxırlar? Evinizdə
xanımların futbola münasibəti necədir?
- Özlərindən soruşsam, deyəcəklər ki, sənə görə baxırıq, futbolu
sevirik. Amma dəqiq bilmirəm, bəlkə də heç xoşlamırlar futbolu
(gülür).
A.İlqarqızı: Evdə televizorun pultu kimin əlində
olur?
- Bəzən qızım bu işdə mənə qalib gəlir.
N.Ehlamqızı: Oğlunuzun peşəkar futbolçu olmasını
istərdiniz?
- Hazırki duruma və Azərbaycan reallığına baxsaq, istərdim ki,
futbolçu olsun. Dəfələrlə demişəm ki, mənim üçün daha vacib olan
onun insani keyfiyyətləridir. Həkim, futbolçu ola, başqa sahədə də
çalışa bilər, amma insani keyfiyyətlər çox önəmlidir.
"Səs tonumu qaldırıb, narazılığımı bildirmək çoxları
üçün ən ağır cəzadır"
N.Muradova: Futbolçu olmaq prestijdir, yoxsa daha yaxşı
qazancdır?
- Ümumən prestiji nəzərə alıb oynasa, ondan futbolçu çıxmaz.
Qazancı düşünsə, yenə də yaxşı futbolçu ola bilməz. Futbol elədir
ki, ona düzgün yanaşma tərzini müəyyənləşdirə bilsən, heç xəbərin
olmadan prestij də, dolanışıq da olacaq.
D.Əhməd: Avropa klublarından hansının baş məşqçisi olmaq
istəyərdiniz?
- Bu haqda düşünsəm, bu, mənim işimə mane ola bilər. Reallığa
baxsaq, Azərbaycan futbolçularına Avropa klublarından diqqət azdır.
Təbii ki, belə situasiyada azərbaycanlı məşqçiyə də münasibət
fərqli olmayacaq.
A.İlqarqızı: "Qarabağ"ın büdcəsi dünyanın aparıcı
klublarının büdcəsi qədər olsa, transfer edəcəyiniz ulduz futbolçu
kim olar?
- Bizim şəraitimiz büdcəmizin Avropa klublarının büdcəsi qədər
olmasına imkan vermir. Büdcəni çoxaldıb hansısa ulduz futbolçunu
almaqdansa, stadionlar, bazalar tikmək, infrastruktur qurmaq
lazımdır.
A.İlqarqızı: Fərz edək ki, onlar var...
- Onlar olandan sonra indi fikrimdə tutduğum ulduzlar
olmayacaq.
N.Muxtarlı: Qurban Qurbanov futbolçulara futbol oynadığı
vaxt öyrəndiklərini öyrədir, yoxsa başqa metodlardan istifadə
edir?
- Məncə, o vaxt öyrəndiklərimdən futbolçulara dediklərim çox
cüzidir. Çünki indi futbol tam fərqlidir və indi başqa şeylər tələb
olunur. O vaxtla bu vaxtı müqayisə etmək doğru olmaz.
R.Nazimqızı: Futbolçuya ən sərt cəza üsulunuz nə
olur?
- Futbolçuların mənə olan münasibəti, həqiqətən bir az başqadır.
Bəlkə də mənə məşqçi kimi baxmırlar. Bəlkə biri yoldaş, biri dost
kimi baxır. Səs tonumu qaldırıb, narazılığımı bildirmək çoxları
üçün ən ağır cəzadır.
N.Ehlamqızı: Hansı musiqiyə qulaq asanda gərginliyiniz
azalır?
- Açığı musiqiyə qulaq asmağa vaxtım yoxdur.
N.Muradova: Kitab oxumağa da vaxt
tapmırsınız?
- Oxuyanda da futbola aid kitablar oxuyuram.
"Neçə dəfə olub yanılmışam"
A.İlqarqızı: Sosial şəbəkələrdə də yoxsunuz. Amma
adınıza açılmış bir neçə səhifə var...
- Özüm yoxam. Azərbaycanda İphone telefonlar dəbdədir, artıq 10
gündür o telefondan imtina etmişəm. İnternetə giriş imkanı məhdud
olan telefon almışam. İnternet vaxtımı, həqiqətən çox aparırdı.
R.Nazimqızı: İnternetdə nəyə baxırdınız ki?
- Biri deyirdi ki, hansısa saytda Natiq Muxtarlı belə yazıb, ona
bax (gülür).
N.Muradova: Necə dincəlirsiniz?
- Daha çox futbol oynamaqla, övladlarımla gəzintiyə çıxmaqla.
Elə indi Şamaxıdan gəlirdik, bir günlük istirahətə getmişdik.
Əslində, mənim istirahətim komandanın qələbəsidir. Qələbə qazananda
1 illik enerji toplayırsan (gülür).
N.Ehlamqızı: Hakan Şükür futbolçu idi, indi siyasətçi,
deputat oldu. Sizdə belə bir istək yoxdur?
- Siyasətə böyük marağım yoxdur. Açığı elə bir dövrdə məşqçiliyi
seçmişəm ki, başqa şey haqda düşünməyə vaxt yoxdur. Daim işin
içində olmalıyıq ki, Azərbaycan futboluna faydamız dəysin. Hələ elə
böyük işlər əldə etməmişik ki, futbolu kənara qoyub, siyasətə
keçək.
R.Nazimqızı: Futbolda Sizi nə özünüzdən çıxarır?
Kənardan izləyənlər deyirlər ki, Qurban Qurbanov olduqca təmkinli
biridir, onun mimikasından hiss-həyəcanını sezmək çətindir. Son
dönəmlərdə hirsləndiyiniz olubmu?
- Hər oyunda, hətta qalib gəldiyimiz oyunlarda da hirslənirəm.
Öz narazılığımı isə soyunub-geyinmə otağında, yaxud oyunu analiz
edəndə bildirərəm. Bəzən oyun zamanı formalaşan fikirlə, oyunun
video yazısına baxanda gördüklərim fərqli olur. Ona görə də sərt
qərarlarımı video yazıya baxandan sonraya saxlayıram. Neçə dəfə
olub yanılmışam. Oyunda epizodu başqa cür görmüşəm, video yazıya
baxandan sonra anlamışam ki, yanılmışam.
N.Ehlamqızı: Futbolla bağlı kitab yazmaq
istəmirsiniz?
- Açığı belə düşüncələrim var, görək də.
N.Muradova: Futbolçulu karyeranızın hansı dönəmində
məşqçi olmaq qərarına gəldiniz?
- Rusiyada oynadığım dönəmdə məndə belə fikirlər oldu. Bakıya
gələnə qədər orada qeydlərimi aparmağa başladım. 31 yaşımda belə
bir fikrə düşdüm.
Vasif Həsənli: Yaddaqalan qolunuz hansıdır?
- Yaddaqalan qollar olub. Azarkeşlərin yadında Serbiyaya vurulan
qol qalıb. Səhv etmirəmsə, milli komanda tarixində səfərdə ilk
xalımızı qazanmışdıq.
N.Muxtarlı: Tural İsgəndərov deyəsən bacınızın
oğludur?
- Bəli.
N.Muxtarlı: Tural İsgəndərovdan xəbər çıxmadı. İstedadı
olmadığına görə onu oynatmırsınız, yoxsa qohumunuz olduğu üçün
qınaqdan çəkinirsiniz?
- Həqiqətən, gənc yaşlarında istedadı var idi. Oynatmamağımda
haradasa dayısı olmağımın rolu var.
N.Muxtarlı: Qohumlar narazılıq etmirlər, dayı nə gündə
lazımdır?
- Rayondan uzaqdayam, onları ayda-ildə bir dəfə görürəm,
birtəhər yola veririk (gülür).
"Qurbanın içdiyi, siqaret çəkdiyi vaxt da
olub"
N.Muxtarlı: İndi verəcəyim sualı əvvəlcə redaksiyada müzakirə
elədik. İkitirəlik yarandı: kimi dedi ki, sual verilməlidir, kimisi
də dedi ki, verilməməlidir. Mənə görə cəmiyyətdə bu məsələyə
birdəfəlik nöqtə qoymaq üçün məhz bu sual indi Sizə verilməlidir.
Özünüz də bilirsiniz ki, "Qarabağ"da oynayan futbolçuları və Qurban
Qurbanovu hansısa dini tamayüllü hesab edirlər. Bəlkə Qurban
Qurbanov konkret olaraq dini baxışlarını açıqlasın və məsələ də
bununla bitsin, cəmiyyətdə də bu məsələnin müzakirəsi
bağlansın.
- Çox söz-söhbət olur, bunun niyə olduğu mənə çatmır. Biz nəyi
düz eləmirik və nəyi pis edirik? Hamımız özümüzü müsəlman sayırıq.
Biz Məhəmməd peyğəmbərin (s.ə.s.) yolunu gediriksə, dediklərini
etməyə, dinimizi təbliğ etməyə çalışırıqsa, pis fikir və
əməllərdən, dedi-qodudan, spirtli içkidən, insan orqanizminə ziyan
olan hər bir şeydən uzaq olmaq istəyiriksə, bunun nəyi pisdir?
N.Muxtarlı: Sualı belə qoyaq: Qurban Qurbanov dindardır,
yoxsa hansısa dini təriqətin üzvüdür?
- Çalışıram ki, dinin tələb etdiyi vacib əməlləri yerinə
yetirim, müsəlman kimi yaşayım və müsəlman kimi də dünyadan köçüm.
Mənim o dərəcədə elmim də yoxdur ki, bunu hərf-hərf açıqlayım.
Mənim bildiyim odur ki, vəhhabi təriqəti, ümumiyyətlə, yoxdur. Bu,
sadəcə uydurmadır. Kimisi saqqal saxlayır, kimisi saxlamır. Hərəyə
bir ad qoşsan, gəlib hara çıxacaq? Bunların hamısı boş şeylərdir.
Buna önəm də vermirəm. Peyğəmbərin (s.ə.s.) üstünə su da atıblar,
döyüblər də, yeri gələndə tüpürüblər də, amma o, Allahın rəsulu
kimi onun dediklərini yerinə yetirməyə başlayıb. Dini hansı formada
insanlara çatdırmaq lazımdırsa, öz işi ilə məşğul olub. Onlar belə
şeylərə səbr ediblərsə, qoy minlərlə adam desin ki, Qurban
"filankəsdir". Heç bir pis yolun yolçusu deyiləmsə, kiməsə pislik
etməməyə, düzgün və təmkinli, təmiz olmağa çalışıramsa, qoy kim nə
danışır danışsın. Kimin haqqında danışmırlar ki? O tip fikirləri
ortaya atanları zəif insan sayıram. Önəm vermirəm, yəqin ki, bu
məsələ ilə bağlı məndən indiyə kimi bu qədər geniş açıqlama
eşitməmişdiniz. Bundan sonra nə qədər istəsələr danışa bilərlər.
İndi elə dövrdə yaşayırıq ki, bilirlər Qurban hara gedir, hardan
gəlir. Hamı bilir ki, kim hansı yolun yolçusudur. Ən zəif insanlar
bilmədiyini danışan, böhtan atan insanlardır.
A.İlqarqızı: Bu, tip söhbətlər "Qarabağ"ın imicinə zərbə
vurmaq üçün atılan addım ola bilər?
- Bəlkə də düşünülmüş fikirlərdir. Əgər biz, rəhbərlik,
futbolçular, məşqçilər olaraq bir-birimizə inanırıqsa, media
nümayəndələri, dövlət məmurları bizi tanıyırsa, bizim narahat
olacaq bir işimiz yoxdur. 40 yaşımız var, bioqrafiyamızı 40 dəqiqə
içində danışa bilərik. Amma böyük ümidlərlə "Çempionlar Liqasının
qrupuna düşək", "çempion olaq" kimi xəyallar qururuq. Axırda
özümüzlə nə aparacağıq? Ən azından pis ideya və fikirlərdən,
kiminsə dalınca danışmaqdan uzaq olaq. Qalan şeylər inşallah
düzələr. Qurbanın içdiyi, siqaret çəkdiyi vaxt da olub, Qurban onda
yaxşı olub, indi o vərdişlərdən uzaqdır deyə, pis oğlan olub?
N.Muradova: Neçə yaşında ibadətə gəldiniz?
- Gözümü açandan anamı namaz qılan görmüşəm. O, vaxtlar namaz
qılmasam da, yaxşı əməllər etməyə çalışmışam. İbadətə Rusiaydan
Bakıya dönəndən sonra, 31 yaşında başladım.